Ə, BƏ ƏLİ İNSANOVSAN DA - Rza Rzayev yazır

RZA RZAYEV
2065 | 2022-07-19 13:59

Elə şeylər var ki, o haqda yazmaq istəmirsən, düşünürsən ki, ziyanı xeyrindən çox olacaq.

Bu haqda çoxdan yazmaq istəyirdim, amma hər dəfə gözləyirdim, düşünürdüm, bəlkə yanılıram, bir az da keçsin...

Məsələ nədir? Hələ keçmiş komandanın qılıncının dalı-qabağı kəsəndə, məmur olduğum dövr - 2011 ci ildə, "Biz  olmaq istədiyimizdən fərqli ola bilməyəcəyik" adlı məqalə yazdım.

Uzun illər nazir işləyənləri istefaya çağırdım. Düşünürdüm, cəmiyyət dəyişikliyə hamilədir və sifətlər dəyişməsə, mahiyyət və məzmun da dəyişməyəcək.

Açıq və gizli təzyiqlər oldu.

 İstəyimiz uzun illərdən sonra baş verdi, köhnələr getdi, düşündük yenilər yenilik gətirəcək...

Amma sifətlər dəyişdi, mahiyyət və məzmun isə dəyişmədi, dəyişən biçim oldu, bu da heç nəyi dəyişmir. Məsələn, rüşvət yerində qaldı, dəyişən rüşvət almağın biçimidir, çünki köhnələr köhnə metod ilə alırdı, yenilər yeni metod ilə alır.   

Köhnə nazirlər iddialı idilər, ən azı nazirlərin naziri uğrunda mübarizə gedirdi, uzun illər baş nazir kabinetində yuxuladı, nazirlərə başqa biri nazirlik etdi.

Və yaxud köhnə nazirlər bir-biri ilə mübarizədə idilər, bir-biri ilə düşmən olanlar da var idi, bir-birini həbs etdirən də.

Köhnə nazirlər dövlət başçısına daha yaxın olmağın mübarizəsini aparırdılar, hər biri Prezidentin etimadını daha çox qazanmaq istəyirdi.

Köhnələr ictimai dayaq axtarırdılar, kimlərəsə maddi yardım edirdilər, cəmiyyətin hansısa təbəqəsi ilə işləyirdilər, tanınmış simalara, yazarlara, sənət adamlarına istəklərinə uyğun köməklik edirdilər...

Hətta müxalifət ilə işləyəni, müxalifəti parçalayanı, partiya sədri , icra başçısı düzəldənləri də var idi ...

Köhnə nazirlərin hamısı olmasa da, içlərində ürəyiyumşaq olanları, əliaçıqları da var idi, ən azı yolda polis görəndə maşınlarını saxladıb saatlarla yolda duran polislərə "şirinlik" verirdilər...

Yeni nazirlər köhnələrdən fərqli olaraq görünməzlik metodundan istifadə edirlər, gözə girmirlər, özlərini yox kimi sayırlar.

Bu metod uzun illər hərbidə daha çox keçərli idi, zabit heyəti başlarını sağ saxlamağın ən yaxşı yolunu komandirin gözünə görünməmək metodu ilə həll edirdilər.

Yenilər kabinetlərində oturub qabaqlarına atılanı yeyirlər, çırpışdıra bildiklərini də dala atırlar, amma pulları çıxanda canları çıxır...

Yenilərə cəmiyyət, ictimai qınaq, ictimai rəy maraqlı deyil...

Belə olan halda köhnələrin üstündə qalan, üstlərinə yüklənən problemlər həlsiz qalır, bu da o hissi yaradır ki, köhnələrin, gedənlərin, yola salınanların heç də hamısı yolsuz deyilmiş...

Yenilər özlərini yol üstündə olan kimi aparırlar, daha çox yolsuzluq edirlər...

Yenilər köhnə problemləri həll etmək iqtidarında deyillər, edə də bilməyəcəklər, ən əsası da yeni problemlərə şərik çıxmırlar, bu da köhnələrə getdikcə rəğbət qazandırır, köhnələr də yerlərində heç də sakit oturmayıblar...

Yenilər hələ cəmiyyət həyatına təsir edən elə bir yenilik etməyiblər...

Bir sözlə, yenilərin içində Hikmət Hacıyevi, Şahmar Mövsümovu çıxmaq şərti ilə adam içinə çıxarılası və adam içinə çıxanı yoxdur...

Dərdim nədir?

Yenilər köhnələri unutdura bilmədilər. Bu da çox qorxulu tendensiya yaradır, daha heç bir yenilik, dəyişim qurtarıcı, xilasedici proses kimi dəyərləndirilməyəcək.

 Bir azdan heç kim günahı keçmiş və yeni məmurlarda görməyəcək...

 Və bu səbəbdən dövlət başçısına olan inam getdikcə zəifləyəcək (bu haqda sonrakı məqaləmdə geniş yazacağam).

Niyə?

Çünki, hələ də xalq prezident aparatının rəhbərini Ramiz Mehdiyev bilir, hələ də prezidentin köməkçisini Əli Həsənov bilir, hələ də vergilər nazirini Fazil Məmmədov bilir, hələ də neft şirkətinin prezidentini Natiq Əliyev bilir, hələ də xarici işlər nazirini Həsən Həsənov bilir, hələ də nəqliyyat nazirini Ziya Məmmədov bilir və hələ də səhiyyə nazirini Əli İnsanov bilir...

Və bir az insaflı olum, ikisi haqda bunu demək olmaz - daxili işlər naziri və DTX sədri haqda - onlar sələflərini az da olsa unutdura biliblər, onları yenilərə aid etmək olmaz...

Və ən əsası, Oktay Şirəliyev səhiyyə naziri təyin olunur, üstündən uzun illər keçir, bağdan gəlirmiş, halı da üstündə, postda şlaqbaum olduğu üçün sürücü məcbur qalıb maşını saxlayır, sürücü ucadan, ərklə polis nəfərinə deyir, "Bu səhiyyə nazirinin maşınıdır", polis nəfəri əlinə şans düşmüş kimi çiynini çəkir ( çünki təzə nazir polisləri görəndə bir dəfə də  olsun maşınını saxladıb əlini cibinə salmayıb ) , özünü o yerə qoymur, bu vaxt nazir hallı başı ilə özü şüşəni endirir, polis nəfərini yanına çağırır.

Nazir əsəbi halda soruşur, - "Ə, məni tanımırsan?"

Polis nəfəri diqqətlə Oktay Şirəliyevə baxır, deyir, - " ə, bə niyə tanımıram , Əli İnsanovsan da ! " 

P. S. Naxçıvanlılar demiş, ta heşdad...

 

Rejissor, aktyor Rza Rzayev

 

 

TƏQVİM / ARXİV