28 Noyabr 2023 12:06
816
GÜNDƏM

3 müharibənin qalibi: İgidliyi genetik kodu olan bəy oğlu,GENERAL

Azərbaycan dünyanın elə bir nöqtəsində yerləşir ki, oranı elə "dünyanın gözü" adlandırmaq olar. Sıx meşələri, büllur kimi bulaqları, şaqraq şəlalələləri, gur axan çayları, zirvəsi qarlı dağları,  qışda da yamyaşıl olan dərələri-düzləri.

Bəli, Azərbaycan dünyanın ən gözəl "gözüdür". Üstəgəl, min illərdir  talanan, yağmalanan amma bitib tükənməyən təbii sərvətləri  ilə  hər zaman xain, ac  gözləri özünə cəlb edib. Məsələn çoxumuz elə bilirik ki, Rusiya - ruslar  Qafqaza - Azərbaycana  200-300 il əvvəl gəlib. Amma elə deyil, ruslar Azərbaycanın gözəlliyini, sərvətini 1079 il əvvəl kəşf etmişdilər .Bərdəni  944-cü il avqust ayının 24-də  işğal etməsi də  bunun sübutudur. Hələ başqa yadelli basqın və hücumları demirəm, təkcə bu gün də caynaqlarını Azərbaycandan çəkməyən Rusiyadan danışırıq. Odur ki, bu torpaqlarda doğulan oğullar istəsə də, istəməsə də gözünü dünyaya açandan hərb sənətinə meyilli olub. Ox atmaq, qılınc oynatmaq, çılpaq atla 4 nala çapmaq, uçurumlu qayalarda,  sıx meşələrdə döyüş aparmaq sənətini özbaşına, amma mükəmmlcə bacarıblar. Cəsur olublar, döyüşkən olublar, cəngavər olublar.

Uzun sözün qısası, Azərbaycan tarixində adı məşhur olan  igidlərdən, sərkərdələrdən  tutmuş,  tanınmayan, amma düşməni heyrətə gətirən, savaş meydanında yadelliləri məharətləri ilə  heyrətə gətirən  əsgərlərimizin bir çoxu haqqında çoxumuz heç nə bilmirik.Əsgər nədir, heç  dünyanın hərb  tarixində yeri, adı olan  general mayorumuzu tanımırlar.  Ötən gün qarşılaşdığım təxminən 10 nəfər azərbaycanlıdan Tərlan Əliyarbəyovun kim olduğunu  soruşdum. Gənclər hansısa bir aktyor olduğunu, nisbətən böyüklər isə hansısa bəy oğlu olduğunu söylədilər.  Sorğu keçirdiyimə peşman oldum və özümü də burda günahkar hesab etdim. Görəsən, biz jurnalistlərin bir çoxu "şou- biznes"in çirkin üzünü təbliğ edincə , niyə tariximizin qaranlıq səhifələrinə işıq salmağı, maarifləndirməyi, məlumatlandırmağı arxa plana atırlar?

 "Çox təəssüf edirəm" deyib,  Tərlan Əliyarbəyov haqqında tapıb-topladığım məlumatları oxucularımıza  təqdim edirəm.   

 

Fəxrimiz olan Bəyoğlu

 

1892-ci il noyabrın 28-də Şamaxı qəzasının Ağsu (indiki Ağsu şəhəri) kəndində Abdulla bəyin ailəsində bir oğul dünyaya gəlir. Adını Tərlan qoyurlar. Bəy oğlu olduğu üçün at çapmaq, ox atmaq, qılınc oynatmaq onun gündəlik əyləncəsi olub. Böyüdükcə , əyləncəsi hobbiyə, marağa dönüşüb, sonra taleyinin ayrılmaz hissəsinə çevrilib. 21 yaşında artıq o müharibənin ortasında idi.

 

1914-1918-ci illərdə  düz 4 il Birinci Dünya müharibəsinin iştirakçısı olub. Şamaxı alayının tərkibində rota və batalyon komandiri kimi alman cəbhəsində döyüşüb. Onun istedadı diqqətdən yayınmayıb – tezliklə batalyona rəhbərlik rota komandiri Əliyarbəyova həvalə olunub.

Uzaq Azərbaycanın gözdən uzaq bir  kəndinin yetişdirdiyi gəncin  məğlubedilməzliyi, cəsurluğu,  xüsusən ölümdən zərrə qədər qorxmaması  Qərb cəbhəsinə yayılır və 1916-cı ilin mayında Əliyarbəyov qılınc və kamanla III dərəcəli Müqəddəs Stanislav ordeni və “İgidliyə görə” yazısı olan IV dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilir. Oxucularımıza bildirim ki, belə gənc yaşda  bir müsəlman olaraq, bir türk olaraq  Rusiya İmperiasının belə bir ordeninə layiq görülmək möcüzə hesab olunur.

Amma Tərlan bəy cəsur olduğu qədər də vətənpərvər olub.Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşması zamanı qazandığı  ordenlərdən keçərək, Azərbaycan ordusunun quruculuğunda iştirak edib. 

1918–1919-cu illərdə Tərlan Əliyarbəyov Müsavat ordusunun alay komandiri, Bakı şəhəri rəisinin müavini olmuş, orduya çağırış zamanı baş vermiş qanun pozuntularının qarşısının alınması və s. ilə məşğul olur. Təəssüf ki, xain və ac gözlər Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyur. Azərbaycanda sovet höküməti qurulur.  Hərbi işlərdə böyük təcrübəyə malik olan komandir könüllü olaraq Qızıl Ordu sıralarına daxil olur. Bəlkə də  o çox istəyib ki, Azərbaycanlıların hərb sahəsində səriştəsiz, amma igid oğullarına hərbin incəliklərini öyrətsin, vətəni peşəkarlıqla qorumağın sirlərinibaşa salsın.

Elə olmasaydı, ordunu da Azərbaycanı da tərk edərdi, onun təcrübəsinə ehtiyacı olan istənilən Avropa ölkəsinə mühacirət edə bilərdi.  Bir yandan da Qarabağda dinc əhaliyə qarşı   ermənilərin terrorçu hərəkətləri onu orduda, Azərbaycanda saxlayır.  1920-ci ildə Qızıl Ordu sıralarına daxil olan Bəyoğlu dərhal Şuşa ətrafında ov edən daşnak dəstələri ilə mübarizəyə göndərilir. İki il ərzində, 1920-ci ildən 1922-ci ilə qədər onun komandanlığı altında bir neçə quldur birləşmələri ləğv edilir. (Təəssüf ki, T. Əliyarbəyovun Qarabağda fəaliyyəti ilə bağlı tarixçilərin heç bir geniş, ətraflı araşdırma yazısına rast gəlmədim- red-Ə.R.)

1925–1931-ci illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizəd seçilir. Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputatı olur, 1927-ci ildə M.V.Frunze adına Hərbi Akademiyada Ali Komanda heyəti kursunu bitirdikdən sonra Bakıya qayıdan Əliyarbəyov hərbi istedadını milli hərbi kadrların yetişdirilməsinə sərf edir.


Böyük Vətən Müharibəsi illərində Tərlan Əliyarbəyov yenidən hərbi xidmətə qayıdıb və 416-cı atıcı diviziyaya komandanlıq edib, 402-ci diviziyanın komandiri, 79, 88-ci alayın komandiri və 58-ci diviziya komandirinin müavini təyin edilir. Məlumatlara görə, onun komandanlığı ilə demək olar ki, Ukraynada 300 km olan məsafə almanlardan xilas olunub Tərlan bəyin hərbi xidmətlərini nəzərə alaraq 1944-cü il fevralın 9-da Sovet komandanlığı ona general-mayor rütbəsi verir.

1946–1948-ci illərdə Azərbaycan SSR maarif nazirinin müdafiə işləri üzrə müavini işləyir. Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputatı olur. 1948-ci ildə istefaya çıxır.

 Generalın nəvəsi Aygün Əliyarbəyova mediaya  bildirib ki, xidmət illərində Tərlan bəy dəfələrlə təltif edilib, amma çoxu bundan xəbərsizdir: "General Tərlan bəy Əliyarbəyovun sinəsini Çar Rusiyasının "Müqəddəs Georgi" ordeninin 4 dərəcəsinə və "Müqəddəs Stanislav" ordeninin 3-cü dərəcələri, Sovet İttifaqının Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri və çoxlu medallar bəzəyirmiş. Qeyd edim ki, 1769-cu ildə Rusiya imperatoru II Yekaterina tərəfindən təsis olunmuş “Müqəddəs Georgi" ordeni Rus imperiyasının süqutuna qədər dövlətin ən ali hərbi ordeni sayılırmış.

"Əla xidmət və cəsurluğa görə" devizini daşıyan "Müqəddəs Georgi" ordeninə yalnız "fövqəladə, xüsusi rəşadət, mərdlik, əla əsgəri qəhrəmanlıq göstərən" hərbi qulluqçular layiq görülürdülər. Bu orden 4 azərbaycanlıya təqdim edilib: Fərrux Ağa Qayıbov, Tərlan bəy Əliyarbəyov, Teymur Ağa Novruzov, Qalib bəy Vəkilov".
General-mayor Tərlan bəy Əliyarbəyov 1956-cı il fevralın 15-də vəfat edib. 

 

Genetik KOD: İGİDLİK

 

P.S.Vətən Müharibəsində şəhid olan qəhrəman əsgərlərimizdən biri Rüstəmov Rövşən Orxan oğludur. O, Azərbaycan Milli Ordusunun yaradılmasında fəal iştirak etmiş məşhur sərkərdə, general-mayor Tərlan bəy Əliyarbəyovun nəticəsidir. Generalın nəvəsi Aygün Əliyarbəyova bildirib ki, şəhidimiz Tərlan bəy Əliyarbəyovun qızı Yavər xanımın nəvəsi olub:“Yavər bibim Füzulidən olan Rüstəm bəylə ailə həyatı qurub.

Rövşən bibim oğlu Orxanın iki övladından biri idi. O, iki il olardı ki, hərbi xidmətdən qayıtmışdı. İşlə əlaqədar anası ilə birgə Gəncədə yaşayırdı. Əslində yaşayış yeri Bakı idi. Döyüşlər başlayanda dərhal hərbi komissarlığa getmişdi. Tərtərdə döyüşlərin ən qızğın çağında vuruşurdu. Rövşən Tərtərin Talış kəndində şəhid oldu.

 Hər iki igidimizin, hər iki fəxrimizin yeri cənnət olsun!

 Əntiqə Rəşid