adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 Fevral 2016 13:04
92146
RUBRİKA
A- A+

Qarabağ qazisi: "Silahsız idik, amma..."

"Döyüş tarixi"nin budəfəki qonağı "day-day” ləqəbli Aman Əliyev 1952-ci ildə Saatlı rayonunda doğulub. Ömrünün ağır günlərini keçirən "Qoca döyüşçü" Vətən müharibəsinə könüllü qatılıb. Gənclik illərini sovet dönəmində hərbi xidmətdə başa vurması da bir sıra dolayı, ağır hadisələrlə yadda qalıb. Ömrünün iki mövsümünü həbsdə keçirən Aman Əliyev ilk həbsini keçmiş sovet dövründə hələ ermənilərlə aramızda hər hansı konfliktin olmadığı 70-ci illərdə alıb.Müxtəlif millətlərin arasında hərbi xidmət dönəmində erməni əsgər yoldaşını vurduğuna görə 8 il həbs aldı. Lakin Ustinovun hakimiyyəti illərində bəraət alaraq 1 il həbsdə yatdıqdan sonra azadlığa buraxılıb. Aman Əliyev deyir ki, həbsdə yatdığım müddətdə Vitalik Canayan adlı biriylə dost olub.

"Həyatımda təsadüflər çox olub, onlardan bir də məhz bu idi ki, ermənini vurub həbsdə yatdığım müddətdə başqa bir erməni ilə yoldaş oldum. Dövrüm elə gətirdi ki, bəraət aldığım vaxt öz əsgər yoldaşlarımla birlikdə təxlis oldum. Lakin aramızdakı fərq məlumdur".

Daha sonra Rusiyada qalıb işləyən Aman orada Komsomol katibi vəzifəsinə kimi yüksəlib. Murmanskdakı dönəmini xatırlayan veteran deyir ki, cavan olmağına baxmayaraq, ona bir sıra mühüm vəzifələr tapşırılıb: "Komsomol katibliyinə kimi yüksəlməyim mənim uğurum idi. Hərçənd mənə katiblik təklifi gələndə həbs olduğumu bildirdim, buna baxmayaraq mənə bu vəzifəni etibar etdilər. Daha sonra Bakıya gəlib, burada ailə həyatı qurdum".

Həmsöhbətim deyir ki, qazi adı şəhidlərdən miras qalıb: "Daha sonra Bakıda yaşayan müddətdə daha bir cinayət törətdiyimə görə 10 il həbs verdilər. Budəfəki bəraətim 8 il 8 aydan sonra verildi və mən azadlığa çıxdım. Bakıda yaşadığım müddətdə Vitali ilə əlaqə saxlayırdım, 1989-cu ildə azadlığa çıxanda Vitalinin Çeçenistanda yaşadığını öyrəndim, onunla görüşdük. Qarabağda başlayan müharibənin anonsunu da ondan eşitmişdim. Vitalinin əsli türk olduğundan ona Ermənistanda rahat yaşamağa imkan vermirdilər. Ona görə də ailəsi ilə birlikdə Qazaxıstana köçməli oldu. O dövrdə Bakıda Daşnaksütyun partiyasının yaradıldığını Vitalidən eşidəndə artıq başa düşmüşdüm ki, bizə qarşı düşmən qüvvələr peyda olmağa başlayıb. Arxasında Rusiyanın da dayandığı erməni qüvvəsi. Televiziya və mətbuatdan Qarabağda tüğyan etməyə başlayan müharibə həyəcanını izləmək mənim üçün ağır təəssürat oyadırdı. Artıq qərarımı vermişdim, könüllü müharibəyə yazılmaq.

Hərçənd doğru-düzgün hərbi xidmət dövrü yaşamadığını deyən qazi könüllü yazıldığı batalyonda silah atmağı bilməyən sadə qulluqçu deyildi. Çünki döyüşə yollanmamışdan qabaq onun silahları öyrənməyə imkanı olmuşdu. Suraxanı rayonu hərbi komissarlığından yollanan qazi müharibə ərəfəsində narazı qaldığı tək amilin silah çatışmazlıığı ilə bağlayır: "Mən ilk dəfə Tovuza yollananda orada silah tapmaq müşkül məsələ idi. Hətta hər altı əsgərə bir silah düşürdü. Orada çox qalmadım. Daha sonra bizi Ağcəbadiyə göndərdilər. Orada 3 aylıq qarantində qaldığımız müddətdə belə, hətta silah üzü görmədik. Təbii ki, bu bizə çətinlik yaradırdı. Qarantində demək olar ki, heç bir iş görmürdük, bəziləri evləri yaxın olduğu üçün tez-tez evlərinə çıxıb gedirdi. Döyüş üçün stimul yaradan bir şərait mövcud olmasa da, bu, bizim əzmkarlığımızı və amalımızı tükədə bilməzdi. Səbir edənlər, necə deyərlər, istəklərinə nail oldu. Bizi artıq silahla təmin edib döyüş bölgəsinə göndərdilər. İlk tabor komandirim Dövlət Məmədov bizi Qaraca kəndi istiqamətinə göndərdi".

Veteran müharibə ərəfəsində ilk təxəllüsünü də qazandı. Yaşı və təcrübəsi çox olduğu üçün ona "Day-day" deyə müraciət etməyə başladılar. Beləliklə "day-day"ın döyüş tarxinin yeni səhifələri vərəqlənməyə başladı...

"Kəşfiyyata yazılanda orada kəşfiyyat komandirimiz Elman Səmədov idi. Çox mərd bir adam idi. Yaşımın və hərbi səriştəmin olması müharibədə mənə bəzi üstünlüklər qazandırdı. Sıravi əsgər olsam da kəşfiyyat qrupuna komandanlıq edirdim". Komandir və əsgər heyəti ilə unudulmaz anlarının keçdiyini deyən veteran ilk dəfə Ağdamın Qarakənd istiqamətində tank əleyhinə minaların basdırdıqları anı da yada salır: Mən və əsgər yoldaşım Sakit Babayevə bir neçə mina verib göndərdilər ki, onları basdıraq. Ağdamın Seyidli kəndinin sakinini isə bizə bələdçilik etmək üçün yoldaş edildi. Yadımdadır, 70 yaşlarında yaşlı br kişi idi. Geri qayıdanda həmin yaşlı kişi yeriyə bilmədiyi üçün onu qucağımda gətirdim. Və beləliklə ilk kəşfiyyatçılıq bu andan başlamış oldu...

Yaddaqalan "sürprizlər”

Mina basdırmaqla kəşfiyyatçılığa başladığını deyən "Day-day"ın onu qabaqda gözləyən sürprizlərdən xəbəri yox idi. Bu sürprizlərin içində yaxşıları da vardı, pisləri də...

-Yaxşılardan başlayın.

-Əslində yaxşı sürprizlərimizin də ömrü uzun olmayıb. Lakin ağır anların izi hələ də yaddaşımda qalıb. Biz Qarakəndə olanda Bakıda hərbi silah mütəxəssisləri yeni "Qrantamyot" silahı düzəltmişdilər. Belə desək, yeni silah əvvəlkinin motofikasiya olunmuş versiyası idi. Üstünlüyü isə ondan ibarət idi ki, bu silahın hədəf aldığı ərazidə məhvetmə radiusu daha geniş idi. İlk dəfə onu sınaqdan keçirmək üçün bizə həvalə etdilər. Əslində yeni silahın təhlükəsizlik baxımından nə dərəcədə etibarlı olduğu sübhə yaradırdı. Lakin xoşbəxtlikdən uğurlu atış keçirdik və düşmən əsgərlərinin yurd saldığı çadırlardan birini partlatdıq. Sayını bilmirdik, amma xeyli sayda itki vermişdilər. Bu sevindirici bir hal idi. Daha bir hadisə isə bizim öz kəndimizi düşməndən azad etməyimiz oldu. Lakin bu sevincin ömrü təəssüf ki, qısa idi. Düşmən əlindən aldığım torpaqda çox dayana bilməzdik. Bizə arxadan yardım gələnə kimi gözlədik. Bizə demişdilər əsgər göndərəcəyik. Lakin daha sonra Tabor komandirim Nail Kazımov xəbər göndərdi ki, geri çəkilək. Səbəbini soruşmağınızı istəmərəm, çünki bunu bizə də demədilər. Təbii ki, şübhələrimiz vardı, o da bəzi gizli siyasi proseslərlə bağlı bir məsələ idi.


"Day-day" ləqəbli Amanın silahdaşları onu çox yaxşı tanıyırlar. Öncəki müsahibimiz Çiko ləqəbli Aişa Seyfullayeva Aman Əliyevin ən yaxın silahdaşlarından olub. Qazi Çiko haqqında da təəssüratlarını bizimlə bölüşdü: "Çikonu ilk dəfə görəndə təəccübümü gizlədə bilmədim. O zaman Çiko yeni gəlmişdi. Mən yen əsgərləri sıraya düzüb kəşfiyyata göndərmək üçün hündürboy, güclü əsgərlər seçirdim. Bu zaman sırada dayanan balaca Aişanı görəndə gülümsədim və dedim ki, bu Çita hardan gəlib? (Gülür)Çiko ilə 4 ilə yaxın müharibədə savaşmışıq. 23 ildən sonra isə bu "balaca qız" məni tapdı.

2 nəfərlə kəşfiyyata getdik, onlardan biri qayıtdı...

"Bilirsiz, bəzən insan elə bədbəxt hadisələrlə rastlaşır ki, nə edəcəyini bilmir və onu sakit qarşılamağa məcbur olur. Lakin o heç vaxt sənin yaddaşından slinməyəcək, qəbrə kimi onu özünlə aparmağa məhkumsan. Əsgər yoldaşım Yelmarı itirməyimiz bu hadisəyə oxşardır. Bir dəfə kəşfiyyat komandirimiz mənə dedi ki, 2 nəfər əsgərlə kəşfiyyata yollan. Bizi kəşfiyyata göndərirdilərsə, mütləq düşmənin olduğu mövqelərə, akoplara yaxınlaşıb hər hansı məlumat əldə etməliydik. Növbəti dəfə belə bir tapşırıq verdilər ki, Keçi dərəsi adlanan yerə yollanaq və lazımi məlumatları əldə edib qayıdaq. Bu zaman Yelmar və Füzuli adlı əsgərlərim vardı, onlar irəli çıxıb mənimlə getmək istədiklərini bildirdilər. Füzuli təcrübəli "Sapior" idi. Mina basdırılan yerləri yaxşı bilirdi. Lakin Yelmarın bu təcrübəsizliyi onun şəhid olmasına gətirib çıxardı. Nəticədə 2 nəfərlə kəşfiyyata getdik, onlardan biri qayıtdı... Bu ağır itki olmaqla yanaşı, həm də mənim üçün ilk itki olmuşdu. Yelmarın minaya düşdüyü yerə yollanıb onun cəsədini götürmək istəyəndə orada qan izlərindən başqa bir şeyə rast gəlmədik. Əslində həmin ərazidə cəsədi tapa bilməyəcəyimi düşünürdüm. Çünki ermənilər böyük ehtimalla cəsədi götürəcəkdilər. Elə də olmuşdu. Çünki onlarda və bizdə düşmən cəsədi olanda dəyişmək üçün lazım olurdu. Təbii ki, bunu onlara bağışlamadıq və növbəti hücumlarımızda qisas almağa nail olduq.

Rüfət Soltan