adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Yanvar 2016 15:20
93707
RUBRİKA
A- A+

Dünyanın qara üzü: "Keçmişdən görüntülər”

Dünyanın qara üzünə gedən yol əslində rəngarənglikdən keçir – həqiqi və məcazi mənada: gün ərzində gözün gördüyü rənglər axşama bozarıb, gecəyə qaraldığı kimi, həyatın rəngli tərəfi də insanı ovsunlayıb zülmətin ağuşuna ata bilər. İnsanı yanıldan da ən çox güvəndiyi gözləridir ki, bütün rəng çalarlarından keçib sonunda qaranlıq dünyaya əbədi yumulur. Kərbəlayi demiş: "Qaradan artıq boyaq olmaz” ("Axırıncı aşırım”). Amma bu gün "Dünyanın qara üzü”ndə gözləri aldadan rənglərdən bəhs edəcəyik, daha doğrusu, o rənglərin birləşib insan gözü önündə xariqələr yaratmasından...

İlğım – öncə elmi izahından danışaq ki, bizi mövhumatda qınamasınlar: atmosferdə işıq şüalarının qırılmasından doğan və əsasən də səhralarda, boz yollarda, meşə və çöllüklərdə asanlıqla görünən optik yanılma. Uzaqdakı bir cismə baxarkən sanki bir su səthindən əks olunurmuş kimi, cisimlə birlikdə görünür. Hallüsinasıyanın əksinə olaraq, ilğım təbiət hadisəsidir. Foto və ya videokamera ilə çəkilə bilir.

Gördüyünüz kimi elmi izahı var, amma elmin izah edə bilmədiyi bir məsələ xüsusilə qabardılmalıdır: niyə ilğımlar göründüyü yerlərdə mümkün olmayanı əks etdirir?! Məsələn, qupquru səhrada yaşıl vadi... Bir çox ilğımlarda isə ağılalmaz görüntüdə qədim dövrlərdən olan hadisələr canlanır – döyüş səhnəsi, qoşunlar, qədim şərq bazarı, gəmilər və s. Optik yanılma bəlkə heç yanılmır?.. Həqiqətən də quru səhra nə vaxtsa yaşıl vadi olub, ya itmiş gəminin, məğlub ordunun, yerın altına gömülmüş tarixi bazarın atmosferə hopmuş xatirələridir, bu günün insanının gözü önündə canlanır?! Yeri gəlmişkən, bəzi mütəxəssislər bunu özünəməxsus izah edirlər "II Dünya”nın "I Dünya”ya görünməsi prosesi adlandırırlar. Başqa sözlə, ilğımın yaranma prosesindəki quru, isti havada buxarlanan damlalar güzgü kimi bizim gözlərimizin adi hallarda görmədiyi dünyaları əks etdirirlər. Bildirirlər ki, bizdən başqa kainatların, müxtəlif zaman dönəmində mövcud olduğu və yaşamını davam etdirdiyi artıq çoxdandır məlumdur (elm bunu qəbul etmir, amma izah da edə bilmir). Güman ki, həmin aləmlər vaxtaşırı özünü xatırladır. Bu arada müqəddəs "Qurani-Kərim”də bəhs olunan 18 min kainatı da hafizəmizin bir kənarında tutaq və bəzi skeptiklər kimi bu aləmləri kəşf olunmuş, səmada Günəşin başına hərlənən planetlərlə qarışdırmayaq. Çünki elm də dalana dirənəndə fəzadan başqa, Yerin təkində də digər dünyaların mövcud olduğunu etiraf etməli olur.  

Orta əsrlər Avropasında ilğımı Fata Morqana adlandırırdılar (italyancadan tərcümədə - sehrli pəri Morqana). Əfsanəyə görə, dəniz dibində yaşayan pəri Morqana səyyahları yanlış görüntülərlə aldadır. Qədim Misirdə, Orta əsr Ərəbistanında da ilğımı şeytan təsvirləri hesab edir, əvvəllər yaşanmışların canlaması kimi qəbul edirdilər. Maraqlıdır ki, ilğım daha çox səyyahların gözünə görünür, başqa sözlə yerli sakinləri çox da aldada bilməyən bu təbiət hadisəsinin gücü yorğun səyyahlara çatır. Öz gözünə inanmayanların gördüklərini sadalayaq:    


 


2011-ci il mayın 9-da Çinin Xaynan əyalətində görünən qəribə ilğım hər kəsi panikaya salmışdı. Təxminən bir saat ərzində dənizin üstündə naməlum şəhər ucaldı. Hətta gəmiləri ilğıma yaxın üzdürüb daha aydın fotoşəkillərini də çəkmişdilər. Özünü kameraların yaddaşına köçürdükdən sonra isə ilğım yavaş-yavaş səmada ərimişdi. Ondan bir il öncə də həmin əyalətdə - səmada hündürmərtəbəli, amma qədimi bina görünmüşdü.

Müəmmalı ilğımların daha çox rastlandığı yerlərdən biri Krit adasıdır. Burda tez-tez döyüş səhnələrinin canlandığı ilğımlar görünür. Səhnələr daha çox Franka-Kastello qəsri yaxınlığında "göz oxşayır”. Tarix bunu təsdiqləyir, məhz həmin qəsrin torpaqlarında türk və yunan ordusu arasında iki qanlı döyüş baş verib. İlğımı görənlər isə qulaqlarını yerə dirəyəndə əsgərlərin bağırtısını və silahların səsini də qismən eşidə bilirlər. O da maraqlıdır ki, havada asılı şəkildə görünən bu ilğım sürünərək qəsrin divarlarına çatanda yox olur.  



Döyüş səhnələri Rusiya ərazisində də dəfələrlə görüntülənib: Yaroslavl vilayətindəki Pleşeyeva gölü üzərində yaralı əsgərlərin qıvrılması, hətta iniltisi eşidilir. Bundan başqa, meşə boyu qaçan, hücum edən əsgərlər də görənləri mat qoyur. Burda da tarix susmur, məhz həmin ərazidə orta əsrlərdən ta II Dünya Müharibəsinə qədər bir çox döyüşlər baş verib. Üstəlik, döyüşlərdə ölənlərin çoxu gölə tökülüb...  

Rusiyanın Baykal gölü də "tamaşa” həvəskarıdır. Yerli balıqçılar tez-tez gölün üzərində köhnə paravoz, qədim şəhər görürlər. Bu görüntüləri geoloq alim Lakmakin də təsdiqləyir. Özünün dediyinə görə, araşdırma üçün getdiyi gölün qırağında yaşayarkən bir gecə qatar fitinin səsinə oyanır. Eyvandan baxanda gölün üzərində şütüyən qatarı və ay işığında pəncərələrdən boylanan insanları görür.

Alyaskada isə ilğımlar gəlir mənbəyinə çevrilib. Çünki burdakı görüntülər səmada düz 4 saat qalır və onu görmək üçün dünyanın bir çox yerlərindən turistlər axışır. 2004-cü ildə isə elə tusitlərin və yerli sakinlərin gözü önündə aeroşou zamanı qəribə ilğım insanları çaşdırmışdı. Şounun ortasında iki təyyarə toqquşmuş və qığılcımları, hissələri yerə tökülmüşdü. İnsanlar və xilasedicilər qəza yerinə axışanda orda heç nə görməmişdilər. Elə səmaya qalxmış bütün təyyarələrin də sayında azalma yox idi, hər kəs sağ-salamat idi.

Amma qorxmaz turistləri hürkütmədən diqqətə çatdıraq ki, bəzən ilğımın görüntüsündəz zövq almaqla yanaşı, onun içinə də düşmək olar. Londonun Otterburn şossesi ilə müsahibəyə yollanan jurnalis Doroti Stronq danışır ki, yolun ortasında mindiyi taksi qəfil dayandı, motor söndü. Sürücü nə qədər əlləşsə də maşını hərəkətə gətirə bilmədi. Qəfildən, bır neçə əsgər heçlikdən peyda olaraq maşına hücum elədilər, amma maşının dəmirinə dəyən kimi parçalanıb havada əridilər.

1999-cü ilin 14 mayında Rusiya metrosunda baş vermiş qəribə hadisə onlarla sərnişinin təsdiqlənməsindən sonra hətta şəhər milisinin qeydlərinə də keçib. "İzmayılovskiy park” stansiyasından "Pervomaysskiy” stansiyasına gedən tunneldə tükürpədən ilğımın iştirakçıları sərnişinlər özləri olublar. "İzmayılovskiy park” stansiyasının üstündə adını daşıdığı park sıx meşəliyi ilə fərqlənir. Məhz o meşənin altı ilə keçəndə birdən qatarın işıqları sönüb, qatar dayanıb. Sərnişinlər qorxmağa macal tapmamış pəncərələrdən günəş şüalarının işıqlandırdığı meşə aydın görünüb, amma uzaqda şinnelli əsgərlər də gəzişirmiş, həm də havada barıt qoxusu varmış. Bir neçə dəqiqə sonra görüntü itib, qatar heç nə olmamış kimi yoluna davam edib.  

İlğımlarla bağlı siyahını daha da uzatmaq olar, çünki bu günə qədər saysız-hesabsız bu cür sirli təbiət hadisələri baş verərək, keçmişi insanların gözünün önünə sərib. Amma sadalanan faktlar kifayətdir ki, kitablara həbs etdiyimiz tarixin əslində sətirlərdə deyil, elə dünyamızla paralel sıralandığını anlayaq. Müqəddəs kitabımızda bəhs olunan aləmlərin müəmmasını dərk etmək üçün hələ kamil şüur yetişməyib, amma adi məntiqlə belə bütün bu möcüzələrin həmin aləmlərin Rəbbindən bir işarə olduğunu anlamaq mümkündür.   


Şəfiqə ŞƏFA