adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

ÇALIB-OYNAYAN DƏDƏ QORQUD SOYU

FƏRİDƏ RƏHİMLİ
46206 | 2016-02-13 09:21
Bir müddət əvvəl Azərbaycanda insan adları ilə bağlı yeni qanunun qəbul edildiyi hər kəsə məlumdu. Müxtəlif elm sahələri üzrə mütəxəssislərin təmsil olunduğu komissiya həm ad, həm də soyadlarla bağlı geniş profilli araşdırmalar aparıb. Dövlət də bu işə nəzarət edir. Komissiya Azərbaycanda tarixən mövcud olmuş soyad formaları, ad qoyma ənənələrini öyrənib milli soyad formatı təklif edib. Əsas olan mənasının gözəl olması və yaşadığı cəmiyyətə, mədəniyyətlərinə yad olmamasıdır.
Son zamanlar ad qoyma məsələsində bir sıra dəyişikliklər bu sahədəki səhmansızlığı nizamlanmaya başlayıb.
Ad məsələsindəki əksikliklər təkcə şəxs adlarında deyil, marketlərdə, özəl obyektlərdə, qəzet-jurnallarda, şadlıq evlərində, kafelərdə, restoranlarda və.s-də özünü gözə soxmaqdadır. Bu adqoyma məsələsində bizim təsəvvürümüz ya olduqca gizli kodlarladır mən anlamıram, ya da rəhmətlik həmkarımız Oqtay Salamov demiş: "əndirəbadi" adlar qoymaqla nəsə bir təntənə, maraq, qeyri-adilik, çəkicilik daşıdığını düşünürlər. "Evləri köndələn yar"dakı "Hellas" kimi...
Bu düşüncələri məndə yaradan, otağımın qapısından içəri boylanıb, "Müasir kişi" qəzetinin harada yerləşdiyini soruşan qadın oldu. Düzü ilk cavabım saxlaya bilmədiyim gülüşüm oldu. Niyə bu məni güldürdü, bilmirəm, amma bu ad mənə normal görünmədi. İlk ağlıma gələn sualsa bu oldu ki, müasir kişi necə olur? Mədəniyyətiyləmi, intellektiyləmi, geyim-kecimiyləmi, təhsili, davranışıylamı, uğurlarıylamı, "əzələləriyləmi" müasir...
Bu balaca ölkədə o qədər qəzet var ki, bir azdan deyəsən ad tapmayacaqlar qoymağa...
Oraq, çəkic, dəryaz kimi kənd təsərrüfatı alətlərinin adları verilib, demokratiya, hüquq (həm də növbənöv), ədalət (o da növbənöv, hətta oxucular əsl "Ədalət" sansınlar deyə yanında mikroskopla görünə biləcək əlavə sözlər də yazırlar. Məsələn, "Ədalət tribunası".), siyasət, azadlıq, istiqlaliyyət, qanun (o da çoxlu çeşiddə) kimi sivil adlar verilib, bu gün, sabah, gələcək gün, həftə içi, 168 saat, hər gün kimi zaman anlayışlı qəzetlər və ayda-ildə bir dəfə çap olunan bir sürü məddah, yaltaq, rəzillik, "reket"liklə məşğul olan qəzetlər.
Ölkədə üç-beş qəzet çap olunanda oxucuları da bol idi, o qəzetlər də yazdıqları hər material üçün məsuliyyət daşıyırdılar. İndi isə qəzet bol, məsuliyyət, cavabdehlik, oxucu yox...
Mətləbdən uzaqlaşmadan başqa adlı bəlalarımız haqda da narahatlıqlarımı bölüşmək istəyirəm. Əvvəllər tarixi əsərlərdən, əsatirlərdən, xarici ölkə ədəbiyyatlarından öyrəndiyimiz adların demək olar ki, hamısı ölkəmizin restoran, kafe, marketlərinin üzərində yazılıb. Ən ağırı isə odur ki, işğal olunmuş torpaqlarımızın adları Bakıya "köçürülüb". Biz o adları eşidəndə oxuduğumuz bir əsəri, tarixi filmi, bölgələrimizin bir guşəsini xatırlayıb, yaddaşımız, biliyimiz, yaxud bölgələrimizlə qürur duyurduqsa, övladlarımız o adda ancaq kafe-restoran, şadlıq evləri tanıyırlar.
Biz Dədə Qorqudu el ağsaqqalı, sözüylə qan yatıran, ad qoyan, "ağır oturub, batman gələn" ağ saç-saqqallı dədə bilirdiksə, balalarımız Sumqayıtda şadlıq evi kimi tanıyır. Onun ad qoyduğu Qazanı soruşsan, yəqin ki, "Beş qazan" restoranını xatırlayacaqlar. İfftəli el qızı Banuçiçəyi xəbər alsan Binəqədidəki "Banuçiçək" şadlıq evi xatırlanacaq. Bir sözlə, Dədə Qorqudun bütün soyu yeyib-içməkdə, çalıb-oynamaqdadır. Dədə Qorqud boyunda yeyib-içmək önəmli olmayıb. Yaşamaq üçün yeyilib o zamanlarda. İsrafçılıq günah sayılıb. Çalıb-oynamaq da elin sevincli günlərində olub. İndi Hun sərkərdəsi Atillanı da bu şənliyə qoşublar. Babəki, Cavanşiri, Qaçaq Nəbini və sairlərini də.
Adları "şadlıqlarda xatırlanan" Dərələyəzi, Göyçəni, Zəngəzuru... keçdik, yarası qaysaqlanmamış təzə dərdlərimiz - Qarabağ, Köndələnçay, Şuşa, Laçın, Xudafərin və s. kimi çalıb oynamaqla yada düşən (bəlkə də heç yada düşməyən!) bölgələrin adları getdikcə yəqin ki, gənclərimizdə heç bir hiss oyatmayacaq.
Fikrimcə, o qiymətli adlar xəsisliklə, icazəylə, əndazədə işlədilməlidi. Dədə Qorqudun adının sanbalını, ağırlığını duyan kəs onun sarayında içib, atılıb-düşə bilməz.... Qarabağın, yaxud bölgələrinin adı olan şadlıq evləri bizim dərd ocağımız sayılmalıdı, arsızca içib-keflənmək məkanı yox.
O torpaqlar, o yurd yerləri o soy-kök bizimdi, bizim olmalıdı. Adını qoymağı qəhrəmanlıq saydığınız o yurd yerləri müharibəylə, savaşla, qanla alınmalıdı, toy-bayramla yox. Düşmən tapdağında olan torpaqlarımızı geri alandan sonra bəlkə o adları qoymağa haqqımız olar - indi o adlarda olan məkanlar məndə məzar təsəvvürü yaradır. Və məzarda çalıb-oynamaq yasaqdı...

TƏQVİM / ARXİV