Dönər hazırlanması zamanı qida təhlükəsizliyi necə qorunmalıdır? - VİDEO

Qanunvericiliyə əsasən, ictimai iaşə obyektlərində, o cümlədən dönər istehsalı və satışı ilə məşğul olan müəssisələrdə qida məhsullarının təhlükəsizliyi ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməlidir. Dönər üçün istifadə olunan ət mütləq baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir. Ət məhsulları +4°C-dən yuxarı temperaturda uzun müddət saxlanmamalıdır. Bu mikrobioloji çirklənmə riskinin qarşısını almaq baxımından olduqca vacibdir.
Bu barədə Adalet.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Agentlik bildirir ki, bişməmiş və ya natamam bişmiş ətin istehlakı qida zəhərlənməsi riski yarada bilər. Bu səbəbdən dönər məhsulu yalnız tam bişirildikdən sonra istehlakçılara təqdim edilməli, satış zamanı bişmiş dönərin temperaturu 65°С-dən aşağı olmamalıdır. Dönərlə birlikdə təqdim edilən sous, mayonez və tərəvəzlərin də saxlanma rejiminə nəzarət edilməlidir.
İşçi heyətin şəxsi gigiyenası, iş prosesində istifadə olunan avadanlıqların və hazırlıq sahələrinin təmizliyi qida təhlükəsizliyi baxımından vacibdir. Dönər hazırlayan işçi mütləq birdəfəlik əlcək, qoruyucu geyim və baş örtüyü taxmalıdır. Çarpaz çirklənmənin qarşısının alınması məqsədilə dönər hazırlayan və ya satışa təqdim edən işçilərin digər əşyalara toxunmasına yol verilmir.
Sadalanan tələblərə riayət edilməməsi qida zəhərlənməsi və kütləvi sağlamlıq problemlərinə səbəb ola bilər. Belə hallar baş verdikdə aidiyyəti üzrə müvafiq orqanlar tərəfindən nəzarət tədbirləri həyata keçirilir və operativ müdaxilə təmin olunur.
Unutmayaq ki, dönər kimi geniş istehlak olunan məhsulların təhlükəsiz hazırlanması və satışı təkcə qanunvericilik tələbi deyil, həm də ictimai sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Hər bir qida obyekti məsuliyyətini dərk etməli, istehlakçılar isə qida seçimində diqqətli olmalıdır. Qida təhlükəsizliyi sağlam gələcəyin əsas şərtidir.