Aqil Abbas: "Deputat qazandığının hamısını evə apara bilmir" - MÜSAHİBƏ

Adalet.az Kulis.az-a istinadən yazıçı, Millət vəkili Aqil Abbasla müsahibəni təqdim edir.
— Yaxın vaxtlarda səhhətinizdə problem yaranmışdı. İndi necəsiniz?
— Yaxşıyam. Yaşım 70-i keçib, qocalıq əlaməti idi. Müalicə olundum, keçdi getdi.
— Tez-tez Ağdama gedirsiniz. Ağdam azad olunanadan sonra ora ilk dəfə gedəndə hansı hissləri keçirdiniz?
— Sözlə ifadə eləmək mümkün deyil. Şəhərə girəndə kiçik oğluma zəng elədim. “Ağdama girirəm” deyib ağladım. Telefonu söndürdüm ki, cavabını eşitməyim. Yoxsa lap pis olardım. Nə qədər zəng elədi, götürmədim. Həyətimizə girəndə zəng elədim ki, həyətdəyəm, yenə ağladım və telefonu söndürdüm. Hər yer dağıdılmışdı. Bir dəfə məndən soruşdular ki, orada evinizi tapa biləcəksən? Demişdim ki, it iyləyib yiyəsini tapan kimi mən də it kimi iyləyə-iyləyə həyətimizi tapacağam. Heç kim inanmadı. Birbaşa həyətimizə getdim. Heç kimi qrupdan ayrılmağa icazə vermirdilər. Mənə hörmət eləyib icazə verdilər. Ancaq nə tapdım – daş qalaqlarını...
— Hətta demişdiniz ki, ev verilsə, gedib orada yaşayacağam.
— Ağdama ilk köç olanda mən müraciət eləyəcəyəm. İki otaqlı ev olsa, bəsimdir. Xanımımla danışmışam, o da razıdır. Əslində, elə təklif də ondan gəlmişdi. Biz bir nümunə olaq ki, deputat Ağdama köçdü.
— Niyə köçün məcburi olmalı olduğunu düşünürsünüz?
— Fateh Sultan Mehmet İstanbulu fəth eləyəndə İstanbul xristiyan şəhəri idi. Onda əmr eləyir ki, türkmən kəndlərini İstanbula köçürün. Onda türkmən bəyləri etiraz eləyir. Çünki onlar tərəkəməçiliyə öyrəşmişdilər. Ancaq əmrdən sonra İstanbula gəlib oranı müsəlman şəhəri eləyirlər. İndi Ağdama da təbii ki, ağdamlılar gedəcək. Mənə o qədər müraciət eləyən var ki. Üç kənd tikilib, ikisi istifadəyə verilib. O kəndlərin üstündə adamlar dava salır. Ev-eşiklərinə qayıtmaq istəyirlər. Ancaq köçmək istəməyəni də məcburi şəkildə köçürtmək lazımdır. Haradan gəlmişdinsə, qayıt ora.
— 90-cı illərdə Ağdamdan köçürüldüyünüz vaxtları necə xatırlayırsınız?
— Mən Bakıda yaşayırdım. Universitetə girəndən sonra Bakıda yaşamışam. Ağdamda bir bacım, bir qardaşım, bir də atam yaşayırdı. Bacımla qardaşım gecə düşəndə Bayat kəndində qalırdılar, gündüz qayıdıb gəlirdilər. Amma atam həmişə Ağdamda qalırdı. İşğal vaxtı atam işdə olmuşdu. Şıxbabalı kəndində baş mühasib işləyirdi. Fred Asifin uşaqları gəlib deyiblər ki, dayı, Ağdama giriblər. Ara yoldan Ağcabədiyə tərəf çıxartmışdılar. Yoxsa atam bilmirdi. Atama bir tapança vermişdim. Demişdim ki, qəfil erməni girər, səni əsir götürər, sonra ölərik. Altın çəkə bilmərik. Amma erməni girən kimi özünə at, bilək ki, ölmüsən. Biri var adam ölə, biri də var əsir düşə. Bütün günü fikirləşəsən ki, indi ona nə əzablar verirlər. Şükür ki, atam özünü öldürməmişdi. Uşaqlar gəlib çıxartmışdılar.
— Hansı əsərinizdən sonra hiss elədiniz ki, artıq məşhursunuz?
— Hələ lap cavan yaşlarımda Qədir Rüstəmova həsr elədiyim “Evləri köndələn yar” adlı bir povest yazmışdım. “Ulduz” jurnalında çap olunmuşdu. O povest çıxandan sonra 10 minə yaxın məktub almışdım. Sonra başladım fərqli mövzularda yazılar yazmağa. Ancaq mənə ən böyük şöhrəti “Dolu” gətirib.
— Deputat olmağa necə qərar verdiniz?
— 2005-ci ildə namizədliyimi verdim. Deputat körpüdür. Xalqın sözünü hökümətə, hökümətin sözünü xalqa çatdırır. Mən dərin siyasətçi deyiləm. Amma istər-istəməz qoşulmuşuq. 20 ildir ki, deputatam. Xalqın səsini parlametə çatdırmağı bacarmışam.
— Yaxınlarda deputat Səyyad Aran müsahibəsində demişdi ki, 5 min manat maaş alıram. Bu maaşla necə dolanım? İşə metro ilə gedirəm. Siz necə, dolana bilirsiniz deputat maaşı ilə?
— Dolanıram, niyə dolanmıram? Deputatdan istək çox olur. Telefonumu açsanız yüz mesaj oxuyarsınız. Biri deyir dərmanpulu, biri deyir çörəkpulu. Bəziləri də yalandan yazır. Deputat qazandığının hamısını evə apara bilmir. Amma ailəsini dolandıra bilir. İki oğlum var, ikisi də işləyir. Onlarla bir evdə yaşayırıq. Səyyadın o sözü ilə razı deyiləm. Bahalı maşında gəzmirəm. Əvvəllər parlamentə “07” ilə gedirdim. Sonra oğlanlarım dedi ki, ata, hamı orada bahalı maşın sürür. Mənim üçün maşın, sadəcə, bir vasitədir.
— Deputatların bəzisi çox yaxşı yaşayır, bəziləri də onlardan daha aşağı səviyyədə.
— Bəzi deputatalar iş adamı olublar. Xeyli pul qazanıblar. Bəziləri də mənim kimi jurnalistikadan gəliblər. Ancaq bu məni heç vaxt narahat eləmir. Mən heç vaxt kiməsə baxıb qibtə eləmərəm.
— Tez-tez polemika yaradacaq fikirlər deyirsiniz. Qorxmursunuz ki, bunlar sizə problem yaradar?
— Ürəyimdə nə varsa, onu deyirəm. Problemlər yaradır, ancaq bu o demək deyil ki, mən danışmamalıyam.
İnsanlar Xocalıda kəndlərə köçmüşdülər. Onlara torpaq sahəsi ayrılmamışdı. Hansısa monopolist gedib orada 600 hektar bir, 200 hektar bir torpaq götürmüşdü. Demişdim ki, belə olmaz axı, kəndə gedən adamın torpaq sahəsi olmalıdır. Kəndli torpaqla yaşayır. O məsələdə mənə çox problem yaratdılar. Sonra Prezident Sərəncam imzaladı ki, köçən adamlara torpaq sahəsi verilsin.
— Siz deputatlıq dövrünüzdə təyin olunduğunuz yerdə hansı dəyişikliklər eləmisiniz?
— Məktəblərin tikilməsini plana saldırmışam. Hindarx kəndində mini futbol stadionu tikdirmişəm ki, uşaqlar gəlib orada rahat futbol oynasınlar. Doğulduğum kənddə öz hesabıma kitabxana tikdirmişəm. Hələ onda deputat deyildim. Doğulduğum kəndin məktəbi pis vəziyyətdə idi. Mən xahiş eləyəndən sonra Heydər Əliyev Fondu orada məktəb tikdi.
— İnsanlar vəziyyətlərinin yaxşılaşması üçün tələblər irəli sürür. Onlardan biri də uşaqpuludur. Sizcə, uşaqpulu verilməlidir?
— Əlbəttə. Uşaqpulu verilməlidir. O vaxt bu qanun çıxarılanda sui-istifadə elədilər. Məsələn, imkanlı adamın ailəsinə o pul verilməməlidir. Ancaq imkansız ailələrə verilməlidir. Mənim fikrimcə, uşaqpulu verilməlidir.
— Yerli kanallar, proqramlar barədə nə düşünürsünüz?
— Verilişlərin hamısı bir-birinin təkrardır. Biri ərin qoyub qaçıb, biri arvadın. Mən də parlamentdə dedim ki, bütün günü arvad boğuşması verirlər. Belə şeylər millətin əxlaqına zərbədir. Azərbaycanda neçə arvad ərin qoyub qaçar? Olsun 10 nəfər. Sən bunu 10 milyona şamil eləyə bilməzsən axı. O qədər göstərirlər, evdə baxanda fikirləşir ki, o qoyub qaça bilir, mən niyə qaçmayım? Avropa çalışır ki, bizdə ailə dəyərləri pozulsun. Bunun üçün pul buraxırlar. Ailə dəyərləri dağılanda, Azərbaycan olmayacaq.
— Bəziləri deyir ki, sosial verilişlər müəyyən məsələləri həll eləyir, bəziləri də deyir ki, bunun üçün hüquq-mühafizə orqanları var.
— Mənim o verilişlərdə bir şeydən xoşum gəlir ki, xəstə adamlara kömək eləyirlər. Evi olmayana sığınacaq verirlər. Çox vaxt da həkimləri dəvət eləyirlər.
Ancaq o verilişləri başqa, arzuolunmaz tərəfi də var. Deyir, milçək bir şey deyil, amma yenə də ürək bulandırır. Boşanmaların artmasında bu tip verilişlərin ciddi təsiri var.
— Bayaq dediniz ki, mənə ən böyük məşhurluğu “Dolu” gətirdi. Necə başladınız o romanı yazmağa?
— Ağdam işğal olunandan sonra romanın mövzusunu beynimdə gəzdirirdim. 15 il fikirləşdim, yaza bilmədim. Elməddin Sərdar adında bir qazi var. 16 yaşında vuruşub, yaralanıb. Mənə bir hadisə danışdı. İmrətin həyətində bir dostu ilə dalaşıblar. Camaat aralayıb. Ancaq pis söyüş söyüblər. O deyib mən səni öldürəcəm, bu deyib mən səni öldürəcəm. İki gün sonra dalaşdığı oğlana güllə dəyib. Çiynimə qaldırdım ki, güllələrin altından çıxarım. Yolboyu deyirdi ki, Elməddin, nə yaxşı ki, güllə mənə dəydi, sənə dəysəydi, elə biləcəkdilər ki, mən vurmuşam. Deyir, elə qucağımda da öldü. O mənim üçün açar oldu, romanı bir aya yazıb qurtardım. O romanı təyyarədə də yazırdım, siqaret qutusuna da yazırdım, salfetə də yazırdım. Romanın adını Pələngin ölümünə görə “Dünyanın ən gözəl ölüsü” qoymuşdum. Sonra xanımım oxuyanda dedi ki, Markesin bu adda əsəri var. Romanın adının “Dolu” olmasını da o dedi.
— Əsərə film çəkilməsi ideyası sizdən gəldi?
— Yox. Heç ağlıma da gəlməzdi. Əbülfəz Qarayev zəng elədi ki, Prezident sənin filminə pul ayırıb, ssenari yazmaq lazımdır. Bir-iki adama dedim ki, bunu ssenari eləyin. Yazdıqları xoşuma gəlmədi. Özüm yazdım. Sonra film çəkildi.
Elxan Cəfərov çox yaxşı rejissordur. İndi birini də yazmışam zəfərlə bağlı – “Dolu 2”. Onu da Mədəniyyət Nazirliyinə vermişəm. Deyəsən, qəbul eləyiblər. Onu da elə Elxan Cəfərov çəkməlidir. Ayrı adam çəksə, razı olmaram.
— Neçənci ildən AYB-nin üzvüsünüz?
— 1985-ci ildən.
— Sizcə, AYB ədəbiyyatı yaşadır, yoxsa gənclərin qabağını kəsir?
— AYB adamın əlindən qələmi tutub alır ki, yazma? Bu qədər sayt, qəzet, jurnal var. Yaz da nə qədər istəyirsən. AYB gənclərə əl tutur. Prezident təqaüdü verir. Əvvəllər ev də verirdi, indi o səlahiyyəti yoxdur. AYB əjdaha deyil ki, suyun qabağını kəssin. Azad Yazarlar Ocağı təsis eləmişdilər, heç qeydiyyatdan da keçə bilmədilər. Get keçirt, sən də bir AYB yarat, sən də qrant al, iş gör.
AYB mənə heç vaxt nəyisə sifariş eləməyib. Belə qurumlar müxtəlif adlarla dünyanın bütün ölkələrində var.
Anar Azərbaycan xalqının pasportudur. Pasportu tez-tez dəyişməzlər. Ətrafındakılar da gənclərdir. Rəşad Məcid, Çıngiz Abdullayev, Elçin Hüseynbəyli və başqaları.
— Anardan sonra sədr olaraq kimi görürsünüz?
— Rəşad Məcidi.
— Hazırda hansı əsər üzərində işləyirsiniz?
— Ağdamla bağlı yazılar yazıram. Niyə yazıram? Çünki yeni doğulanlar Ağdamın xarakterini bilmirlər. Yazıram, bilsinlər ki, Qarabağ camaatının xasiyyətinə, xarakterinə bələd olsunlar. Sonra Ağdama köçəndə bunları mənimsəyə bilsinlər.
— Sizcə, sizə niyə Xalq yazıçısı adı vermirlər?
— Mən onsuz da xalqın yazıçısıyam. Verərlər, verməzlər, bunun davasını aparmıram. Nə yalan deyim, hərdən bu məni narahat eləyir. Ancaq mənim başqa ordenlərim var. Bunu da verərlər də.
— Deyirlər siyasətdə dost olmur. Siyasi aləmdə dostlarınız var?
— Var, amma əsas dostlarım ədəbiyyat sahəsindədir. Mən ütülü danışa bilmirəm. Elə siyasətçi dostlarımın da bu tərəfim xoşuna gəlir. Bir cavan deputat var. Bir sözü xoşuma gəlmədi. Dedim ki, qələt eləyir. Hamı çaşıb qaldı. Özümdən asılı olmadı. Amma o mənim sözümdən incimədi. Durdu məni öpdü, dedi ki, Aqil müəllim, düz deyirsən.
— Bu yaxınlarda Şah İsmayılla, Çaldıranla bağlı məsələ yenidən gündəmə gəldi. Siz bu barədə nə düşünürsünüz?
— Şah İsmayıl Azərbaycan xalqının ən böyük sərkərdəsidir və təmiz türkdür. Müqəddəs saydığımız adamlara söz atılanda, əlbəttə ki, bizim heysiyyatımıza toxunur. Ərdoğan da gərək o sözü deməyəydi. Burdan yola çıxıb sünni-şiə davası salmaq nə bizə xeyirdi, nə də Türkiyəyə.
Mənim tanıdığım adamların arasında Azərbaycanı sevən çox adamlar var, ancaq türklər bizi bizim onları sevdiyimiz qədər sevmirlər. Bir dəfə onların ziyalıları ilə oturmuşdum. Məlum oldu ki, onlar bizim heç bir şair-yazıçımızı tanımırlar. Dedim ki, o vaxt insanlar Nazim Hikməti orijinaldan oxumaq üçün latın qrafikasını öyrənmişdi. Amma sizin heç birinizin bizə sevginiz yoxdur. O boyda Türkiyədə cəmi bir ermənişünas var.
— Tez-tez idman saytlarından yazılarınızı oxuyuram. Futbola maraq necə yaranıb?
— Futbolu çox sevirəm. O vaxt hamı kimi mən də “Neftçi”ni sevirdim. Sonra “Qarabağ”ı sevdim. Çünki özüm də qarabağlıyam. Hər şeydən əvvəl gərək liqamız güclü olsun. “Qarabağ” “Bayer”lə oynayandan 2 gün əvvəl “Səbail”lə oynayır. Fərqə baxın da. Çempionat yavaş-yavaş dirçəlir.
Bir məsələ də var. Tovuzda stadion dolur, amma Bakıda dolmur. Bölgədə insanların futbola marağı daha çoxdur. Ancaq bugünkü çempionat Bakı çempionatıdır.
— Gənc müəlliflərdən kimləri oxuyursunuz?
— Aqşin Yeniseyi, Şərif Ağayarı, Ulucay Akifi, Seymur Baycanı, Zahir Əzəməti, Qisməti oxuyuram.
— Sizcə, bizdən hansısa yazıçı Nobel ala bilər?
— Nobel siyasi mükafatdır. İnanmıram ki, onu Azərbaycana versinlər. Gərək millətinə, dövlətinə söyəsən. Kimə istəyirlər, ona verirlər.
— Yadıma gəlir, o vaxt Əkrəm Əylislinin “Daş yuxular”ı çap olunanda onun haqqında da deyirdilər ki, Əkrəm Nobel almaq istəyir.
— Əkrəmə demişdilər ki, belə bir əsər yaz, Nobelə təqdim eləyək, o da yazdı. Ancaq vermədilər. Sonradan kitablarını yandırdılar-filan. Kitab yandırmaq mənasız şeydir. Əkrəm çox gözəl yazıçıdır, gözəl dili var. Ancaq gərək “Daş yuxular”ı yazmayaydı. Yazmışdısa da gərək bəzi şeyləri deyəydi. Azərbaycanlı erməninin evini niyə dağıtsın ki? Əksinə, onlar eləyib nə eləyibsə. Bunlardan da yazsa idi, nəsə olardı. Ancaq Əkrəmin əleyhinə heç vaxt heç nə yazmamışam, yazmaram.
Digər Xəbərlər

Asəf Quliyev yeni filmin çəkilişlərinə hazırlaşır

Mutizmli uşaqların ünsiyyət bacarıqları ailə mühitindən asılıdırmı?- Psixoloqdan açıqlama

Əhməd İsmayılov: Rəqəmsal çağırışlara uyğunlaşmaq yalnız texnoloji deyil, etik, hüquqi və sosial yanaşmalar da tələb edir - MÜSAHİBƏ

Sağlam ana, sağlam körpə: Hamiləlik və doğuşla bağlı vacib tövsiyələr

Od dilində danışan, "dərin dəryalarda batan" Nazim Muradovla MÜSAHİBƏ

ALLAHVERDİ BAĞIROV: «MƏN XANKƏNDİNDƏ ÖLƏCƏM»
jpg-1747398279.jpg)
Şıxovuzu Şikahoq edənlərin növbəti iftirası:" 60 ha meşəmizi..."
