adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

AĞ ATIN BELİNDƏ...

FAİQ QİSMƏTOĞLU
72893 | 2015-12-19 09:40
...Hamımız məəttəl qalmışdıq. Çünki hələ bu cür enerjili, həvəskar və eyni zamanda savadlı müəllim görməmişdik. Düzdü, ondan əvvəl də bizim savadlı müəllimlərimiz olmuşdu. Amma onların heç biri Nurəddin müəllim demək deyildi. Sanki Allah bizi çox istədiyindən və sevdiyindən belə bir müəllimi bizə göndərmişdi. Elə bil ağ atın belində çoxdan gözlədiyimiz müəllim gəlib çıxmışdı və düşünürdük ki, balam, belə getsə, bu müəllim bizim canımızı alacaq...
...İlk dərsi çox qəribə oldu. Mövzunu danışdı, sonra da təbaşiri əlinə götürüb lövhəyə yazdı: "Kimin sualı varsa, buyursun?!" Bizdən səs çıxmadı. Sanki qurbağa gölünə daş atmışdılar. Hətta sinifimizdə heç nədən qorxub çəkinməyən və dil-dil ötən Təvəkkülün oğlu Şiraslandan da səs çıxmadı. Amma bu o demək deyildi ki, Təvəkkülün oğlu Şiraslan hamımızdan savadlıydı. Əksinə, sinifimizdə ən zəif oxuyan o idi. Zəif oxuduğuna baxmayaraq, dəcəlliyi ilə ad qazanmışdı...
Nurəddin müəllim bir daha diqqətlə bizə baxdı. Sinifi nəzərdən keçirəndən sonra dilləndi:
- Yaxşı, fizikadan sualınız yoxdusa, başqa fəndən sual verin. Ürəyiniz hansı fəndən istəyirsə, sual verə bilərsiniz. Təki sual verin və mən də sizi cavablandırım!..
...Yenə sinifdən səs çıxmadı. Və biz hamımız bir-birimizin üzünə baxdıq. Çoxlarımızdan fizika və kimya fənlərini daha yaxşı bilən Gülbahar soruşdu:
- Nurəddin müəllim, siz ki, belə həvəslə dərsi izah edirsiniz, elə biz buna məəttəl qalmışıq. Bircə sualım var: əgər o biri dərsləri də bu cür bizə öyrətsəniz, inanın sinifimizdəkilərin hamısı fizikaya böyük həvəs göstərəcək?!
Nöbəti dərsdə isə tamamilə Nurəddin müəllim dəyişmişdi. Çünki öyrətdiklərini bizdən tələb edirdi. Üstəlik də bildirdi ki, bir həftədən sonra fizikadan açıq dərs olacaq. Ona görə də yaxşı hazırlaşın. Bir həftədən sonra açıq dərs oldu və məktəbin direktoru Əvəz müəllim də açıq dərsdə iştirak elədi. İndiyə qədər yaxşı yadımdadı. Gülbahar, Yusif, Gülyaz və bu sətirlərin müəllifi açıq dərsdə dinlənildi. Cavablarımız ilk növbədə Nurəddin müəllimi razı saldı. Laboratoriya şəraitində keçən açıq dərs həmişə bizdən narazı qalan məktəb direktoru Əvəz müəllimi də razı salmışdı. Zəng çalındı, Əvəz müəllim əlindəki bloknotla bizim sinifdən çıxdı. Sən demə, bloknotda Əvəz müəllim qeydlər edirmiş və bizim hər birimizə də dərsi yaxşı danışdığımıza görə "5" yazıbmış. Bunu sonradan bizə Nurəddin müəllim dedi.
8-ci sinifdə fizikanı bizə necə öyrətmişdisə, ondan sonra gələn müəllimlər bizə qibtə ilə yanaşırdı. Deyirdilər ki, halal olsun fizika müəlliminizə!
Nurəddin müəllimin istedadı, savadı və şagirdin psixologiyasını dərindən bilməsi kəndimizin bəzi müəllimlərini qıcıqlandırırdı. Daha doğrusu, digər fizika müəllimləri onun yanında kölgədə qalırdı. Çünki biz rayonda fizikadan keçirilən müsabiqələrdə yüksək yer tutur və müəllimimizi sevindirirdik.
O, bizim yadımızda ağ atın belində gələn oğlan kimi qaldı - hündürboy, şirin və son dərəcə sadə. O vaxt mənim qardaşım Gəncədə sonuncu kursda oxuyurdu. Onun iyini Nurəddin müəllimdən alırdım. Elə bilirdim qardaşım Qürbətdi.
Nurəddin müəllim Ədil əmigildə qalırdı. Çox vaxt da görürdüm ki, dərsdən sonra qoyun-quzunu qabağına qatıb futbol oynadığımız meydançaya gətirir və əlində də bir neçə kitab var idi. Amma burda bizimlə tamamilə başqa cür rəftar edirdi; tay-tuş kimi. Bəzən görürdün ki, kitabı qoyurdu kənara və başlayırdı bizimlə futbol oynamağa. Ancaq məktəbdə dəyişirdi. Görürdük ki, Nurəddin müəllimin sifətindən zəhər-zəhrimar tökülür. Cəsarət edib bir söz deyə bilmirdik. Elə qorxurduq ki, heç dədəmizdən o cür çəkinmirdik. Qorxduğumuza görə də sinifimizdə çoxları fizikadan "5" qiymət alırdı. Nurəddin müəllim də deyirdi ki, fizikanı bilməsəniz həyatda çox axsayacaqsınız. Sonradan dediklərinin həyatda şahidi olduq.
...Düz 30 ildən sonra onunla bir neçə gün bundan əvvəl "Azərbaycan" nəşriyyatının qarşısında görüşdük. Əvvəl məni tanımadı. Salam verəndən sonra başını qaldırdı və soruşdu:
- Faiq deyilsən?
- Faiqəm, - dedim.
- Sən mənim ən yaxşı şagirdim olmusan.
Mən də dedim ki, siz də bizim ən sevimli müəllimimiz kimi yaddaşımızda qalmısınız. Bir balaca dərdləşdik, hal-əhval tutduq. Soruşdum ki, Nurəddin müəllim, nə vaxtdandı niyə görsənmirsən? Çöhrəsinə təbəssüm qondu:
- Torpaqlarımız işğal olunandan sonra bir az özümə qapandım, insanlardan qaçdım. Amma sonra gördüm ki, yox, hər şey keçmişdə qalıb və hər şeyi də yada salmaqla ümidsizliyə qapılmaq olmaz. İndi yavaş-yavaş özümə gəlirəm. Elə burda da Nizamiylə işim var, onu gözləyirəm.
...Bir stəkan çay içməyə dəvət elədim. O isə buna razı olmadı və vaxtının azlığını bildirdi. Mobil telefonumun nömrəsini istədi, mən də bir ağ kağıza nömrəmi yazıb ona verdim. Amma aralananda özümü çox qınadım. Çünki nə onun mobil nömrəsini götürmüşdüm, nə də səhər-səhər onunla bir stəkan çay içə bilmişdim. Elə bil dünyanın bütün yükü çiynimdə idi. İndi də gözlərim onu axtarır. Qulağım səsdədir ki, bəlkə Nurəddin müəllim mənə zəng vurdu...

TƏQVİM / ARXİV