adalet.az header logo
  • Bakı -°C
04 Avqust 2026 11:23
78
ƏDƏBİYYAT
A- A+

“Həyat o vaxt məktəb idi ki, heç yerdə məktəb binası yox idi...”

“Bu gün cəmiyyətimizdə qədim sofistlərdən, stoaçılardan gələn belə bir fikir hakimdir ki, əsl məktəb həyatdır. Kitabların, universitetlərin öyrətdikləri ikinci, hətta beşinci, onuncu dərəcəlidir. Başqa ölkələri deyə bilmərəm, Azərbaycanda bu fikir millətdən qara camaat düzəltmək üçün istifadə olunur”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

Onun fikrincə, həyat o vaxt məktəb idi ki, heç yerdə məktəb binası yox idi, ağıllı və imkanlı adamlar dünyanı dolaşır, gördüklərini, eşitdiklərini gəlib küçələrdə, bazarlarda həmyerlilərinə danışırdılar:

“Kitablar, yazılar illərlə davam edən zəhmət hesabına dana dərilərinə, papiruslara yazılırdı. Təhsil kütləviləşəndən, konkret 1789-ci ildən sonra dünyada yalnız geridə qalmış xalqlar həyatdan öyrənirdilər. Bütün inkişaf etmiş ölkələr təhsildən öyrəndiklərinə inanırdılar və həyatı təhsildən öyrəndikləriylə şəkilləndirirdilər. Bu gün həyat insana heç bir şey öyrətmir, öyrədə də bilməz. Bu gün təhsil həyatı arxasınca sürüyüb aparır. Bu gün fəzilət dediyimiz ən üstün mənəvi dəyərlər də təhsil səviyyəsi yüksək olan ölkələrdədir”. 

Yazıçı bildirib ki, ən əxlaqsız hadisələr, ən səviyyəsiz mövzular həyatdan dərs çıxaranların mühitindədir:

“Mən təhsil dedikdə, yalnız tədris proqramını nəzərdə tutmuram. Ümumiyyətlə, mütaliə mədəniyyətindən - hansı ki bizdə aşağılanır - danışıram.Müşahidələrimə əsasən deyim ki, bizim sosial şəbəkələrdə də məhz bu iki zümrə qarşı-qarşıya dayanıb: təhsildən, mütaliədən çıxış etdiyi üçün hər gün təhqir olunan azlıq və həyat məktəbini "öz kəlləsi" ilə bitirdiyi üçün hər əməlinə hörmət tələb edən çoxluq”.

Vasif ƏLİHÜSEYN