Başqalarına olar, köçkünlərə olmaz?! - Rza Rzayev yazır

RZA RZAYEV
99 | 2025-09-12 11:11

Köçkünlər uzun illər sizinlə düşmən arasında məsafə yaratdı, ən ağır dövrlərdə düşmən ilə sizin aranızda çəpər oldular!

Düşmən hamımıza olan nifrətini, qəzəbini onlara yönəltdi. Düşmən ümumi kimlik adı altında, Türk olduqları üçün qisasını onlardan aldı, yoxsa qarabağlı - Fazil, Məhəmməd, Hüseyn, Əli, Vəli olduqları üçün yox!

Düşmənlə daha yaxın ərazidə yaşamaq onların günahı deyildi!

Onların qisməti, taleyi belə gətirdi!

Onlar düşmənlə yaxın və üz-üzə olmasaydılar, düşmən sizə daha yaxın gələcəkdi, onların taleyini siz yaşamış olacaqdınız!

Onların fərdi faciələri sizə qismət olacaqdı!

Başqa rayonlarda, kəndlərdə evi olanlar da evlərinin qapısını bağlayıb gəliblər Bakıya. İndi bəziləri deyir ki, torpaqlar qaytarılıb, evler tikilib, köçkünlər niyə geri dönmür?

Köçkün də geri dönəcək, evinin qapısına qıfıl vuracaq, yenidən dönəcək Bakıya. Birdə niyə yenidən didərgin düşsünlər ki, niyə çörək pulu qazandıqları yeri itirsinlər ki?

Başqalarının da rayonlarda, kəndlərdə evləri var da, niyə Bakıda yaşayırlar ki?

Başqalarına olar, köçkünlərə olmaz?! Köçkünlərə dövlətin tikdiyi öz evləridir, hədiyyə deyil!

Köçkünün də başqaları kimi kənddə də evi olacaq, Bakıda da! Təkrar harda istədi yaşaya bilər. Onlar da bu ölkənin vətəndaşıdır, yad biri deyillər!

Yad olan düşmən kimi düşünənlərdir!

Vətən ümumi anlayışdır, Azərbaycan ümumi anlayışdır, hissələrin yaratdığı ümumi Azərbaycan var, Azərbaycanı yaradan, təşkil edən istənilən hissədə yaşamaq haqqımız var, Azərbaycan adı olan istənilən hər hissədə ev sahibi olmaq haqqımız var.

Bir çox insanın bir çox rayonda evi var, illərdir o evlərin qapıları bağlıdır, heç qapıları açılmır, içində yaşamağa həvəs də yoxdur, vaxt da.

Belələrinə hər yerdə ev tikmək olar, amma köçkünə olmaz?

Köçkünlər ancaq doğulduqları bölgəyə dönməlidir, orda yaşamalıdır? Hansı kitabda yazılıb bunlar, harda oxumusunuz bunları?!

Axı siz kimsiniz ki, xalq, dövlət, millət adından ümumi qərar verirsiniz?

Kimsiniz da, deyin, bilək!

TƏQVİM / ARXİV