28 Avqust 2025 13:36
195
GÜNDƏM

"Başkənd bizim olmalıdır"-Baş nazirin "Artvaşen" istəyi yenə gündəmdə 

Başkəndlə bağlı erməni iddiaları yenidən gündəmdədir.

Adalet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı yenidən bu haqda danışıb.. O, bildirib ki, Ermənistan eksklav-anklavlar məsələsindən imtina edə bilməz, çünki onların arasında Artsvaşen (Gədəbəy rayonunun Başkənd qəsəbəsi-red-ƏR ) də var:“Böyük istəklə belə, mən, Ermənistan hökuməti və ya hər hansı digər hökumət bu məsələdən imtina edə bilmərik, çünki bizim Artsvaşenimiz var".

Paşinyanın fikrincə, 1991-ci il Almatı bəyannaməsinin mənası ondan ibarətdir ki, Sovet Ermənistanı inzibati-ərazi sərhədləri ilə müstəqil Ermənistana, Sovet Azərbaycanı isə inzibati-ərazi sərhədləri ilə müstəqil Azərbaycana çevrilir.

“Biz 6 oktyabr 2022-ci il tarixli Praqa sazişindən sonra institutlaşma yolundayıq və bu yolu davam etdirəcəyik” deyən Baş nazir “sülhün dönməz olduğunu” bir daha vurğuladı.

 Xatırladaq ki, 1845-ci ildə kəndin əsasını azərbaycanlılar  qoyub. 1905-1906-cı, 1918-1920-ci illərdə baş verən hadisələr zamanı ermənilər yerli azərbaycanlıları sıxışdırıb kənddən çıxardır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra isə Sovet rəhbərliyi Azərbaycan SSR ilə Ermənistan SSR arasında münasibətlərin normallaşması naminə Başkəndi ermənilərə verir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25.01.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Ardzvaşen (ermənicə: Qartalkənd) qoyulur. Kənd 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qaldı.

P.S.Qazaxın işğal altında olan 4 kəndinin Azərbaycana qaytarılmasından sonra rayonun digər 3 və Naxçıvanın 1 eksklav kəndlərinə nəzarətin bərpa edilməsi, paralel olaraq bu ərazilərin qarşılığında Ermənistanın Başkəndi tələb etməsi müzakirə mövzusuna çevrilib.

 Azərbaycan təzminat olaraq bu kəndi özündə saxlasa qədim yurdumuz Başkənd yenə də bizim idarəçiliyimizdə qalar. 

 Əntiqə Rəşid