adalet.az header logo
  • Bakı -°C
12 Oktyabr 2026 10:29
64
SİYASƏT
A- A+

Qarabağ Zəfəri: Tarixin Hökmü, Milli İradənin Təntənəsi və Azərbaycan Dövlətçiliyinin əbədilik amalı

“Tarix ziddiyyətlərlə dolu olan zaman axınıdır. Bəli, vaxt var idi, biz torpaqlarımızın işğal tarixini məktəblərdə şagirdlərə, efirlərdə millətə və digər sosial qruplara, dünyaya terrora, haqsızlığa, ədalətsizliyə məruz qalmağımızı böyük həsrətlə, böyük yanğı ilə, hiddətlə çatdırırdıq. Lakin indi isə biz azad etdiyimiz ərazilərin azadlıq tarixlərini böyük qürurla dərsliklərə və digər platformalara qızıl hərflərlə yazırıq”. 

Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

O, fikrincə bu, bir reallıqdır və tarix elə məqamları yetişdirir ki, illərlə, əsrlərlə xalqın qəlbində gəzdirdiyi həsrət bir liderin qətiyyəti, bir sərkərdənin iradəsi, bir xalqın milli birliyi ilə gerçəyə çevrilir:

“Qarabağ heç də bizim üçün sadəcə bir coğrafi məkan deyildi. O, xalqımızın mənəvi yaddaşı, milli qüruru, tarixi ədalətə inamı və yarımçıq qalmış arzularının rəmzi idi . Bir sərkərdənin ən böyük şah əsəri Vətən torpağını azad etmək, bir Ali Baş Komandanın ən böyük tarixi missiyası isə xalqının yurd həsrətinə son qoymaqdır. Bu müqəddəs missiya hər kəsə nəsib olmur”. 

Politoloq 2020-ci ilin tarixi Zəfərinin bizim tariximizdə dönüş nöqtəsi olduğunu deyib:

“Torpağa sevgisi olan hər kəs bilir ki, düşmən tapdağı altında olan torpaqların sakinləri özlərini həyatda zəif və sınmış hiss edirlər. Amma bu dönüş nöqtəsi illərin qubarına, illərin siyasi nöqsanlarına, illərlə yığılıb qalmış torpaq nisgilinə son qoydu. Bu Zəfərin fəlsəfi mahiyyəti millətin özünəinamını bərpa etdi, möhkəmləndirdi, dövlətçilik iradəsini nümayiş etdirdi. Elə müqəddəs anlar var ki, onların qiyməti yalnız həmin günlə deyil, hadisənin gələcək nəslin taleyinə, dövlətin siyasi taleyinə olan təsiri ilə ölçülür. Bəli, biz öz Zəfər Günümüzlə buna görə qürur duyuruq. Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı, xalqımızın birliyi və Liderin siyasi iradəsi bu tarixi nəticələri bizə bəxş etdi. Tarixi Zəfərimiz böyük şərəfdir, çünki biz Zəfər ölkəsiyik. Onu qorumaq isə Vətən və dövlət anlayışını bilən, onları vicdanla sevən hər kəs üçün məsuliyyətdir”.

Vasif ƏLİHÜSEYN