13 Oktyabr 2025 09:32
105
DÜNYA

“Müharibə Taliban üçün hakimiyyətin itirilməsi ilə nəticələnə bilər”

“ABŞ Çini nəzarətdə saxlamaq üçün Əfqanıstandan hərbi baza istədi. Mollalar rədd cavabı verdi. ABŞ-nin eyni zamanda Əfqanıstandan çıxarkən milyardlarla dollar dəyərində silahı hansı məqsədlə saxladığını ola bilsin Taliban anlamamışdı. Bu silahlar Talibanı, Pakistan da daxil olmaqla qonşu müsəlman ölkələri ilə müharibəyə cəlb edərkən istifadə olunması üçün saxlanıldı, nəinki Talibanın özünü qoruması üçün. İsrailin Qətərə hücumundan sonra Səudiyyə Ərəbistanı Pakistanla təhlükəsizlik haqda anlaşma imzaladı”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. 

Onun sözlərinə görə, ümumiyyətlə Pakistanın Yaxın Şərqə sürətlə nüfuz etməsi, müsəlman nüvə dövləti olaraq aktivliyi, proseslərə qoşulması Qərbin ideoloji institutlarında, habelə İsraildə ciddi narahatlıq yaratdı:

“Həmas - İsrail müharibəsi ərəfəsində Pakistanın müsəlman damarının tutmasından qorxaraq bir ara Hindistanı üstünə qaldırdılar. Lakin güc balansında Pakistanın üstünlüyünü görüb planı dəyişdilər. Vaxtilə Əfqanıstanı ABŞ dağıdanda oradan qaçan Talibanın bir qismi hələ də Pakistan ərazilərindədir. Bu etibarla da Üsamə bin Laden ömrünün son saatlarına qədər Pakistanda qalmağı tərcih etmişdi. Qərb və İsrail kəşfiyyatı, əsasən radikal islamçı qrupların əli ilə hədəflərinə çatırlar. Burada da Talibandan istifadə olunduğu aşkardır. Bu, eynən vaxtilə İranla İraqı savaşdırmaqları kimidir. İsrail və ABŞ İrana silah satırdı, Avropa və Sovet İttifaqı da İraqa silah satırdı. Beləcə iki müsəlmanı bir - birinə qırdırıb varlandılar, həm də hər ikisini zəiflədib xətalarından əmin oldular. 1 milyondan artıq müsəlmanın da qanını töküldü. Heç bir səlib döyüşündə bu qədər müsəlman ölməmişdi”. 

Tural İrfan deyib ki, müasir texnologiyaların bir çox imkanlarından məhrum qalmış, orta əsrlərin idarəetmə üsulları ilə idarə olunan Əfqanıstanda Qərb dövlətləri və İsrailin agenturasının sayı - hesabı yoxdur:

“Talibanı Pakistanın üstünə təhrik edirlər. Lakin müharibə Taliban üçün hakimiyyətin itirilməsi ilə nəticələnə bilər. Hərbi, texniki güc baxımından Pakistan müqayisəsiz üstün olsa da Əfqanıstanın da partizan müharibəsində misilsiz təcrübəsi var. Şübhə yoxdur ki, Pakistanın nüvə dövləti olaraq Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik sahəsində müqavilə bağlaması İsraili çox narahat etdi. Və dərhal ABŞ ilə danışaraq təklif irəli sürüb HƏMAS-la müharibəni dayandırdılar. Misirdə imzalanan anlaşmanın birinci hissəsinin mürəkkəbi qurumamış Əfqanıstanla Pakistanı savaşdırmaq üçün düyməyə basdılar: 

O Pakistan və Əfqanıstan liderlərinin  həqiqəti anlayaraq yaxın günlərdə qarşılıqlı hücumları dayandıracaqlarına ümid etdiyini bildirib:

“Əfqanıstan hakimiyyəti hələ tam möhkəmlənməyib, tanınmayıb. Pakistanda da Yaxın Şərqdəki aktivliyindən dolayı müxalif siyasi güclər ayaqlanmağa çalışır. İrana bağlı qruplar da digər tərəfdən Pakistanı içindən yeməyə çalışır. Odur ki, bu iki qonşu müsəlman dövləti arasında müharibə tam ağılsızlıq və Qərbin hiyləsinə alət olmaq olardı”.

Vasif ƏLİHÜSEYN