adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

YER ÜZÜNDƏN SİLİNƏN ŞƏHƏR...

FƏRİDƏ RƏHİMLİ
50371 | 2016-02-27 00:20
Yaşadığımız dövrə qədər yer üzündə müxtəlif sivilizasiyalar mövcud olub, bir-birini əvəz edib. Bəşəriyyət tarixi boyu bu sivilizasiyalar ya özləri yoxa çıxıblar, ya da ki, təbii fəlakətlər nəticəsində yer üzündən siliniblər. Bu "yoxa çıxma"nın ən dəhşətlisi onun insan əliylə həyata keçirilməsidir.
Olmeklər, Nabatey çarlığı, Aksum çarlığı, Mikenlər, Khmer imperiyası kimi gizli şəkildə yox olmuş bir neçə sivilizasiyalar da var ki, alimlər bügünkü günə qədər onların gizli şəkildə yer üzündən silinməsinin səbəblərini tapa bilməyiblər.
Dünya miqyasında qəbul olunmuş altı yer üzündən silinmiş şəhər (və ya sivilizasiya) var.
Lemuria - Hind və Sakit okeanın altında olduğu və dəniz tərəfindən udulduğu deyilən itmiş şəhərdir. 12000 il əvvəl böyük bir zəlzələ nəticəsində okeana batıb. İndi bu şəhərin dəniz altında olan qalıqları möhtəşəm bir şəhərin olduğunu təsdiq edir. Ən maraqlısı isə odur ki, bu şəhərin bir zamanlar insanlar yaşayan evlərinin qalıqları arasında indi balinalar, köpək balıqları, müxtəlif növ dəniz, okean canlıları üzürlər...
Cibola - 7 təpədən ibarət və bu təpələrdə qızıl dolu mağaraların olduğu deyilən əfsanə şəhərdir.
Shambalanın qarlı dağlar arasında yerləşdiyi və qızıl dolu zəngin bir mistik şəhər olduğu deyilir. Səyyahlar bu əfsanə şəhəri Qobi gölü, Tibet, Əfqanıstan və Çin başda olmaqla bir çox yerdə axtardılar, lakin bir iz belə tapa bilmədilər.
Lyonesse, Celtik əfsanələrində dəniz altında qaldığı deyilən əfsanə şəhərdi. Əfsanələrə görə kral Arturun yaşadığı bu ölkədə gözəl evlər və möhtəşəm meşələrin olduğu deyilir.
El Dorado, Cənubi Amerikada yer aldığı deyilən qızıl dolu əfsanə şəhərdir. Burada Muisqalar etdikləri ticarətdə duz qarşılığında qızıl alırdılar.
Atlantis, Platonun Timaeus və Kritias kitablarında bəhs etdiyi əfsanəvi batmış bir şəhər və ya sivilizasiyadır. Platona görə, Atlantis Miladdan əvvəl 9500-cü illərdə Afinanı fəth etməyə çalışan, lakin bunu bacarmayıb, bir gecədə okeana batan bir sivilizasiyadır.
Bunlar Şahin İsmayılovun araşdırmalarındandır.
Bunlardan başqa insanların günahı üzündən yer üzündən silinən, zaman-zaman xatırladığımız Xatın, Xolokost, Xirosima, Naqasaki də var.
Artıq dünyanın tanıdığı, adı faciə sözü ilə paralel səslənən Xatın kəndini faşistlər yer üzündən qəzəb və nifrətlə siliblər. İndi hətta ən müfəssəl coğrafi xəritədə belə Belarusun bu kəndinin adını tapmaq olmaz. Naqasaki və Xirosima kimi Xatın da dinc əhalinin kütləvi şəkildə məhv edilməsinin rəmzinə çevrilib. Xatın faciəsi Böyük Vətən müharibəsi tarixinin ən kədərli səhifələrindən biridir.
Xatın faciəsi nasistlərin Belarus əhalisinə qarşı məqsədyönlü soyqırımı siyasətini təsdiq edən minlərlə fakt sırasındadır. Belarus torpağında işğalın davam etdiyi üç il ərzində (1941-1944-cü illər) yüzlərlə belə faciə baş verib. Xatın kəndinin partizanlara yardım göstərməsi ehtimal edilən 149 sakininin hamısı kollektiv cəza prinsipinə uyğun olaraq diri-diri yandırılıb və güllələnib.
Bunları təsadüfən xatırlamadım. Belə şəhərlərin yer üzündən silinməsi prosesi biz nəsilin yaxın keçmişində baş verdi və bu, insanlığa utanc verən vəhşilikləri görənlərin dilindən eşitmək bizə nəsib oldu.
Yaxın keçmişimizdə Qarabağın ən gözəl şəhərlərindən biri olan Ağdam yer üzündən silinmiş şəhərlər sırasına daxil oldu. İspaniyanın ən böyük nəşrlərindən olan "El Mundo" qəzeti Ermənistanın işğal edib tamamilə dağıtdığı Azərbaycanın Ağdam şəhəri haqqında yazıda qeyd edir ki, ermənilər Ağdamın bir daha bərpa olunmasını istəməyərək onu məhv ediblər. Bu ilin sentyabrında Ağdamda olmuş rusiyalı jurnalist, lenta.ru saytının şərhçisi Artyom Yefimov da şəhərin xarabalıqlarını görəndə dəhşətə düşdüyünü yazmışdı. Onun məqaləsindən sitat: "Belə görünür ki, məscid Ağdamda salamat qalan yeganə binadır. Məscidin mavi mozaikalarla işlənmiş iki minarəsi uzaqdan görünür. Minarəyə qalxdıq və dərhal da əhvalımız dəyişdi: hər tərəfdə xarabalıqlar görünürdü. 20 il qabaq bu xarabalıqlarda 50 min adam yaşayıb. Gözəl şəhər bir ayın ərzində dəhşət doğuran xarabalıqlar yığınına çevrilib".
1993-ci il iyulun 23-də ərazisinin 70 faizi itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatına milyardlarla manat ziyan dəyib. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min ha sahədə əkin aparılır.
Ermənilər işğal edilmiş ərazilərdə hərbi cinayətlər törədir, təbii sərvətlər qəddarlıqla talanır, tarixi abidələr yer üzündən silinir, ekoloji terror davam edir. Dağılan evlər, daşı-daş üstə qalmayan şəhərlər, yox olan tarixi abidələr, amansızlıqla talanan meşələr, təbii sərvətlər...
Müharibələr dünyanın hər yerində dağıdıcı nəticələrə səbəb olur, lakin erməni təcavüzündən söhbət gedirsə, müharibənin yazılmış və yazılmamış qanunları ilə ölçülüb-biçilməsi mümkün olmayacaq dərəcədə dəhşətli cinayətlər göz önünə gələcək. İnsanlıq tarixinə qara ləkə olan daha bir cinayətin - Xocalının yer üzündən silinməsinin şahidi olmaq kimi faciəvi bir durum da taleyimizə yazıldı və ürəyimizdə yara açdı. Yaşamaq üçün torpaq verib, qucaq açıb xəyanətlərinə ürcah olduğumuz qarı düşmənin bu amansızlığı heç bir insani keyfiyyətlərə sığan deyildi...
Xatın kəndində 149 nəfər diri-diri yandırılmışdı, dünya bunu etiraf etdi, Haaqa məhkəməsi günahkarları cəzalandırdı, hələ də o kənd ziyarət edilir. Amma bir günün içində yer üzündən silinən Xocalı şəhərini tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinin qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vuruldu. Amma 24 il keçməsinə baxmayaraq hələ də günahkar cəzasını almayıb. Düşmən nəinki bu vəhşiliyə görə cəza alıb, əksinə daha artıq azğınlıqlar etməkdən çəkinmir.
...Xocalının adı gələndə, nədən bilmirəm, mənim ilk ağlıma gələn onun qadınları olur. O vəhşətli gecədə qorxudan gözləri bərəlmiş, utancdan, xəcalətdən ölümü üstün tutan, ata-anasınımı, ərinimi, balasınımı, bacı-qardaşınımı... namusunumu, yoxsa canınımı düşündüyünü kəsdirə bilməyən ağlını itirmiş qadınları...
Xocalı laqeydliyin, unutqanlığın, satqınlığın, başsızlığın və xəyanətkar qonşularımızın azğınlığının güdazına getdi. Bir gecənin içində bütün arzuları, xəyalları, xoşbəxtlikləri könüllərində, gözlərində qaldı xocalıların. Yerini qorxu, dəhşət, ümidsizlik, əlacsızlıq, çarəsizlik, utanc tutdu.
Xocalı utancı ürəyimizin başında düyümlənmiş közdü - qisası alınmayınca qanımızın hər dövranında yandıracaq içimizi - yandırmalıdı!!! Bu qisas yalnız torpağı geri qaytarmaq, şəhidlərin qanının öcünü almaq deyil, bu həm də namus, qeyrət, şərəf, heysiyyətin qisası olmalıdı!
...Və geri alınan Xocalı şəhəri bərpa edilmədən - erməni adlı barbar, vəhşi soysuzların qeyri-insani əməllərini bütün dünyaya sübut etmək üçün hasarlanıb, - tarixin qanlı səhifəsi kimi saxlanmalıdı.
Dünya bu vəhşiliyə həmişə belə laqeyd olmayacaq ki...

TƏQVİM / ARXİV