adalet.az header logo
  • Bakı -°C
14 Iyun 2026 08:00
43
ANALİZ
A- A+

Azərbaycan dövlətçiliyində tarixi dönüş və sabitlik strategiyası

Dövlətçiliyin əsaslarının möhkəmlənməsi, sabitliyin təmin olunması 1992-93-cü ildə Azərbaycan xalqının qarşısında duran ən ümdə məsələ idi. Hakimiyyət daxilində baş verən hadisələr torpaqlarımızın itirilməsi ilə nəticələnirdi. İqtisadi böhranın siyasi böhranla əvəzlənməsi xalqın ümummilli lider Heydər Əliyevin rəhbərliyə gətirilməsi istəyini günü-gündən artırdı. Nəticədə o zamanın ziyalılarının müraciəti əsasında 1993-ci ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyimizi xilas etdi, sabitlik və inkişaf üçün möhkəm zəmin yaratdı. Bu inkişaf müstəqil Azərbaycan tarixinin yenidən yazıldığı, müasir Azərbaycan dövlətinin inkişaf mərhələsinin başlanğıcı, xalqın öz gələcəyini qorumaq iradəsinin və dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümü idi.

Ümummilli lider Heydər Əliyev hakimiyyətin ilk illərində həm daxili həm xarici siyasətdə bir sıra uğurlara imza atdı. İmzalanan neft kontraktları iqtisadi imkanların genişlənməsinə səbəb oldu. Ermənistanla əldə olunan atəşkəs ordu quruculuğunun yaxşılaşdırılmasına gətirib çıxardı. Beynəlxalq tribunalarda Azərbaycanın haqlı mövqeyinin müdafiəsi BMT kimi mötəbər qurumun torpaqlarımızın işğalı ilə bağlı 4 qətnamə qəbul etməsi ilə nəticələndi. 

1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaqlar oldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini qəti şəkildə dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin qarşısı alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və Ümummilli lider dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı.

 Ulu Öndərin təşəbbüsü ilə sosial sahədə ardıcıl və məqsədyönlü siyasət nəticəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Əhalinin rifah halının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin mərhələli şəkildə artırılması, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və bu sahədə innovativ yanaşmaların tətbiqi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə mühüm töhfə vermişdir. Sosial təminat sisteminin şəffaf mexanizmlərlə idarə olunması vətəndaş məmnunluğunu əhəmiyyətli dərəcədə artırmışdır.

Həyata keçirilən konseptual siyasət təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələr kimi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və idmanın inkişafında da özünü daha qabarıq şəkildə büruzə verirdi. Gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənə sədaqətli və fiziki cəhətdən sağlam vətəndaşlar kimi formalaşması üçün ardıcıl layihələr reallaşdırılmışdır. Regionlarda müasir Olimpiya İdman kompleksləri və idman zalları tikilmiş, müxtəlif idman növləri üzrə kütləvilik təmin olunmuşdur. Beynəlxalq yarışlarda uğur qazanan idmançıların yetişməsi bu siyasətin real nəticəsidir. Gənclərin fəallığını artırmaq məqsədilə müxtəlif sahələr üzrə təlimlər, müsabiqələr və təşviqedici təşəbbüslər dəstəklənmişdir.

Böyük siyasətin miqyası həm də onun uzun tarixi dövrün reallıqlarına cavab verərək yetirdiyi varislər tərəfindən uğurla davam etdirilməsi ilə ölçülür. Bu baxımdan Heydər Əliyev tərəfindən qurulan güclü dövlət təməli, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi. İqtisadi layihələr, güclü ordu quruculuğu və sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanı tarixi hədəfinə doğru apardı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən illər ərzində daha da güclənib, dünyada nüfuzlu dövlətə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon təşkilatının əməkdaşı