adalet.az header logo
  • Bakı 20°C

SƏN GÜLƏNDƏ...

FƏRİDƏ RƏHİMLİ
42622 | 2016-04-02 00:35
Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. 1 apreli dünyanın bir çox ölkəsi gülüş və aldatma günü kimi qeyd edir. Heç bu günün tarixçəsi ilə maraqlandınızmı?
Yəqin ki, hamımız bunu eşitmişik - gülüş ömrü uzadır. Amma bu gülüşün yeganə müsbət xüsusiyyəti deyil. Gülüş haqqında daha böyük miqdarda müsbət nəticələr mövcuddur. Gülüş insanı depressiyadan qutarır. Cəmi bir dəqiqə ürəkdən gülüş dərin əsəb sakitləşdirici seansı əvəz edə bilir. Gülüş sevinc hormonlarının artmasına səbəb ola bilər, bədən formasını yaxşılaşdırır. 10-15 dəqiqə gülüş, həmin qədər kalori yandırır, hansı ki, bunu idman zalında 30-dəqiqəyə yandırmaq mümkündü. Gülüş vaxtı 80 qrup əzələ işə qoşulur! Bu zaman ən yaxşı kürəyin və ayaqların əzələləri işləyir, stimullaşdırır və stresslərdən orqanizmi müdafiə edir. Hətta alimlər tərəfindən sübut edilib ki, gülmək həvəskarları nadir hallarda xəstələnirlər.
Orqanizm üçün gülüş gözəl meşə gəzintisinə bərabərdir. O, dərini cavanlaşdırır. Belə bir mif mövcuddur ki, çox qadınlar üzlərində qırışın əmələ gəlməsinin qarşısını almaq üçün gülüşlərini saxlayırlar. Ancaq bu tamamilə səhv məlumatdır. Ciddilk maskası üzün bütün canlı emosiyalarını yox edir. Canlı və səmimi gülüş üzün bütün əzələlərini canlandırır, qocalma proseslərini yavaşıdır və dəriyə qanın axınını təmin edir. Deməli dəri əlavə qidalanma, elastiklik və sağlam qırmızılıqla təmin edilir. Gülüş, təbəssüm bizim həyatımızda olduqca böyük rol oynayır, ürək açıqlığını, emosiyaların saflığını heç nə gülüş kimi aydın təzahür etdirmir. Əlbəttə, saxta, yersiz gülüşləri deyil, səmimi, daxildən gələn gülüşləri nəzərdə tuturam. Doğurdan da, ürəkdən gələn gülüş böyük müalicə vasitəsidir, psixi gərginliyin azalmasıdır. Gülüş seli öz qabağındakı bütün çirkinlikləri qovub qırağa tullamağa qadirdi.
Gülüş ürək üçün faydalıdır. Alimlər aşkar etdilər ki, şən insanlar, qaşqabaqlı insanlarla müqayisədə, 40 % ürək-damar xəstəliklərindən daha az əziyyət çəkirlər.
Gülüş yoluxucudur. Yəni, gülüş gülüş gətirir. Gülməyin səhhətə müsbət təsiri barədə çox mənbələrə rast gəlmək olar. Hərçənd o, fiziki hazırlığı yüngül atletika kimi yaxşılaşdırmağa qabil deyil, amma, gülüş vaxtı qaçmağa nisbətdə daha çox kalori yandırılır. 10-15 dəqiqə gülmək ürək pulsunu 10-20 faizədək artırır. Bu isə 10-dan 40-dək kalorinin yandırılması ilə nəticələrir. Gülüş təkcə insanların sağlamlığı deyil, onlar arasındakı münasibətlərin sağlamlığından xəbər verir.
Qəhqəhə hətta səhər idmanı ilə bərabər tutulur. Gülən zaman insanın ürəyi sürətlə döyünür, tənəffüsü dəyişir, norokimyəvi maddə səviyyəsi dəyişir, immun sistemi güclənir. Eləcə də yüzlərlə insan üzərində 20 illik tədqiqatı nəticəsində məlum olub ki, gülmək onkoloji xəstəliklərə tutulmanın qarşısını alır. Bu, ona görə baş verir ki, yaxşı əhval-ruhiyyə, xüsusən gülmək hüceyrələri yeniləyir və bu hüceyrələr orqanizmin müqavimətini artırır. Çox gülən və şən insanların daha sağlam və uzunömürlü olması da sübut olunub.
Qeyd edək ki, gülüş uşaqların inkişafını sürətləndirir, çox güldükcə uşaq daha da inkişaf edir. Bu səbəbdən də gülüş uşaqların həyatında vacib rol oynayır. İlk günlərdən gülümsəmək bacarığı körpələrin uğuru kimi qiymətləndirilir. Gülə bilmək, şən olmaq üçünsə ilk növbədə daxildən dəyişmək, neqativ fikirlərdən uzaqlaşaraq yaxşı şeylər barədə düşünmək lazımdır. Əslində bir hadisə haqqında həm yaxşı, həm də pis şeylər düşünmək olar. Amma bədbin insanlar hər bir hadisənin və hətta insanın yalnız neqativ tərəflərini görməyə alışıblar. Gülməli filmlərə baxmaq, lətifələr dinləmək, oxumaq və ya danışmaq, daha çox gözəllikləri seyr etmək və pis fikirləri özündən uzaqlaşdırmaq, əylənmək, istirahət etmək, dost-tanışla vaxt keçirmək də insanda müsbət fikirlərin çoxalmasına səbəb olur. Özünə qapanıb, yalnız problemləri düşünərək yaşamaq isə insanı get-gedə cansıxıcı edir. Təəssüf olsun ki, gülüşün xeyiri barədə əksəriyyət bilsə də, insanlarda nədənsə neqativ fikirlərə meyl daha güclüdür.
1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qulluqçulardan birinin imperator Konstantinə zarafatla, gülüşün dövlətə, onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin.
Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də "İtaətsizlik bayramı" keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını "söndürə bilərdilər". Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. "Səfehlər Günü"ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda "xuliqanlıq etmək" mümkün idi.
Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları adlandırırdılar.
Gülüş haqqında deyimlər: Sülh, bir təbəssüm ilə başlayar. Kiminlə gülə bilirsənsə, onunla işləyə də bilərsən. Gülüş - bir günəşdir, o qışı insanın üzündən götürür. Keçmişə görə ağlama, olacaqlara görə gülümsə.
Qoy sənin gülüşün dünyanı dəyişsin, imkan vermə ki, dünya sənin gülüşünü dəyişsin. Gül ki, uğur səninlə olsun. Təki, sizin üzünüzün qırışları gülməkdən yaransın. Hər zaman gülün, amma mənalı şeylərə, sizi ürəkdən güldürəcək şeylərə gülün.
Gülüş.... O heç nəyə dəymir, amma çox şey verir, yaddaşlarda həmişəlik qalır. Deyirlər ki, elə varlı insan yoxdur ki, ona gülüş lazım olmasın. Elə kasıb insan da yoxdur ki, gülüşü alsa varlı olsun. Gülüş bizim evimizə xoşbəxtlik gətirir, mehribanlıq yaradır, sevinc və yaxşı əhval-ruhiyyə bəxş edir. Gülüş - bütün dostların paroludur. Gülüş - yorğunluğu aradan qaldırır, insana işıq, ay, günəş və ulduzlar bəxş edir. Onu nə satmaq olur, nədə almaq. Tez-tez gülün, yaxşı əhvalınızı bölüşün, həyatdan yorulub ümidinizi itirməyin!
1 aprel günü anadan olan, başda qəzetimizin təsisçisi, həmişə müsbət auralı, zarafatcıl, guclu yumor hissiylə hər kəsin sevimlisi Aqil Abbas olmaqla, hər kəsi təbrik edirəm!

TƏQVİM / ARXİV