02 Mart 2024 11:18
698
GÜNDƏM

Baş direktor və müavinin işbirliyi:Narkoloji Mərkəzi ”yandıran" rüşvət... 

Xəbər verdiyimiz kimi, ötən gün Baş Prokurorluq və Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin birgə məlumatı yayıldı. Məlumatda bildirildi ki, Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.


Diqqətə çatdırılıb ki, istintaq zamanı Elşən Mustafayevin 2023-cü ilin aprel ayında qeyd edilən vəzifəyə təyin edildikdən sonra müavini Zamin Əliyev ilə qabaqcadan əlbir olub əsas fəaliyyət istiqaməti narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsini aparmaqdan ibarət olan həmin Mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və əvvəlcədən əldə edilmiş razılığa uyğun şəkildə aralarında bölüşdürülmələrinə əsaslı şübhələr müəyyən edilib.

 Qeyd edək ki, rüşvətxorlar həbs edilib. Toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib" birgə məlumatda vurğulanıb.


Yadıma bir faciə düşdü: Bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 13 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzində baş verən yanğından 6 il ötür.



Səhiyyə Nazirliyinin balansında olan mərkəz 1986-cı ildə yaradılmışdır və həmin vaxt rəhbəri Telman Məmmədhəsənov olub. Yanğın 2018-ci il martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin birinci korpusunda baş verdi. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edildi, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirildi. Yanğın saat 08:30-da söndürüldü.Dəhşətli yanğın nəticəsində 25 nəfər öldü.


Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin yanğınla bağlı məlumatında bildirildi ki, yanğın qəsdən törədilib:” Görülmüş tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib. Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib”.

Eyni zamanda mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində həbs-qətimkan tədbiri seçildi.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərhal hadisənin baş verdiyi Respublika Narkoloji Mərkəzinə gedərək vəziyyətlə tanış oldu.
Fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanıldı, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradıldı.

P.S. Səhlənkarlıq, səriştəsizlik, vəzifəni xalqa xidmət yox, sibi doldurmaq kimi qəbul edən məmurların rüşvət eşqi hələ çox yanğınlara mail olacaq.

 Əntiqə Rəşid