adalet.az header logo
  • Bakı -°C

Biri var idi - Fuad Poladov! - Rza Rzayev yazır

RZA RZAYEV
107 | 2026-03-31 12:29
A- A+

Bunu demək ayıb sayılmamalıdır, çünki hamı dünyasını dəyişəcək, amma çoxu torpağın altına qırıq-qırıq gedəcək, çox azı isə bütöv - Fuad Poladov kimi.

Fuad Poladov puluna, sərvətinə, vəzifəsinə görə hörmət edilən şəxs deyildi.

Heç sözü keçən də deyildi, amma sözü kəsərli idi, sözü təsirli idi, sözü yer edirdi.

Dava da bu yerin davasıdır - əlavə imkanlar istifadə edilmədən qazanılan hörmət, sevgi!

Və Fuad Poladov ikinci və sonuncu dəfə "Azdrama"-nın binasını etiraz əlaməti olaraq tərk etdi, başqa aktyora edilən haqsızlığa görə. Bu etiraz da onun sonunu gətirdi, ilk öncə etiraz edən səsini itirdi, səssiz qalanların içində yaşamaq istəməyib səssizcə səssizliyə çəkildi və onun boğazında itən səsi daima haqsızlıq edənlərin qulağında eşidiləcəkdir.

Dərmanlar var ki, onlar bölünmür, gərək bütöv udasan, yəni qırılmaq (bölmək) üçün yerləri yoxdur, belə insanlar da var, onların doğuşdan qırılan yerləri yoxdur, onları heç nə ilə qırmaq (bölmək) olmaz.

Və yenə yada Fuad Poladov düşür. 2003-cü ildə, məlum mitinqdə çıxış edən sənət adamlarından bəzisi dediyini səhəri gün yaladı, bəziləri isə zaman keçdikcə. Amma uzun illər boyu bütün gizli təqib və təzyiqlərə baxmayaraq, Fuad polad kimi dözdü, özünə görə düz olan mövqeyini sona qədər qorudu, həm də Kişiliyini!

Başqalarının başqa baxdığı, normal adam kimi baxmadığı əsl sənət insanı başqalarının ağrısının şəklini çəkə-çəkə, öz fərdi ağrılarını unudur və bir müddət sonra öz şəklini dəyişir- Fuad Poladov kimi! Yoxsa, "Ailəm var, uşaqlarım var" deyib ağ vərəq imzalamır.

TƏQVİM / ARXİV