adalet.az header logo
  • Bakı -°C
06 Iyun 2026 16:00
53
SİYASƏT
A- A+

Təhlükə var, ayıq-sayıq olmalıyıq... - Elxan Şükürlü yazır  

Bu gün nüfuzlu CNN kanalında yayılan və geniş əks-səda doğuran məlumat İran-Azərbaycan əlaqələrinin yaxşılaşmasının qarşısını almağa hesablanmış növbəti informasiya əməliyyatı olmaqla, aprelin 21-də İsrail mediası üzərindən həyata keçirilən planın davamıdır, onu gücləndirən tezisdir.

Əsas məqsədlərdən biri isə kiberməkandan istifadə etməklə, İran və Azərbaycan əhalisi arasında qarşılıqlı inamsızlıq və nifrət atmosferini saxlamaq, münasibətlərin yaxınlaşmasına imkan verməməkdir!

3 aydır gözlənilir ki, tezliklə Azərbaycanla İranı birləşdirən və Naxçıvana, Türkiyəyə gediş-gəlişimizi asanlaşdıracaq "Araz dəhlizi" - Ağbənd-Kəlalə avtomobil yolu, gələcəkdə isə dəmiryolu istifadəyə verilsin.

ABŞ və İsrail isə 3 müsəlman ölkə -  Azərbaycan - İran - Türkiyə arasında münasibətləri yaxşılaşdıracaq bu dəhlizin işlək olmasını qətiyyən arzulamır, hər vasitəylə İranın həm Azərbaycan, həm də Türkiyə ilə gərgin vəziyyətdə olmasına çalışır.

Bu ehtimalımızı gücləndirən daha bir mühüm detal CNN-in dezinformasiyasının Azərbaycan və İran sərhədçilərinin iyunun 1-də Astarada görüşməsindən, sərhəd-keçid məntəqələrinin açılış üçün hazır olduğuna dair bəyanatlarından dərhal sonra ortaya çıxmasıdır.

Təhlükəli olan isə bu dezinformasiyanın yayılmasından sonra atılacaq addımlardır.

Dəfələrlə etdiyimiz çağırışı bir daha təkrarlayırıq: Azərbaycan cəmiyyəti və dövlət qurumlarımız ayıq-sayıq olmalı, xüsusən də kiberməkan üzərindən çəkildiyimiz fitnəkar addımlara uymamalı, "özgə bayraq" adı altında daha irimiqyaslı əməliyyatlara əlverişli zəmin hazırlayan kənar qüvvələrin anında ifşası üçün informasiya-təbliğat işini gücləndirməlidir!

İlk növbədə də hər iki ölkənin efir və media məkanı üçüncü tərəfin maraqları naminə münasibətləri korlamağa çalışan zir-zibil yığınından təmizlənməlidir!