adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Yanvar 2016 16:44
91742
RUBRİKA
A- A+

Dünyanın qara üzü: "Qorxunc meşələr”

Yaşadığımız dünyanın vazkeçilməz şirinliyi onun ağrı-acısını həmişə üstələməyi bacarıb. Amma dünyanın qara üzünün mövcudiyyəti də hər fürsətdə özünü xatırlada bilir. Rubrikamızda dünyanın qaranlıq tərəfini mücərrəd anlamda diqqətinizə çatdırmaq məqsədi güdürük, zatən birbaşa olaraq çətinlik və fəlakətlərini göstərməyə ehtiyac yoxdur, vaxtaşırı "qonağımız” olur.

"Dünyanın qara üzü” rubrikasında bu dəfə günəşin önünü çətirləyən qorxunc meşələrdən bəhs edəcəyik. Ümumiyyətlə, meşə həmişə insanları hürküdüb. Atalarımızın belə bir misalı var: "Qurddan qorxan meşəyə girməz”, amma qurdu eyninə almayan ən cəsarətli adam da meşəyə girəndə qeyri-ixtiyari ürpənir. Təkcə yırtıcılarla üz-üzə gəlmək təhlükəsi deyil, əsas oylaqlarından biri meşələr olan olan paranormal varlıqlar da insanı öz kölgəsindən belə ehtiyatlanmağa vadar edir. Müxtəlif çeşidli heyvanları, giləmeyvələri, odunluq, avadanlıq ağacları, müalicəvi otları, göbələkləri ilə daim insan oğlunu özünə çəkən "hiyləğər” meşələr öz qaranlıqlarında hələ də çözülə bilməyən müəmmaları gizlədir.

Konkret olaraq, qorxuncluqda və zərərvericilikdə ad çıxarmış meşələr var ki, onların təkcə şəkilləri vahimə yaradır. Biz o əraziləri sadalayaq ki, təsadüfən yolu düşənlər ehtiyatlı olsunlar, mümkün qədər yan keçsinlər. Yox, əgər adrenalin istəyənlər varsa, o ayrı məsələ...  

Ən qorxulu və qəribə meşələrdən biri, hətta öndəgələni Rusiyada yerləşən "Sərxoş meşələr” və ya namı digər "Rəqs edən meşələr”dir. Zarafatyana desək, ruslar meşələrini də sərxoşluqda özlərinə oxşadıblar. Necə deyərlər, "Mal yiyəsinə çəkməsə, haramdı”. Adında elə haram daşıyan bu anomal meşə Ryazan vilayətinin Şilovski rayonunun Dubrovka kəndində yerləşir. Meşəylə bağlı elmi, parapsixiloji bir çox təxminlər irəli sürülsə də, konkret səbəblər məlum deyil. Burdakı ağaclar qeyri-təbii şəkildə yana əyilmiş formadadır, həqiqətən də sərxoş adamın rəqsini xatırladır. Üstəlik, hamısı da bir istiqamətə əyilib, eyni ölçüdədir, sanki epilektik rəssamın fırçasından çıxıb. Meşəyə girən insanda dərhal kəskin başağrı, ürəkbulanması, halsızlıq və ən təhlükəlisi – hallusinasiyalar yaranır. Psixi durumundan asılı olmayaraq, hər kəs eyni vəziyyətə düçar olur. Meşədə dəfələrlə mütəxəssislər tərəfindən araşdırma aparılıb, amma insanda yaranan bu narahatlığın nədən qaynaqlandığı məlum olmayıb.  



Bundan başqa, təkcə meşənin içində deyil, kəndin özündə də xogəlməzliklər hökm sürür. Burda demək olar ki, hər evdə müəyyən faciə yaşanır. Bəsirət gözü açıq olan dördayaqlılar mənsub olduqları heyvan cinsindən dönüb "quzu”ya çevriliblər. Kənddə ev heyvanlarının cınqırı belə çıxmır, xüsusən də gecələr bütün heyvanların qəribə, ürkək görüntüsü yaranır, sahiblərinin ətəyindən əl çəkmirlər. Mütəxəssislər deyirlər ki, bu ərazi kənar təsirlər tərəfindən yüksək enerji axınına məruz qalır.  

Naməlum qüvvə tərəfindən deformasiyaya uğramış bu meşələrə az da olsa, Rusiyanın Kalininqrad, Volqoqrad vilayətlərində, eləcə də Polşada rast gəlmək olar.  

Yaponiyada yerləşən Aokiqahara meşəsi də öz anomallığına görə seçilir. "Ağacdan dəniz” adı veilən bu meşə məşhur Fudziama dağının ətəyindədir. Meşədə kompas avtomatik olaraq sıradan çıxır. Ora girən insanda qəribə dəyişikliklər, xüsusilə də ruh düşkünlüyü yaranır, meşədən qayıtdıqdan sonra isə bir neçə həftə lal-dinməz, laqeyd gəzən insanın aqibəti intiharla nəticələnir. 1950-ci ildən bu yana 500-dən artıq insan bu duruma düşərək canına qəsd edib. Ölüm xofundanmı, ya nəyə görəsə, ora elmi araşdırmalar üçün də mütəxəssislər getmək istəmirlər. Odur ki, sirlərin qoynunda uyuyan bu meşə külək oldu-olmadı dalğalanaraq dənizə meydan oxuyur.

Almaniyanın Şimali Reyn Vestvaliya ərazisindəki Tevtoburq meşəsində qədim Eksternştayn məbədi yerləşir. Məbəd 5 nəhəng sütunlar üzərində qurulub, hər birinin hündürlüyü 30 metrdir. Rəvayətə görə, bu məbəd iblisin özü tərəfindən bir gecədə tikilib... Belə deyirlər ki, məbəddə bir pilləkən var ki, onun sonu yoxdur, yəni harda bitdiyi məlum deyil. O qədər qədim tikilidir ki, onun tarixini dəqiqləşdirmək mümkün olmur. Bəziləri hələ daş dövründə salındığını, bəziləri isə e.ə XII əsrdə tikildiyini bildirir.  

İngiltərənin "Qışqıran meşə”si  Kent qraflığının Plakli kəndində yerləşir. Meşənin belə adlandırılmağının səbəbi gecələr naməlum səslərin, qışqırtıların eşidilməsidir. Bu səslər bəzən insani, bəzən isə qeyri-insani tonlarda olduğundan eşidənləri vahiməyə salır. Deyilənə görə, meşənin nəinki iç hissələrində, hətta kəndə tərəf olan cığırında da əsgər kabusu görünür. Onun bir neçə formada – polkovniki, qaraçını və rahibəni dar ağacına çəkən yerdə gözə göründüyü bildirilir.   



ABŞ da paranormal zonaların sayına görə dünyanın öndə gedən ölkələrindəndir. Hər şeydə olduğu kimi bu məsələdə də Rusiyadan geri qalmaq istəmir. Virciniya Ştatında "Köhnə ev”in yerləşdiyi meşə tükürpədən görüntüləri ilə ad çıxardıb. Burada XVIII əsrə aid yanmış malikanə var. Orada dəniz quldurlarının xəzinəsinin olduğu deyilir. Amma kim nəfsinə yenilib bu malikanəyə gedibsə, geri qayıtmayıb, izsiz yoxa çıxıb. Meşədə tez-tez həmin dövrün geyimində olan əsgər, dəniz quldurları, başı kəsilmiş it, hindular və başqa fenomenlərin kabusu dolaşır.   

Fritaun meşəsi də dəhşət saçan kateqoriyadandır. Bura həm də yadplanetlilərin məkanı sayılır. Ətrafda yaşayan sakinlər tez-tez sayrışan qəribə işıqlar görür, səslər eşidirlər. Gündüzlər isə kütləvi şəkildə ölmüş heyvanlara rast gəlinir. Vaxtilə bu ərazidə hindular yaşayırmış, onların qəbirləri hələ də ərazidədir. Bu hindular gəlmə amerikalıların qəddarlığından çox zülüm çəkdikləri üçün vaxtaşırı rituallar keçirirlərmiş. Bu gün də onların ruhlarının ərazidə görünməsinin şahidləri var.

Göründüyü kimi, müəmmanın dolaşdığı və ya dolaşmadığı yer yoxdur. Əslində bəlkə də əhəmiyyət verməyib inanmamaqla özümüzü qorumuş oluruq. Amma hər ehtimala qarşı, belə xəlvəti yerlərdən uzaq olmaq daha məsləhətlidir.

(Ardı var)

 

Şəfiqə ŞƏFA