adalet.az header logo
  • Bakı 20°C
04 Fevral 2016 17:06
96248
RUBRİKA
A- A+

Dünyanın qara üzü: "Yeraltı sivilizasiya”

"Örtsə də Günəşi qara buludlar, yenə günəş adlı bir şöhrəti var” deyən şair bununla çox mətləblərə işarə etsə də, biz özümüzə, daha doğrusu mövzumuza uyğun olan tərəfinə baxaq: yaşadığımız dünyanın ən əsas üstünlüyü, bizə nəsib olan Ali İşıqdır. Qara buludlara, zülmət gecələrə, bir sözlə dünyanın qara üzünə baxmadan Günəşin şəfəqlərində xumarlana bilirik. Çünki bu işıqdan əbədi məhrum olan dünya da varmış...

Bu dəfə "Dünyanın qara üzü” rubrikasında yeraltı dünyadan – ayağımızın altındakı sivilizasiyadan bəhs edəcəyik. Bu günə qədər alimləri çaşdıran, fikirlərini ikiyə bölən yerdənaşağı həyat anlayışı dəfələrlə gündəmə gətirilib, ən azından açıq-gizli qeydlərdə, kitabxanalarda özünə yer edib – yəni mövcudluğu danılmayıb. Üstəlik, bu müəmma paranormala meyilli ekstrasenslər tərəfindən deyil, alimlər: antropoloqlar, geoloqlar tərəfindən dəfələrlə təsdiqlənib. Bir az da fantast yazarların ocağa yağ tökməsini nəzərə alsaq, ortaya qandonduran, müəmmalı təsvirlər çıxacaq.

Zaman-zaman geoloqlar, hətta şaxtalarda işləyən sıravi mədənçilər yerın altından qəribə səslər, işıqlar gəldiyini duyub, görüblər. Müxtəlif dövrlərdə rastlanılan bu müəmmalı görüntülər alimlərin və fantast yazarların da diqqətini çəkib: birgə və ya ayrı-ayrılıqda araşdırılma aparılsa da konkret nəticələr əldə olunmayıb. "Bətn”indəki aləmini kənar gözlərdən qoruyan Yer ana da əslində buna tamamən müvəffəq olmayıb, ya dəcəl övladları dinc durmayıb işıqlı dünyaya can atıblar, ya da işıqdan zülmətə qaçan macəraçılar həmin aləmdən nələrisə üzə çıxara biliblər.

Dünyada rəsmi olaraq yeraltı varlıqlar haqqında məlumatı yazıçı, araşdırmaçı, jurnalist Riçard Şeyver ötən əsrin 40-cı illərində bəşəriyyətə ötürüb. Yerdənkənar sivilizasiyaları araşdıran jurnalist bir neçə həftə yerin altında yaşayıb. "Şeyverin hekayəti” yarıtəxəyyül, yarıgerçək hesab olunsa da 1946-cı ildə ABŞ-ın "Qəribə əhvalatlar” jurnalında çap olunduqdan sonra redaksiyaya 50 min məktub gəlib. Bu məktublarda minlərlə oxucu yeraltı səyahətlər zamanı rastlaşdığı qorxunc macəralardan yazırdı. Çoxu şaxtaçı olan bu oxucular iddia edirdilər ki, Şeyver haqlıdır, yerin altında bizdən də yüksək inkişaf etmiş sivilizasiya mövcuddur, onlar yarıheyvan-yarıinsan formasında, şüurlu, bacarıqlı məxluqlardır və günün birində yerin üstünü də zəbt etməyi planlaşdırırlar.

Eynilə buna bənzər fikirləri tanınmış amerikalı fantast yazıçı Edvard Bulver Litton da irəli sürüb, həm də 1871-ci ildə. O da məhz şaxta vasitəsilə yerin altına enmiş macəraçının başına gələnlərdən, aralarında bir müddət yaşadığı başqa növ irqin xüsusiyyətlərindən yazır. Bizdən qat-qat inkişaf etmiş olan bu sivilizasiya öz utopik idarəçiliyində firavan həyat sürsə də, başqa dünyanı özlərinə məxsus odlu silahla təhlükə qarşısında qoya bilərlər. Elə əsərin qəhrəmanını da sonda bu silahla öldürmək istəyirlər, amma ona aşiq olan həmin irqən bir qızın sayəsində yenidən şaxtaya, ordan isə mənsub olduğu dünyaya qayıdır.

Bənzər əsərlər hələ XVI əsrdən etibarən qələmə alınıb. Həmin dövrdə Uilyam Ridin yazdığı "Qütb xəyalətləri”, sonrakı dövrlərdə fantastikanın atası Jül Vernin "Yerin mərkəzinə səyahət”i, Edqar Allan Ponun "Artur Qordon Pimin rəvayəti” və başqaları yeraltı dünya macəralarından bəhs etsə də, həqiqətə bənzər, çox vaxt faktiki olaraq uyğunluqlar mümkün olur. Ümumiyyətlə, fantast yazarları boşuna "zaman yolçuları” adlandırmırlar. Bu istedadlı insanların əksəriyyətinin yazdıqları əsərlərin süjetini yuxuda görmələrini deməsi də ayrı bir qəribəlikdir. Burdan belə qənaətə gəlmək olar ki, hər halda ağılları başlarında olan bu insanlar ya həqiqətən də gələcəyi görmə qabiliyyətlərinə malikdirlər, bu dünyaya xəbərçi olaraq göndəriliblər, ya da yuxuda gələcəkdən, kənar varlıqlardan agah olaraq və təbii ki bir az da təxəyyüllərini işə salaraq bütöv bir diqqətçəkici ədəbiyyat yarada biliblər. Bir neçə misal çəkim: Jül Vern "Yerdən Aya” əsərində (1865-ci ildə yazılıb) təxminən 100 il sonra baş verəcək kosmosa uçuşu təsvir edir, maraqlıdır ki, fəzaya ilk uçuşun haradan həyata keçiriləcəyini də təxmin edir – həmin yer məhz Baykanur kosmodromundan bir neçə km aralı idi. Kosmodrom Jül Vernin əsərindən 90 il sonra tikilib. Edvard Bulver Litton 1871-ci ildə yazdığı "Gələcək irq” əsərində (yeri gəlmişkən, əsərin ingiliscədən tərcüməsi bəndeyi-həqirinizə aiddir) bu gün məişətdə aktiv istifadə olunan "cam pəncərə” adlandırdığımız pəncərə sistemlərindən, yeni kəşf olunmuş qanadlı paraşütlərdən, ən maraqlısı isə elektrik təzə-təzə kəşf olunduğu dönəmlərdə bu günün sensor işıqlarından bəhs edir. Rey Bredberi ötən əsrin 40-cı illərində pult barədə öncədən məlumat vermişdi. Maraqlıdır ki, Bredberi özü 2012-ci ildə dünyasını dəyişib və öz öncəgörücülüyünün şahidi olub.

Qeyd etdiyimiz kimi, alimlər də yeraltı dünyanın öyrənilməsində maraqlıdırlar. XIX əsrdə amerikalı alim Con Simms Yer Kürəsinin yatmış vulkan kraterlərindən girməklə yeraltı dünyaya elmi-tədqiqat qruplarının göndərilməsi təklifini irəli sürmüşdü. Yerin altındakı sivilizasiyalar III Reyxin də diqqətini çəkib. 1942-ci ilin aprelində Adolf Hitlerin silahdaşı Gimlerin göstərişi ilə yaradılmış ekspedisiya yerin alt dünyasına girişi axtarmağa yollanır, amma axtarışlar rəsmi məlumatlara görə nəticəsiz qalıb.

Yeraltı sivilizasiya haqqında əsatirlər demək olar ki, bütün xalqların ədəbiyyatında var. Bu da bir həqiqətdir ki, bir mövzunun yayğın olması onun gerçəkliyinə, nə zamansa mövcudluğuna dəlalət edir. Alt irqin ora necə keçməsi ilə bağlı mülahizələr müxtəlifdir. Əsas versiya Nuh peyğəmbərin dövründəki Böyük Daşqınlar zamanı suyun altında qaldığı zənn edilən insanların əslində sualtı mağaralar vasitəsilə okeandan aşağı – quru hissəyə keçməsi üzərində dayanır. Yerin altındakı bu boşluqlarda məskunlaşan əhali burda da törəyərək, sivil mövcudluqlarını davam etdiriblər. Amma bizdən xeyli irəli getdikləri üçün (məhdud şərait insanları daha çox kəşflərə vadar edir) yuxarı dünyanın insanlarını, başqa sözlə, əcdadlarının həmdünyalılarını bəyənməməyə başlayıblar. Deyilənə görə bizdən çox yaşayırlar, daha yaraşıqlı, sağlam və dərrakəli olurlar. Yüksək texnoloji nailiyyətləri var, bütün xəstəlikləri sağalda bilirlər. Sosial-siyasi idarəçiliyi utopiyaya yaxın monarxiyadır. Görünür, başıpozuq demokratiya ancaq yerüstü insanları cəlb edir. E.B.Littonun əsərindəki yeraltı alimin dili ilə desək: "Yenilik cahil və uğursuz insanların axtarışıdır. Çünki onlar köhnəlikdə tapa bilmədiklərini, müvəffəq olmadıqlarını yenilikdə axtarırlar”.    

Yerin altına keçid qapısını ilk dəfə 1977-ci ildə aşkar ediblər. 1981-ci ildə isə yazıçı, antropoloq Ceyms Makken Aydaho ştatında hinduların çox qorxduğu bir mağarada belə bir dəliyin olduğunu bildirmişdi. Sonra isə ekspedisiya qrupu yaradaraq mağaraya girmiş dözülməz qaz sızması səbəbindən uzağa gedə bilməmişdilər. Ancaq qulaqlarına qəribə səslərin gəldiklərini bütün heyət etiraf etmişdi.     

İngilis geoloqu Ronald Kalasın mədənlərdən birində rastlaşdığı hadisə də çox maraqlıdır: qazmaçılar mədəndə işləyən maşın gurultusunu eşidirlər, həmin yeri qazdıqda isə aşağıya doğru pilləkən görürlər. Əvvəlcə düşünürlər ki, qədim türbə tapıblar. Oradan aşağı düşdükdə isə qəribə səslər və həmin maşının daha aydın eşidilən gurultusundan qorxub qaçıblar. Bənzər hadisə 1963-cü ildə Pensilvaniya ştatında da yaşanıb. İki qazmaçı divarda qapıya bənzər qaya parçası görüb. Onu açanda isə mərmərdən salınmış yollar qazmaçıları şoka salıb.     

Rusiyanın Xakasiya respublikasında yerləşən Alatau dağında Kaşkulak mağarası var – "Qara iblisin yuvası” kimi tərcümə edilir. SSRİ-nin müxtəlif dönəmlərində bura tədqiqatçılar göndərilib, amma hamısı da başını götürüb qaçıb. Orada işləyən bütün tədqiqatçılar eyni mənzərəni gördüklərini təsvir edirlər. İçəridə köhnə papağının altından buynuzu çıxan, saqqallı, gözlərindən alov yağan bir qoca görüblər!   

Xarner soyadlı tədqiqatçı isə cənubi Amerikada gördüklərinin dəhşətindən uzun müddət ayıla bilməyib. Hindu qəbilələrində təxminən bir il yaşasa da onların inancları haqqında bir şey öyrənə bilməyib. Hindular bilərəkdən bu məlumatları gizli saxlayırmışlar. Ta ki qəribə bir içkini içənə qədər. Hinduların "Müqəddəs içki” adlandırdığı bu mayeni içdikdən sonra gördüyü səhnə barədə alim sonralar belə yazır: "Gözümün önündə Yer kürəsi milyard il qabaqkı formada göründü. Sonra göydən qara rəngli cisimlər yağmağa başladı. Onlar düz mənim qarşıma düşürdülər. Yaxına gəldikcə bu cisimlərin qəribə varlıq olduğunu gördüm: qara, parlaq dəriləri, qanadları vardı, bədənləri isə kit (su heyvanı) formasında idi. Çox yorğun görünürdülər, elə bil uzaq səfərdən qayıtmışdılar. Nəsə deməyə başladılar, qəribədir ki, onları anlayırdım. Deyirdilər ki, bu dünyanın ağası onlardır, biz isə onların nökərləriyik. Gün gələcək, hamının gözünə görünəcəklər...”    

Bir sözlə, yeraltı dünyanın mövcudluğu danılmır. Düzdür, belə deyilir ki, orada yaşamaq mümkün deyil, çünki qaz sızıntısı, rütubət, yüksək temperatur orqanizmi məhv edər. Bəli, bizim orqanizmimizi məhv edər, bəs onlarınkını?! Niyə onların da bizim kimi varlıq oluduğunu düşünürük? Güman ki, illər və əsrlər keçdikcə yeraltı irqlərin də orqanizmi şəraitə uyğunlaşıb. Amma bu gümanlar nə qədər dəqiqləşdirilməyə çalışılsa da, Yerin altı haqqında dəqiq məlumatlar hələ də "alt” olaraq qalır, yəni sözün hər iki mənasında işıq üzü görməyib. 

Ardı var...


Şəfiqə ŞƏFA