Bakının ortasında güllələnən general-leytenantın qətlindən 16 il ötür
![](https://adalet.az/uploads/img/posts/2025/02/10/Fotoramiojpg-1739202106.jpg)
2009-cu ilin soyuq 11 fevralı... səhər saatları... Azərbaycan müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı olmuş general-leytenant Rail Rzayev Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı 125 ünvanında yerləşən evindən çıxıb asta addımlarla xidməti maşınına əyləşir. General-leytenantın olduğu maşının sürücüsü həmin küçənin başındakı zibil qutularının yanında saxlayıb və düşüb zibil torbasını qutuya atıb.
Sürücü qayıdıb maşına əyləşənə qədər maşına yaxınlaşan killer arxa sağ oturacada əyləşən Rail Rzayevə səsboğucusu olan silahdan atəş açıb. Digər gülləni isə maşının arxa təkərinə vurub. Maşının arxa şüşəsini dəlib keçən güllə Rail Rzayevin təpə nahiyəsinə dəyərək həyatına son qoyub. Sürücü maşına əyləşəndə Rail Rzayevin ağzından qan töküldüyünü görüb. Ağlına belə gəlməyib ki, general-leytenantı güllə ilə vurublar, onun infarkt keçirdiyini zənn edib. General Müdafiə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Adalet.az xəbər verir ki, o müdhiş hadisədən 16 il ötür.
Həmin vaxt media xəbər verirdi:"Qətl hadisəsi o dövrdə milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudovun yaşadığı evin eyvanının altında törədilmişdi. Eldar Mahmudov evinin pəncərəsindən baxsaydı, killerin Rail Rzayevin maşınına necə yaxınlaşması, 2 atəş açıb zibil qutularının yaxınlığındakı üzüaşağı – "Sovetski” məhləsinə enən pilləkənlərlə qaçmasının şahidi ola bilərdi. Həmin gün Eldar Mahmudov ölkədə olmadığından qətlə şahidlik edə bilməmişdi. Onun yaşadığı bina qudası Cahangir Hacıyevin o dövrdə rəhbərlik etdiyi "Beynəlxalq Bank”ın əsas ofisinin 2-ci mərtəbəsində yerləşdirdi. Qətl bankın dörd bir tərəfində quraşdırılan müşahidə kameralarının əhatə dairəsində törədilmişdi.
İllərlə Azərbaycanın hava məkanına, hərbi yük daşımalarına nəzarət edən general-leytenantın qətlinin üstü bu günə qədər konkret olaraq açılmayıb. Hadisə baş verəndən bir müddət sonra baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Generalın köməkçisi Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z. Qaralov onların bu əməllərinə görə həbs olunduqlarını qeyd edib. Baş prokuror həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.
2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Azərbaycan təhlükəsizlik orqanının əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu deyib ki, “general-leytenant Rail Rzayevin qətlindən tutmuş 2019-cu ilin yayında MİQ-29 qırıcı təyyarəsinin “qəzaya uğramasınadək” baş verənlərdə Nəcməddin Sadıkovun birbaşa iştirakı var”.
General qətli müstəqillik əldə etmiş Azərbaycanda ilk sui-qəsd deyildi. 1993-cü ildə general-mayor Eduard Hüseynov, 8 yanvar 1999-cu ildə Qobustan həbsxanasında təşkil olunmuş qiyam zamanı qətlə yetirilən general-mayor Vahid Musayev və nəhayət general-leytenant Rail Rzayev...
Sui-qəsdlə qətl edilən ictimai, siyasi və dövlət xadimləri
1. Eldar Bağırov - Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı idi. 1991-ci ildə Bakıda-Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qardaşıdır. Eldarın aradan götürülməsi o vaxtkı hakimiyyətə sərfəli idi.
2. Vaqif Vəliyev - Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olub. Hacı Vaqif kimi tanınan Vəliyev, 1993-cü ildə - Gəncə Şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
3. Azər İsmayılov - DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi . 2000-ci il iyunun 21-də gündüz şəxsi avtomobili ilə «Ramstor» ticarət mərkəzinə gedərkən yoxa çıxıb. Yalnız bir neçə il sonra ifşa olunan Hacı Məmmədov bu qətli də özünün törətdiyini və bundan peşman olmadığını etiraf edib.
4. Afiyəddin Cəlilov - Azərbaycanın dövlət və siyasi xadimi, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışıb. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Onun 1994-cü il oktyabrın 4-də dövlət çevrilişinə cəhd göstərən XTPD-çilər tərəfindən qətlə yetirildiyi bildirilir. Bu işdə ittiham olunaraq azadlıqdan məhrum edilmiş Dəyanət Kərimovsa günahsız olduğunu bildirir.
5. Şahmərdan Cəfərov - Milli Məclisin deputatı, Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı olub. 1995-ci il mayın 30-da deputat səlahiyyətləri alınıb. Kələkidən qayıdarkən yolda güllələnib. Məlumatlarda deyilir ki, Ş.Cəfərov polisə silahlı müqavimət göstərərkən qətlə yetirilib. Lakin Aİ hesabatında bildirilir ki, ağır yaralanmış Ş.Cəfərovu Naxçıvan xəstəxanasına polis deyil, yerli sakinlər çatdırıblar. Onun Naxçıvandan Bakıya niyə gətirilməsi və Şüvəlan həbsxanasında ölməsi faktına da aydınlıq gətirilməyib.
7. Şəmsi Rəhimov - Azərbaycanın dövlət xadimi, polkovnik, Prezident yanında Xüsusi İdarənin rəisi olub. 29 sentyabr 1994-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilib.
8. Əli Ansuxski - Azərbaycan SSR Ali Sovetinin (1990-1995) xalq deputatı, Milli Məclisinin üzvü (1995-1996) olub. 1996-cı ildə Bakıda evinin qarşısında silahla qətlə yetirilib.
9. Ziya Bünyadov - şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi. 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bünyadovun ölümü ilə bağlı bir çox iddialar gündəmə gəlib. Qətlin hansısa terror təşkilatları ilə yanaşı, ermənilər tərəfindən törədiləcəyi də istisna edilməyib. Ancaq alimin qətlində ilk dəfə olaraq "Hizbullah” təşkilatının adı hallanıb.
10. Rövşən Əliyev - Baş Prokurorluqda Ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini olub. 2002-ci il, martın 13-də Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirildiyi qeyd olunub. Hacı Məmmədov Rövşən Əliyevi bandanın izinə düşdüyü üçün öldürdüyünü desə də, qətlin «siyasi sifariş» olduğunu, sifarişçinin Daxili İşlər Nazirliyinin idarə rəisi Zakir Nəsirov olduğunu da söyləyib.
11. Fətulla Hüseynov - polkovnik, Daxili İşlər Nazirliyi polis polkunun komandiri olub. 2004-cü il 14 iyunda yaşadığı binanın qarşısında öldürülüb. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi deyilir. Hacı Məmmədov məhkəmədə bu qətlin də «siyasi sifariş» olduğunu bildirmişdi. Amma sifarişçinin kimliyini açıqlamamışdı.
12. Elmar Hüseynov - jurnalist, baş redaktor. 2005-ci ilin martın 2-də Bakıda - yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Hacı Məmmədov məhkəmədə deyib ki, redaktoru sabiq nazir Fərhad Əliyevin sifarişiylə onun dəstə üzvləri öldürüb. MTN bu versiyanı araşdırsa da, hələlik rəsmi açıqlama yoxdur.
13. Etibar Elkin- Bakı Parapsixologiya və Teologiya İnstitunun rektoru 14 yanvar 1999-cu ildə öldürülüb. ( Etibar Elkin iki oğluyla birgə öldürülmüşdü.) Qətli «Ceyşullah» adlı təşkilatın üzvlərinin törətməsi haqda məhkəmə hökmü olsa da, tərəfdarları buna inanmırlar.
14. Gülşad Zərbəliyev- Prezidentin köməkçisi, beş dövlət başçısının köməkçisi işləyib.
15. Sabir İsmayılov -Daxili İşlər nazirinin sabiq müavinini olub . Telefon naqiliylə boğulmuş şəkildə tapılıb.
16.Rafiq Tağı - tanınmış həkim-yazıçı, 2011-ci il noyabrın 19-da Bakıda işdən evə gələrkən naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanada müalicə edilsə də, həyatını qurtarmaq mümkün olmayıb. Rafiq Tağının qətlinə görə heç kim məsuliyyəti öz boynuna göturməmiş, lakin çoxları belə düşünür ki, Rafiq Tağı İslamı tənqid etdiyinə görə hədəfə alınıb.
17. Əjdər Xanbabayev Azərbaycan jurnalisti. O, Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, "Azərnəşr" nəşriyyatının və "Yazıçı" nəşriyyatının direktoru olub. Bakıda, Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində güllələnmişdi. Xanbabayev SSRİ dövründə Heydər Əliyevi dəstəklədiyinə görə 1990-cı ildə Azərbaycan SSR DTK əməkdaşları tərəfindən öldürülüb.
Qeyd edək ki, evinin qarşısında güllələnən sonuncu şəxs Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa olub. Şükür ki bu terror hadisə faciə ilə bitməyib.
Əntiqə Rəşid
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2025/02/11/22png-1739275853.png)
"Kamaz" aşdı, daşlar yola dağıldı - VİDEO
![](https://adalet.az/uploads/img/posts/2025/02/11/12jpg-1739255079.jpg)
Üç il əvvəl itkin düşən turistin qalıqları tapıldı - Tapana 25 min manat veriləcəkdi
![](https://adalet.az/uploads/img/posts/2025/02/11/4jpg-1739251903.jpg)
Şamaxıda FACİƏ! 27 yaşlı qız dəm qazından boğuldu
![](https://adalet.az/uploads/img/posts/2025/02/10/12png-1739167154.png)