adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Yanvar 2016 22:02
104671
RUBRİKA
A- A+

“Özümdən başqa kəşfiyyatçı tanımıram”

O da Qarabağ uğrunda döyüşüb. "Döyüş tarixi” yazmış qazilərdəndir. Uşaqlığını, yeniyetməliyini və gənclik illərini ruslara və ermənilərə qarşı savaşa qurban verən bir insan əyləşib qarşımda. Onun adı Mahir Rzayevdir.

Mahir Rzayevin söhbətimiz zamanı səmimi fikirlərə yer verdiyi diqqətdən yayınmırdı. Veteranla görüş yerinin də Şəhidlər Xiyabanında olması onun təklifi ilə olmuşdu. Onunla görüş yerinin niyə məhz Şəhidlərin məzarlığı olduğunu soruşanda sadəcə şəhidləri ziyarət etmək üçün gəldiyini söylədi. Söhbətlərində qeyd etdiyi şəhid yoldaşları burada uyuyurdu: "Mən bura tez-tez gəlirəm, çünki mənimlə çiyin-çiyinə vuruşan silahdaşlarım müharibə vaxtı nə qədər yaxın idilərsə, düşünürəm ki, bu indi də belədir. Onlar mənim yanımda ola bilmirlər, amma mənim buna imkanım çatır”.

Mahir Rzayev 1992-96-cı illərdə Ağdərə və Tərtər istiqamətlərində mübarizə yolu keçmiş veterandır. O, qanlı döyüşlərdə iştirak etdiyinə görə peşman olmadığını dedi: "Bilirsən dost, mən indinin özündə belə Qarabağ xatirələrimdə yer alan zəhmətlərimdən dolayı peşman deyiləm. Amma şikayətçiyəm. Çünki veteranların bəzilərini dövlət yardımından başqa düşünən yoxdur. Bir gün döyüş başlasa, o zaman bizim qiymətimizi biləcəklər. Çox irəli atıldığım vaxtlar olub, məni tanıyan silahdaşlarımın çoxu indi məzardadır, sağ qalanlardan soruşa bilərsiniz. Nahaq yerə mənə "Jiqan” demirdilər. Bu adı ona görə almışam ki, döyüşlərdə gözlənilmədən atdığım addımlar mənə bu ləqəbi verdi. Belə desək, iynə dəliyindən keçirdim. Ancaq bir şeyi hər addımda unutmamağa çalışırdım. Əsgər hücum həvəskarı ola bilər, irəli atılmaq onun şəxsi xarakterindən asılıdır. Amma əsgər heç vaxt irəli atılarkən özünümüdafiəni unutmamalıdır. Bax mənim əsas qalxanım bu idi”.

Mahir Rzayev deyir ki, ermənilərə nifrət hələ uşaq yaşlarında formalaşıb. Uşaq ikən atasının ona söylədiyi fikirlərdən qərb qonşumuzun mənfur niyyətlərindən xəbərdar olub: "O zamanlar mənfurlarla qapı bir qonşu idik. Onlara o qədər nifrət edirdim ki, dəfələrlə evlərinin pəncərələrini daşla vurub sındırmışam. Təbii ki, evimizə gələn şikayətlər sonda döyülməyimə səbəb olurdu. Atam məni döyəndə bilmirdi ki, mənə qalxan əllərin səbəbkarı olan ermənilər məndə getdikcə daha dərin ikrah və nifrət hiss yaradırdı. Sevinirəm ki, 4 ildən artıq döyüş müddətimdə torpaq oğrularına çətin anlar yaşada bildim. İlk dəfə 1992-ci ilin avqust ayında Ağdərədə yerləşən "N” saylı hərbi hissədə xidmətimə başlamışam. Orada kəşfiyyat bölüyünə seçildim. Bölüyə "Rembo” ləqəbi ilə tanınan Elxan Əlibəyli komandanlıq edirdi”.

Həmsöhbətim deyir ki, müharibə xatirələrini oyatmaq çətindir: "Bəlkə də bir çox qazilər döyüş tarixini yada salmağı xoşlayır, amma mənim üçün bu, bir qədər çətindir. Çox danışan adam deyiləm, sizin müraciət etdiyiniz mövzu haqqında da açığı geniş danışa bilməyəcəm. Onu deyim ki, döyüşçü üçün ideal sayılan ən vacib və emosional hadisələri yaşamışam. 7 nəfərlik kəşfiyyat qrupuna başçılıq edirdim. Bu qrupla 3 erməni kəndi almışıq. Qrupdan şəhidlər də vermişəm. Düşmən vurmuşam. Özümü tərifləmək düzgün alınmazdı, amma mənə elə gəlir ki, hər bir müharibə iştirakçısının bunu etməyə haqqı var. Çünki əsl döyüşçü düşmənə ağrı yaşadıbsa, deməli, ondan ağrılar da görüb. Ağdərə istiqamətində gecə yarı döyüşlərin birində mənə tərəf atılan qumbaranın yanımda partlaması nəticəsində kantuziya almışam. Həmin vaxtı əsgər yoldaşlarımdan biri Qaçayev Həsrət düşmən snayperinin qurbanı oldu. O zaman mən və yoldaşlarım Həsrətdən bir qədər kənarda pusquda dayanmışdıq. Əsgər yoldaşlarımdan digəri Bakının Yasamal rayonundan olan Əliyev Nəsimi qəfil irəli atılaraq ölmüş yoldaşının yanına qaçdı, bu zaman gözümün qarşısında daha bir şəhid verdik. Artıq qurbanlara yaxınlaşmağın mümkünsüzlüyünü dərk etmişdim o an. Qrup rəhbəri olaraq digər silahdaşlarımın da ağacın yanına getməsinə imkan verə bilməzdim. 3-cü itkini görmək artıq ölümə bərabər idi mənim üçün.

Yasamaldan olan Əliyev Nəsimi yaxşı meyxana deyən idi.

Hətta ölümündən bir gün qabaq əsgər yoldaşlarımızla süfrə başında olarkən belə bir meyxana demişdi:

Dəyibdi güllə mənə, axıb yerə qanım ana,

Qaçmağa qoymayıbdır qeyrətim, vicdanım ana.

Bax, komandir əmr eyləsə, bu yoldan dönməliyəm,

Bir çıraq olsam əgər, bir gün mütləq sönməliyəm.

Bəzən müharibədə yaşadığın duyğular psixoloji amil olub daxilində düşmənə hədsiz nifrət gizlədir. Bu anda intiqam almaq üçün ağlasığmayan hər cür addımı ata bilərsən. Bu zaman isə düşünmək və taktiki gedişlər etmək yaddan çıxır. Mən bunları yaşadım və düşündüm, bu o demək deyil ki, yoldaşlarım ağılsızlıq üzündən həyatdan köçüblər. Müharibədə düşmənə qarşı atılan hər bir addım qəhrəmanlıqdır və həmin anda şəhid olmaq da var, olmamaq da. Müharibədə heç nəyi düşünmürsən”.

- "Müharibədə heç nəyi düşünmürsən” – Bu sözləri bir çox qazilər söyləyib.

-Yalan danışmayan qazinin çox üstünlükləri var. Döyüşçü bəzi nüanslara toxunmaya bilər, yetər ki, doğru hadisələri danışsın. Mən bunun tərəfdarıyam. Nə yaşamışamsa və nələr düşünürəmsə, o cümlədən vətənə qarşı nələr hiss edirəmsə, bu özünü büruzə verir. Tanıdığım bəzi döyüşçülərin mətbuatda səsləndirdiyi fikirlər bəzən məni təəccübləndirir. Axı qəhrəmanlığı olduğundan artıq şişirdərək ifadə etməyin kimə nə xeyri var?!

Mahir Rzayevin söylədiyi fikirlərin əslində nələrə işarə olduğu aydın olurdu...


"Bu dəqiqə çağırış etsəm, yüzdən çox gənc mənim yanımda olar”

Qarabağ döyüşçüsü həmçinin Bakıda yeniyetmə və gənclərin hərbi hazırlıqları ilə də məşğul olur. Bu onun şəxsi təşəbbüsüdür. Həmin gənclərin kim olduğunu soruşanda isə cavab verdi ki, onlar gələcəyin əsgərləridir.

Aylıq veteran pulu hesabına bu təlimləri həyata keçirdiyini söyləyən 41 yaşlı döyüşçü bu işlə çoxdandır məşğul olduğunu söyləyib. Onun təmənnasız fəaliyyəti əslində insanda bəlkə də birmənalı qarşılanmayan bir təəssürat yarada bilər. Çünki Sumqayıtda yaşayan qazi 3 övlad atasıdır və çətin yaşayış şəraiti sürür. Veteranın bir neçə gün əvvəl sosial mediada dərc olunan mənzilinin isə insanı ürəkağrıdan bir mənzərə ilə qarşı-qarşıya qoyduğunu sezmək olardı. Belə bir şəraitdə dəfələrlə ön cəbhədə yerləşən hərbi hissələrə başa çəkib. Əsgərlərlə görüşüb və onların vətənpərvərlik hissini daha da yüksəltmək və onların heç də unudulmadığını xatırlatmaq naminə bu addımları atdığını söylədi veteran.

Döyüş tarixindən danışarkən qazi çətinliklərin təkcə savaş anındakı təhlükələrlə məhdudlaşdırmırdı. Onun sözlərinə görə, ilin bütün fəsillər əziyyətlərə qatlanan əsgərlər hətta dəfələrlə soyuq qış aylarındakı şaxtanın gətirdiyi ölüm təhlükəsi ilə üzləşiblər:

"Bunu ön cəbhədə xidmət edən gənc əsgərlərlə görüşlərimizdə də söyləmişəm. O dövrlərdə döyüşənlər yaxşı bilir ki, əsgərin çəkdiyi ən ağır əzab 20-25 il öncələrdə qalıb. Bizim soyuq qış dönəmində qarda sürünərkən islaq paltar və onun bədənimizə verdiyi soyuğun dəhşətli ağrılarında qurtulmaq üçün yerdə ilan rəqsi edirdik. Elə bir vəziyyətdə idik ki, düşmənin bizi nişan alan snayperləri və digər silahlıları bir neçə santimetrə möhtac qalıb yerdən qalxmağımızı gözləyirdilər...”

4 il ailədən, doğmalarından uzaqda onları müdafiə etmək, düşmənlə burun-buruna, daha əvvəl tanımadığın həmvətənlərinlə çiyin-çiyinə savaşmaq onu qədərinə yazılmışdı. Hərçənd ordu sıralarına qoşulan gənc üçün bu qədər müddət və bu cür şərait yetərindən artıq idi. Veteran isə cavabında bunu söylədi: "Vətən sağ olsun!”





Rüfət Soltan