adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 May 2016 16:47
125449
RUBRİKA
A- A+

Sirli ədəbiyyat: "Şəhrizad sindromu"

Nağıl və dastanların insan beyninə, psixologiyasına və gələcəyinə təsiri hələ çoxdan təsdiqlənib. Bəlkə də beynimizin ağ kağız kimi yazılmamış, qaralanmamış, ən təmiz dövründə - psixologiyamızın təsirə meyilli, hətta böyüklərdən, onların sözündən asılı vaxtında, qarşımızda xəyallarını qurduğumuz gələcəyin astanasında olduğumuz üçün ədəbiyyatın bu növünü asanlıqla qəbul edib, onun təsiri altına düşürük. Ya da bəlkə, çoxlarının iddia etdiyi kimi nağılların hər bir yaşda olan insana xüsusi təsiri, onun özündə daşıdığı sirli eyhamlar, müəmmalı kodlardan irəli gəlir. Məsələn, dünya şöhrətli yazıçı Luis Borxes "Min bir gecə nağılları”nı oxuyarkən heç də uşaq olmayıb, amma özünün də etiraf etdiyi kimi ömrü boyu bu nağılların təsirindən qurtula bilməyib. İstənilən halda, nağılların həyatımızın başlanğıc yaşlardan sona doğru dövrlərinə qədər bir halə kimi bizi əhatə etdiyini dana bilmərik. Bu dəfə "Sirli ədəbiyyat”da elə məhz Borxes kimi şəkkakın da təsirindən də qurtula bilmədiyi "Min bir gecə nağılları”ndan, xüsusən də onun qəhrəmanı Şəhrizaddan bəhs edəcəyik.

Təxminən IX əsrdə şifahi ədəbiyyatdan yazıya köçürülən bu silsilə nağıllar oxunmasına, bəyənilməsinə görə bütün dünya xalqlarının nağıllarını üstələyir. Ola bilsin ki, bu, nağılların uşaqlar üçün deyil, məhz böyüklər üçün məhrəm xarakter daşımasına görədir. Üstəlik, nağıllarındakı süjetlərin, simvolların rəngarəng və müəmmalı olması, dolğun obrazları ilə müxtəlif yaşlı oxucuları ovsunlaya bildiyinə görə, bu nağıllar dünya miqyasına çıxa bilib. Qeyd edək ki, bu nağıllar azyaşlılar üçün həmişə adaptə olunmuş, belə deyək, "təmizlənmiş” şəkildə təqdim olunub. Orijinal əlyazmasının heç vaxt tapılmadığı toplu gözəl Şəhrizad tərəfindən şah Şəhriyara min bir gecə ərzində danışdığı nağıllardan ibarətdir. Şəhriyar hərəmlərindən birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadinlarını etibarsız elan edir. O qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizada çatır. Ağıllı Şəhrizad evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir. Beləliklə, hər gecə şaha bir yeni nağıl söyləyən Şəhrizad hər nağılı beləcə tamamlamamış halda bitirir və hər yarımçıq nağılı ilə həyatını xilas edir. Nağıllar düz 1001 gecə davam edir və yekunda Şəhrizad şahın qəzəbindən həmişəlik qurtula bilir.

"Min bir gecə nağılları” təkcə öz rəngarəngliyi və erotik cazibəliliyi ilə diqqət çəkmir. Qərb məhz bu nağıllar vasitəsilə Şərqin həyat tərzini, abu-havasını təsvir edə bilib. Burada təkcə ərəb ölkələri deyil, bütövlükdə Şərqi görmək mümkündür. Odur ki, Qərb dünyası gerçəkliyə bir az da təxəyyülünü qataraq özünü Şərqdə bir qiraətlik belə olsa da təsvir etmək həzzini əldən verməyib. Buna görə də Qərb ölkələrinin demək olar ki, hamısı bu nağılları öz dilinə çevirib. Avropa ilk belə tərcüməni 1704-cü ildə fransızca oxuya bilib. Sonrakı tərcümələrin əksəriyyəti məhz ikinci dildən, yəni fransızcadan edilib. Daha sonra orijinal dilə müraciət olunaraq çevrilib, amma təsəvvür edin ki, almanlar 1895-ci ildə orijinaldan tərcümə edərkən, üstündə  "əl gəzdirməli” olublar. Çünki alman oxucusu, özü də azyaşlısı eynicinsli, insest şərq sevgisinə, poliqamiyaya hazır deyildi. Görünür, tez öyrəniblər ki, bu gün almanlar orta məktəblərdə növbənöv seks dərsləri verirlər. Yeri gəlmişkən, erməni mənimsəməsi "Min bir gecə nağılları”dan da yan ötməyib. İddia edirlər ki, bu nağılları ilk dəfə ermənilər X əsrdə tərcümə ediblər.

Nə isə… erməni bir şey deyil, amma ürək bulandırdığı üçün, ondan fikrimizi tamamilə uzaqlaşdırıb nağılın təəssüratına və qəhrəmanına qayıdaq.

Qeyd etdiyim kimi, Qərb bu nağıllardan elə təsirlənib ki, incəsənət və ədəbiyyatının hər janrında ona geniş yer verib. Həm də bu təəssürat təkcə sıravi oxucu səviyyəsində deyil, Qərbin ən tanınmış şəxslərinə öz silinməz izini qoyub: Düma, Höte, Flober, Stendal, Konan Doyl, Puşkin, Tolstoy və əlbəttə Borxes… Bu adların hər biri ayrıca ədəbiyyat, mənəvi sərvətdir, elə deyilmi?

Bəs rubrikamızın bu dəfəki bölümünü adlandırdığımız "Şəhrizad sindromu” nədir? Məsələ burasındadır ki, Qərbin bu nağıllardan təsirlənməsini boşuna qeyd etməmişəm. Özünü dünyanın əhəmiyyətli hissəsi, kainatın dirəyi adlandıran bu ölkələr bir çox məsələdə (ədəbiyyatda, tibbdə, fəlsəfədə, riyazıyyatda və s.) Şərqdən qaynaqlandığını etiraf etməsə də, ən azından, əməldə göstərir. Amma bu Şəhrizad, göründüyü kimi təkcə Şah Şəhriyarı öz cazibəsi və ağlının təsirində saxlamayıb, müasir insanlara da qüdrətini elə göstərib ki, bu dəfə qərblilər nəinki onun qəhrəmanlıq etdiyi nağıllardan qaynaqlandığını etiraf ediblər, hətta yaranmış psixoloji gərginliyə onun gözəl adını da veriblər. Avstriya tarixçisi, şərqşünası baron Yosef Hammer-Purqstall (dahi Füzulini Avropaya ilk tanıdan şəxs) araşdırmalarının birində "Gecələr hekayə danışan adamlar” adlı məsələyə diqqət çəkir. Bu cəhəti dünya Şəhrizadla tanısa da, əslində belə qrup insanlar antik dövrlərdə də olub. Məsələn: Makedoniyalı İskəndərin ətrafında bir qrup nağılçılar olub ki, hökmdarın gecələrini öz maraqlı nağılları ilə bəzəyiblər (göründüyü kimi nağılı gecələr təkcə uşaqlara danışmırlarmış). Və bu nağılçılar mütləq gözəl görünüşlü, səlis nitqli olmalıymış ki, hökmdar ona dinləyəndə xoşhallansın, görünüşündən də məmnun qalsın. Yəni, başqalarının həyatını anladan hekayə və onun ən maraqlı yerdə kəsilib sonraya saxlanması ta qədimdən mövcuddur, sadəcə dünyaya Şəhrizad vasitəsilə yayılıb. 

Qərb mütəxəssislərinin fikrincə, ilk dəfə seriallar çəkilməyə başlayanda da məhz Şəhrizadın bu üsulu nəzərə alınıb. Fikir verirsinizsə, seriallar (təkrarları çıxmaq şərtilə) əsasən gecələr verilir və təxminən iki saatlıq bölüm ən maraqlı yerində bitdikdən sonra yorğun izləyici serialın təəssüratından ayrılmadan yatağına girir. Təbii ki bu, insanlara bədii zövq verməklə yanaşı, həm də sosial xarakter daşıyır. Seriallardan narkomancasına asılı qalan tamaşaçı artıq, ondan başqa heç nə düşünmür, hətta baş qəhrəmana özünü bənzədir, onun kimi davranır, özünü  də orada təsəvvür edir, yatağına belə o serial və qəhrəmanları haqqında düşünərək uzanır. Bəşəri, sosial problemlərdən uzaqlaşaraq, manqurtlaşır. Zəif iradəli, təsir altına tez düşən neçə belə insanın ailə dağıtdığı, serialda yaşanan hadisələrdən depressiyaya düşüb intihar etdiyi, infarkt keçirdiyi danılmazdır.   

Günümüzdəki serialların ilham pərisi və əslində yaradıcısı olan "Şəhrizad sindromu" başqa formada da özünü göstərir. Ümumiyyətlə, bu termini ilk dəfə amerikalı yazıçı və ssenarist Stefen Kinq işlədib. Onun "İztirab” əsərində qadın qəhrəman sevdiyi yazıçını öz köləsinə çevirir. Səbəb isə özünün baş qəhrəmanı olduğu əsəri məcburi yazdırmaq istəyi idi. Yazıçıya işgəncə altında məhz özünü xəyallarında təsvir etdiyi şəkildə yazdırır və əsərin sonluğunun da özü istədiyi kimi bitməsini arzulayır. Kinqin bunu "Şəhrizad sindromu” adlandırmasının səbəbi isə belədir: Şəhrizad onu öldürmək istəyən şahdan məhz nağıl vasitəsilə canını qurtarır və həyat qazanır. Ən azından əsərlərdə ölümsüz olmaq istəyənlər də başqalarının yazdığı kitablarda öz hekayələrini görmək istəyirlər.

Əslində, ürpədicidir. Çünki az da olsa çoxumuzda bu əlamətlər var. Kim hansısa əsərin qəhrəmanı olub, əbədiyyət qazanmaq istəməz ki?! Xalq yazıçısı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin qəhrəmanı Təhminə uzun illər qərbsayağı qadınların özünü bənzətdiyi idealı olmadımı? Üstəlik, bu Təhminə uğrunda qırğın gedirdi – tanınmış, tanınmamış bir çox qadın "Anar bu əsəri məndən ilhamlanaraq yazıb” deyirdi. Yazıçı üçün ilham pərisi olmaq, əslində rəssam üçün natura pozu vermək kimi bir şeydir. Rəssam kimi yazıçı da eynilə təsvir etdiyi qadını bütün çılpaqlığı ilə göstərir. Bu çılpaqlığa hazır olmaq hər qadının işi və cəsarəti deyil. Olsa da sonadək bu cəsarət davam etməz. Çünki hər qadın əvvəl-axır özünü könüllü dustaq edəcəyi bir "həbsxana”ya düşür  və "nəzarətçi”sinin onun keçmiş çılpaqlığını xatırlamasını istəmir. Məşhur pornoaktrisa Evita Peron kimi… Sevdiyi adama ərə gedib Argentinanın birinci xanımı olduqdan sonra çılpaq şəkillərinin bəzədiyi bütün jurnal və qəzetləri arxivinə qədər yandırtmışdı.

Bax belə… ölümsüzlük cismani mümkün olmasa da, mənən yaxşıdır, amma xəstə təxəyyülsüz olsa… Şəhrizaddan və onun ilham verdiyi seriallardan zövq alın, amma sindromuna tutulmayın.    


Şəfiqə ŞƏFA