adalet.az header logo
  • Bakı -°C
30 Oktyabr 2026 10:18
80
SİYASƏT
A- A+

“Milli maraqlara əsaslanan siyasət ən mürəkkəb vəzifələrin həllini mümkün edir”

Azərbaycanın müstəqillik tarixinin ən mühüm xüsusiyyətlərindən biri milli ənənələrin, özünəməxsus həyat tərzinin və dövlətçilik dəyərlərinin qorunaraq daha da möhkəmləndirilməsidir. Prezident İlham Əliyevin VII Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışı zamanı səsləndirdiyi fikirlər göstərir ki, müstəqilliyin möhkəmləndirilməsi həm də milli kimliyin, cəmiyyətin birliyinin və xalqın öz gələcəyini müstəqil müəyyən etmək iradəsinin gücləndirilməsi deməkdir.

Azərbaycan 35 illik müstəqillik tarixində mürəkkəb sınaqlardan keçib. Ölkəmiz həm daxili çətinliklərlə üzləşib, həm də müxtəlif xarici təzyiqlərə məruz qalıb. Lakin bütün bu sınaqlar Azərbaycan xalqının öz dövlətinə bağlılığını və müstəqillik əzmini sarsıda bilməyib. Əksinə, zaman keçdikcə milli həmrəylik, dövlətçilik düşüncəsi və suverenliyə sədaqət daha da güclənib.

Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan xalqı öz taleyini özü həll edib və əldə etdiyi nailiyyətlərlə dünyaya nəyə qadir olduğunu nümayiş etdirib. Bu yanaşma ölkəmizin müasir tarixinin əsas mahiyyətini ifadə edir. Azərbaycan artıq öz gələcəyini kənar qüvvələrin qərarları əsasında deyil, milli maraqlarına və suveren hüquqlarına uyğun şəkildə müəyyən edən dövlətdir.
Müstəqillik illərində Azərbaycanın qarşısında dayanan başlıca vəzifələrdən biri Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Uzun illər davam edən danışıqların nəticəsiz qalması, münaqişənin həlli əvəzinə dondurulmasına yönəlmiş yanaşmalar Azərbaycanın qarşısında ciddi maneələr yaradırdı. Beynəlxalq vasitəçilik mexanizmləri işğala son qoymaq və ədaləti bərpa etmək baxımından gözlənilən nəticəni vermədi.

Lakin Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı. Dövlətimiz bütün bu illər ərzində güclü iqtisadiyyatın qurulması, ordunun modernləşdirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli birliyin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdi. Nəticədə Azərbaycan öz gücünə, siyasi iradəsinə və xalqın həmrəyliyinə arxalanaraq tarixi məqsədinə nail oldu.

44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası Azərbaycan dövlətinin müstəqil qərarvermə qabiliyyətinin, ordusunun gücünün və xalqın milli iradəsinin parlaq təzahürü oldu. Bununla da uzun illər ərzində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edə bilməyəcəyini düşünən qüvvələrin hesablamaları alt-üst edildi.
Bu təcrübə göstərdi ki, milli maraqlara əsaslanan ardıcıl siyasət, güclü dövlət və xalq-iqtidar birliyi qarşıya qoyulan ən mürəkkəb vəzifələrin həllini mümkün edir.

Dövlət başçımızın da bəyan etdiyi kimi, cəmiyyətin mənəvi dayanıqlığı, milli dəyərlərə bağlılığı və dövlətçilik şüuru da müstəqilliyin qorunmasının ayrılmaz hissəsidir.

Azərbaycanın uğurlarını həzm edə bilməyən, ölkənin müstəqil siyasətini zəiflətməyə çalışan və cəmiyyətdə süni qarşıdurma yaratmağa cəhd göstərən antimilli dairələrin fəaliyyəti də bu baxımdan təəssüf doğurur. Onların əsas məqsədlərindən biri milli maraqlarla ictimai düşüncə arasında ziddiyyət yaratmaq, dövlətlə xalq arasındakı etimadı sarsıtmaq və ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaqdır.

Lakin Azərbaycanın müstəqillik təcrübəsi göstərir ki, bu cür cəhdlər strateji baxımdan uğursuzluğa məhkumdur. Torpaqlarımızın azad edilməsi, suverenliyin bərpası, beynəlxalq mövqelərimizin güclənməsi və ölkəmizin inkişafı antimilli təbliğatın əsas iddialarını təkzib edən real nəticələrdir.

Antimilli dairələrin fiaskosu, ilk növbədə, Azərbaycan xalqının dövlətçilik iradəsini düzgün qiymətləndirə bilməmələrinin nəticəsidir. Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi həmrəylik göstərir ki, milli maraqların qorunması məsələsində süni parçalanma yaratmaq cəhdləri ölkənin inkişaf yolunu dəyişmək gücündə deyil.

Dövlətçilik dəyərlərinə bağlı, informasiya təsirlərini düzgün qiymətləndirə bilən və milli maraqları üstün tutan cəmiyyət xarici manipulyasiyaları da zərərsizləşdirmək gücündədir.

Azərbaycan xalqının iradəsini, milli həmrəyliyini və müstəqil inkişaf əzmini nəzərə almayan heç bir təzyiq və təbliğat ölkəmizin strateji hədəflərini dəyişdirə bilməz.

Könül Nurullayeva,

Milli Məclisin deputatı