adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Mart 2023 13:59
886
ƏDƏBİYYAT

Aqşin Yenisey: “Aydınlarımız toy müğənnisi kimi yaşamaq istəyirlər” 

Ədəbiyyat incəsənətin digər qolları ilə sıx təmasda olmalıdır.Filmlə, musiqilə, rəssamlıqla və s. Azərbaycanda bu vəhdət Sovet dövründə var idi. Müstəqillik dövründə bu bağın qırılmasını nə ilə əlaqələndirirsən? Bu ədəbiyyatın axsaqlığıdır, yoxsa?

Adalet.az bu mövzu ilə bağlı Şair, yazıçı Aqşin Yeniseyə sual ünvanlayıb.

Şair, yazıçı Aqşin Yenisey çıxış yolunu intellektual elita yaratmaqda görür:

Onun sözlərinə görə,Sovet dövründəki “mədəni həmrəylik” ideoloji öhdəlik idi. Yəni qızı oğlana zorla vermişdilər. İmperiya dağılan kimi sovet mədəniyyəti də dağıldı. Çünki təbii yaradıcı ideyaların nəticəsi deyildi bu həmrəylik. Həm də milli düşüncələrə, emosiyalara söykənmirdi. Adına “sovet vətəndaşı” deyilən bir uydurma varlıq üçün mentalitet yaratmaq kimi avara bir məqsədə qulluq edirdi. Kitab oxuyan, film çəkən, musiqi bəstələyən, biz sözlə, intellektual əməklə məşğul olan xalqların hamısı zorakı maarifləndirmə yolu keçiblər, amma bu zorakılıq milli ideyalara xidmət edib. Mədəniyyət tarixin bütün dövrlərində başdan qarına deyil, qarından başa doğru inkişaf edib. Rifahı olmayan heç bir xalqı intellektual həzz maraqlandırmır. Düzdür, Bakının küçələri doludur kreditlə, cürbəcür qeyri-leqal yollarla alınmış bahalı maşınlarla. Amma bu, rifahın yox, bəhsəbəhsin, saxta elitarlığın nəticəsi, göstəricisidir. Çünki əhalinin doxsan faizi o bahalı maşınlara minib hər gün gündəlik çörəkpulunu qazanmağa gedir. Səksən-doxsan min manatlıq avtomobillərlə taksi xidməti göstərən adamlar bizim mövzuya aid deyil. Bu gün ac olan təbəqə Azərbaycanın yaradıcı insanlarından ibarət zümrədir. Mədəni həmrəyliyin olmamasının səbəbi mədəni insanların ac olmasıdır. Bu adamlar müasir dövrümüzün qədim ovçularıdır. Hər gün evdən ov dalınca çıxır, çox vaxt da evə əliboş qayıdırlar. Budur Azərbaycanda mədəni böhranın səbəbi.

Fransız filosofu Derrida "Marksın ruhları" kitabında yazır ki, dünyada heç vaxt liberalizm dövründə olduğu qədər çox sayda varlı və azad kölə olmayıb. Azərbaycanın yaradıcı insanları bu cümlədəki “azad kölə”lərdir. Sovet sistemi dağılıb, onları “Platonun mağara”sından açıb buraxıblar, amma getməyə yerləri yoxdur. Ac qalmamaq üçün günəmuzd həyat yaşayırlar. Müstəqillik illəri sübut etdi ki, Azərbaycan xalqının başının üstündə qapaz olmayanda toyxanadan, meyxanadan başqa heç nə yarada bilmir. Bu, bütün xalqlara aiddir. Mədəniyyət xalqın, kütlənin ixtiyarına qalanda Freydin xəbərdarlıq etdiyi ibtidai vəhşiliyə doğru geri qayıtmağa məhkumdu. Bu gün Azərbaycanda bu proses gedir. Xalq yaradıcısı olduğu öz mədəniyyətini ibtiadi icmaya doğru aparır. Bu da yaradıcı insanları bədbinləşdirən, onları “cəhənnəm ki” düşüncəsinə sürükləyən mənzərədir.

 

“Mədəniyyət öləndə onun yerini din tutur”

 

Aqşin Yenisey din-mədəniyyət əlaqələrinə də toxunub:

“Azərbaycanda urcah olduğumuz “Mədəniyyət böhran”ının daha bir səbəbi isə mədəniyyəti təmsil edən adamların bütünləşmək əvəzinə, bütləşməyə meyilli olmasıdır. XX əsrin dünya sənət nəzəriyyələri iddia edir ki, ziyalı, aydın, intellektual öz cəmiyyətində təkcə söz faktı kimi deyil, həm də səs faktı kimi də çıxış etməlidir. Ağac bar verdikcə başını aşağı dikə bilər, təbiət onu belə yaradıb. Amma insan öz məqsədlərini özü yaradan varlıqdı. O, bar verdikcə başını dik tutmalıdır. Aydınlarımız, intellektuallarımız özünü boynubükük əncir ağacı kimi aparırlar. Səbəb? Aydınlarımız toy müğənnisi kimi yaşamaq istəyirlər. Susduqca, əzilib-büzüldükcə hörmət qazanırlar. Azərbaycandan başqa dünyanın heç harasında susmaq qızılla ölçülmür. Şəxsi xoşbəxtliklərin dəbə minməsi milli bədbəxtliyə gətirib çıxarıb. Sovet dövründə zədələnən ictimai əxlaq bu gün əcinnəyə çevrilib. Mədəniyyət öləndə onun yerini din tutur. Din isə hakimiyyəti əldən verməmək üçün öz xurafatını, cəhalətini yaratmalıdır. Bu gün cəmiyyətimiz xirtdəyəcən cəhalətin içindədir, universitetindən tutmuş domsovetinəcən.

Çıxış yolu nədir? İntellektual elita yaratmaq. İctiami sərmayəni bu elitanın yaradılmasına xərcləmək. Bu elita yaranmasa, Azərbaycan bir millət, bir dövlət olaraq gec-tez yağışdan çıxıb yağmura düşəcək”.

Eminquey