adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Dekabr 2015 18:12
95713
RUBRİKA
A- A+

Dünyanın qara üzü: "İntihar carçıları”

Ən ziyalı, cəhalətdən uzaq insanın da dilinə bezgin ruh halının nəticəsi olaraq bu qarğış gəlir: "Dünyanın üzü qara gəlsin!” El "dua”sı müstəcib olub, ya nədir, dünya normal və ya paranormal şəkildə həmişə qara üzünü göstərib. Əslində normal da demək olmaz – müharibələr, fəlakətlər, epidemiyalar və s. normallıq kateqoriyasına daxil deyil, sadəcə paranormalın antonimi olaraq işlədilən bu ifadə insani və təbii olduğu üçün normal sayılır. İstənilən halda anomallıqdan, yəni qeyri-təbii vəhşətdən yaxşıdır. Şərqin poetik ruhu, maraqlıdır ki, burda da özünü göstərir: dəhşət – normal, vəhşət isə paranormal hadisələrin əks etdirdiyi təsirdir. 

Cəhalət demişkən, bəşər ondan nə qədər uzaqlaşmağa çalışsa da, o, qısqanc sevgili kimi Adəm övladını öz ağuşundan buraxmaq istəmir, bataqlıq kimi özünə çəkir. Niyə? Çünki nə qədər ki, elmin izah edə bilmədiyi paranormal hadisələr mövcuddur, bir o qədər də cəhalət qol-qanad açacaq – izahı olmayan vəziyyətlər dillərdə gəzəcək, şişirdiləcək, qorxudacaq... Bəs niyə elm bunları izah edə bilmir? Kobud desək, elmin də girə bilmədiyi kollar var. Belə deyək, elmin açarı müəmma qıfılına düşə bilmir. Bəlkə də nə vaxtsa uyğun açar düzəldiləcək. Amma sirrini açmaq istəməyən müəmma hələ ki, öz əhatəsini genişləndirməkdədir.

Bu gündən etibarən Adalet.az saytında (həmçinin "Ədalət” qəzetində) sirli, vəhşətli "Dünyanın qara üzü” rubrikamız start götürür. Diqqət!!! Ürəyi və əsəbi zəif olanlar oxumasınlar!

İlk buraxılışımızda dünyanın müxtəlif, hətta bir-biri ilə sudan-qurudan, milli, dini əlaqəsi olmayan ölkələrdə bənzər anomal məkanlardan – insanların və heyvanların kütləvi intihar etdikləri ərazilərdən bəhs edəcəyik. Şərti olaraq ilk buraxılışımızı "İntihar carçıları” adlandıraq.

Rusiya, Çerepovtsa şəhəri. Ümumiyyətlə, anomal hadisələr üçün əlverişli olan bir çox ölkələr var ki, onların arasında Rusiya Şotlandiyadan sonra ikinci yerdə gəlir. Şimal qonşumuzun müxtəlif bölgələrində saysız-hesabsız anomal zonalar mövcuddur. Elə insanları da mistikaya meyillidirlər. Beləliklə, şəhərlə eyni adı daşıyan Çerepovtsa bataqlığı, hətta alimlərin tədqiqat üçün cürət etmədikləri ərazidir. Burda indiyədək saya gəlməz dərəcədə intiharlar baş verib. Amma sonradan belə məlum olub ki, bu intiharlar məcburidir, yəni ərazidən keçən insan özündən asılı olmadan intihar edir. Ordan təsadüfi sağ çıxanlar isə müəmmanı belə izah edirlər: bataqlığın qırağında sanki kimsə onları suya itələyir, oradan çıxmaq istəyəndə isə görənməz əllər dibə doğru dartmağa başlayır. Deyilənə görə, ta qədimdən bu ərazi qara kabusları ilə məşhurdur. Ətrafda nəinki insan, heç heyvan da gözə dəyməz. Yalnız yolunu azan səyyahlar, şəhərdə gəzən qəriblər bu müəmmanın toruna düşürlər.



Bataqlığın dərinliyi 5 metrdir. Bataqlığın yerləşdiyi ərazidə bir neçə kiçik göl də var. Hələ 1850-ci ildə bu şəhərdə dərs demiş müəllimin gündəlikləri günümüzdə tapılıb oxunarkən tükürpədici faktlar üzə çıxmışdı. Müəllim yazırdı: "O ruh yenə də ulayır. Bir dəfə səni gördümü, əl çəkməyəcək, hara getsən arxanca gələcək. İçini, beynini, gücünü, yaşamaq həvəsini sorub özünə çəkəcək. Artıq gecdir, o məni öz quluna çevirib...”

1905-ci ildə isə şəhərin başqa bir ziyalısı öz gündəliyində çıxış yolunu ancaq burdan uzaqlaşmaqda görürdü. Onun fikrincə, bu addımı yalnız iradəli şəxslər ata bilərdi. Çünki kabus uzun müddət öz şikarını təqib edir. Parapsixoloqlar müşahidə ediblər ki, burada yaşayan insanlar ya əyyaş olur, ya intihar edir, ya da ağlını itirirlər. Yəni şəhərdə normal psixologiyaya sahib insan yoxdur.

Rusiyanın tanınmış rəssamı olan və bu şəhərdə doğulmuş Vasili Vereşaqin gəncliyində şəhəri tərk edərək canını qurtarıb. Amma o da uşaqkən yaşadığı qorxunun təsirindən çıxa bilmir. Dediyinə görə, hətta ərazinin 1 km-dən keçən insanda aqressiv dəyişikliklər yaranır. Kimisə döymək, öldürmək istəyirsən. Getdikcə insanda zombilik yaranır ki, bu da sonda insanın ağlını, ya da canını alır.

Qeyd etdiyim kimi, "İntihar carçıları”ndan biri də sirrləri ilə çox düşüncələri qarışdıran Şotlandiyadadır. Paytaxt Qlazqonun yaxınlığında yerləşən Overtaun ərazisində bağ massivlərinə aparan bir körpü var. Ev heyvanlarının kütləvi intihar etdiyi körpü sayılır. Axı elmi məntiqə görə heyvanlar intihar etmir? Elə isə itlər niyə özlərini 15 metrlik körpüdən içi qayalıqlarla zəngin dağ çayına atırlar?! Üstəlik, sudan sağ çıxan itlər yenidən körpüyə qalxaraq bir daha çaya tullanırlar. Bəzi versiyalar var: belə ki itlərin insana olan sədaqəti, yardıma hər an hazır olmaları özlərinin məhvinə səbəb olur. Deyirlər ki, vaxtilə zalım ata bu körpüdən doğma oğlunu atıb. Hələ körpüdəykən yalvarıb, insanlardan kömək diləyən uşağın harayına yalnız qonşunun iti çatıb. Amma o da güclü kişinin öhdəsindən gələ bilməyib. Çaya düşən kimi qayalıqlara dəyib həlak olan uşağın ardınca it özünü suya atır və ölüm onu da haqlayır. İndi də ərazidən keçən insanlar uşaq səsinə bənzər inilti eşidirlər. Yalnız itlərin eşitmə və hissetmə qabiliyyəti güclü olduğundan, onlar daha aydın eşitdiklərin səsin sahibinə kömək etmək üçün özlərini çaya atırlar. Son 10 ildə bu körpüdən yüzlərlə itin "intihar” etdiyi bildirilir.  

ABŞ-ın Konnektikut ştatında Dadlitaun adlı kiçik bir şəhər var: haqqında qorxunc rəvayətlər dolaşır. Şəhəri üç nəhəng dağ əhatəyə alıb. Bu dağlar şəhərə yay-qış gün işığının düşməsinə imkan vermir. Üstəlik bu günəşsiz şəhərin ərazisinin böyük hissəsi sıx, keçilməz meşələrlə örtülüdür. Sakinlər bu şəhəri hələz yüz il bundan qabaq tərk ediblər. Səbəb isə insanların heç nədən ölümləri, qeyb olmalarıdır. Şəhərin adının "Deadly town” (Ölü şəhər – Ş.Ş) birləşməsindən əmələ gəldiyi bildirilsə də başqa bir fərziyyə də mövcuddur. 1993-cü ildə aparılmış jurnalist araşdırmasından belə məlum olmuşdu ki, İngiltərə kralı VIII Henrini devirmək istəmiş hersoq Edmund Dadli ölüm cəzasına məhkum edilərək bura sürgün olunub. Burda edam olunan hersoqun ölümü kralın hiddətini soyuda bilməyib və ən güclü cadugərləri toplayaraq Dadli sülaləsini, eləcə də edamın icra olunduğu ərazini lənətləyiblər. Həqiqətən də şəhərə sürgün olunan Dadli sülaləsi müxtəlif səbəblərdən öldürülüb, eləcə də özləri qatil olublar. Lənətlənmiş nəslin nümayəndələri öldükdən sonra, növbə şəhərin digər sakinlərinə keçib. Və XX əsrin əvvəllərinə qədər burda ən dəhşətli ölümlər xronoloji ardıcıllıqla sıralanıb.

Bundan başqa, şəhərin müəmması ilə maraqlanan tədqiqatçılar da vahimədən öz payını alıblar. Ən maraqlısı isə ərazinin girişindən başqa, içəri hissələrində kamera və fotoaparatların işləməməsidir. Deyilənlərə görə, şəhər darvazasından girən kimi sanki kimsə boğazlarına əl atır və boğulma başlayır. Tədqiqatçılar elə darvazadan geri qayıdıblar. Yalnız bir jurnalist şəhərə girib. Onun sonralar dediyinə görə, şəhərin içərisinə doğru addımlarkən ayaqlarında ağırlaşma baş verib, qulaqlarında küy yaranıb. Üstəlik, qəfil ərazini duman alıb və ətrafı görünməz edib. Dumanın arasından getdikcə artan pıçıltı səsləri gəlib. Qorxusuna yenilən jurnalist gəldiyi yolla da geri qaçmalı olub və o, gerilədikcə duman çəkilməyə başlayıb.



Bu kimi anomal zonaları araşdıran demonoloqlar qismən də olsa hadisələrin elmi izahını verə biliblər. Onların sözlərinə görə, insanlara ilk təsir edən ərazinin qorxunc görünüşüdür. Üstəlik, rütubətli yerlərdə ağırlıq çox olur ki, insanın fiziki fəaliyyətinə təsir edir. Aşağı və yuxarı ətraflarda ağırlaşmalar olur. Qulaqda küy artır, görmə qabiliyyəti dumanlanır. Bu da öz növbəsində insanda narahatlıq, ürək döyüntüsü yaradır. Sağlam insan özündəki qəfil dəyişikliyi qeyri-adi qüvvələrin təsiri ilə əlaqələndirir. Belə ərazilər geopatoloji olduğu üçün geomaqnit dalğalar insanın əqli fəaliyyətinə, psixikası mənfi təsir edir. Şəxsdə aqressiv dəyişikliklər gözə çarpır.

Göründüyü kimi, elm bəzi məqamlarda sussa da, ümumilikdə aciz deyil. Ən azından bu gün də olmasa, nə vaxtsa bu müəmmaların tam izahı veriləcək. Sadəcə səbr...

(Ardı var)


Şəfiqə ŞƏFA