adalet.az header logo
  • Bakı 26°C
  • USD 1.7
19 May 2022 15:02
580
ELM VƏ TƏHSİL

Beynəlxalq Tibb Hüququ konfransı keçiriləcək – Bakıda

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun “İnjuria” Hüquq jurnalı və birgə təşkilatçılığı ilə yenidən f 1-2 iyun 2022-ci il tarixində “Süni İntellekt əsrində Tibb Hüququ” adlı Beynəlxalq Tibb Hüququ konfransı baş tutacaqdır. Konfransda professor Aytən Mustafazadə, peşəkar vəkil Adəm Məmmədov, türkiyəli vəkil Sahra Tucel, Devrim Nur Kayabalı və bir çox tanınmış peşəkarların spiker qismində iştirakı nəzərdə tutulub. Qeyd edilən konfransda müxtəlif ölkələrdən dəvət olunmuş professorlar, vəkillər, tibbi müəssisə rəhbərləri, həkimlər, hüquqşünaslar spiker və dinləyici qismində iştirak edəcəklər.

“İnjuria” - daim dəyişən iş mühitinin meyillərini nəzərə alan tamamilə yeni və innovativ bir hüquq jurnalıdır. “İnjuria” biznesin hüquqi dəstəyi üçün zəruri olan, hüquq sahəsində tətbiq edilən standartlar, metodlar, texnologiyalar, vasitələr və hüquq, hüquqi icraat, iqtisadiyyat, maliyyə, menecment, marketinq, psixologiya, informasiya texnologiyaları sahələrindəki son tendensiyalar barədə məlumat verir. Qeyd edək ki, jurnalımız “Kütləvi informasiya vasitələri” haqqında qanuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Jurnalın redaksiya şurasının üzvləri sırasına Azərbaycanda fəaliyyət göstərən vəkil və hüquqşünaslarla yanaşı, Türkiyədə fəaliyyət göstərən hüquqşünaslar daxildir. Jurnalımızın redaksiya şurasının üzvləri sırasına İnjuria hüquq jurnalının baş redaktoru Kəmalə Məmmədova, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov, türkiyəli professor Hakan Hakeri, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin aparıcısı Samirə Mustafayeva, Türkiyə, Azərbaycan və Pakistan Vəkillər Kollegiyasının üzvü Aygün Əliyeva kimi peşəkar şəxslər daxildir.

Sözügedən “İnjuria” hüquq platforması 2020-ci ilin iyun ayından etibarən fəaliyyət göstərir. Yarandığı çox az bir müddət olmasına baxmayaraq, jurnal bir sıra yerli və xarici layihələrin, tədbirlərin, silsilə təlimlərin, beynəlxalq forum və konfransların təşkilatçısı qismində çıxış etmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, hüquq jurnalı həmin konfranslarda dövlət qurumlarının rəhbərlərinin, millət vəkillərinin, hüquqşünas və vəkillərin iştirakını təmin etmişdir. Bu kimi konfranslara misal olaraq 21 dekabr 2021-ci ildə Beynəlxalq qadın və qızların elmdə iştirakı günü münasibətilə keçirilən “Qadın Hüquqşünaslar Forumu”nu, həmin ilin 25 noyabrında baş tutan “Ailədaxili şiddət və onun fəsadları” adlı konfransı və 19-20 oktyabr tarixlərində keçirilən “İnternational Legal İnnovation Forum”u göstərmək olar. Qeyd etmək lazımdır ki, “Qadın Hüquqşünaslar Forumu” Azərbaycanda ilk dəfə məhz “İnjuria” hüquq jurnalının təşkilatçılığı və dəstəyi ilə həyata keçirilib. Geniş miqyaslı tədbirlər sırasına, ötən il 31 may -1 iyun tarixlərində keçirilən “XXI əsrdə Tibb və Hüquq” konfransını aid etmək olar. Bu konfrans sözügedən hüquq platformasının və AMEA-nın Hüquq və İnsan haqları İnstitutunun birgə təşkilatçılığı ilə beynəlxalq səviyyədə təşkil olunub. Konfransda Azərbaycanda fəaliyyət göstərən hüquqşünaslarla yanaşı, Türkiyədən dəvət olunan hüquq fəaliyyəti ilə məşğul olan hüquqşünas və vəkillər də iştirak edib.

Dünya ölkələrinin təcrübəsində artıq kifayət qədər geniş təşəkkül tapmış, inkişaf etmiş “tibb hüququ” Azərbaycanın hüquq sistemində yeni yaranmış hüquq sahələrindən hesab olunur. Sağlamlığın insan üçün önəmli faktor olmasını nəzərə alsaq, tibb hüququnun yaranması və ən əsası onun inkişaf etdirilməsi bütün insanlıq üçün hər zaman aktual məsələ olaraq qalmaqdadır.

 

Bünyamin Bünyadzadə