15 Iyul 2024 15:45
9947
MÜSAHİBƏ

"Repressiyaya  aid film çəkilir:"Cinayət işi1937"- Müsahibə

Azərbaycanda 1920-ci ildə “qırmızı inqilab”dan sonra tariximiz elə qanlı hərflərlə yazılmağa başladı. Ən böyük faciələrimizdən biri də elə həmin illərdən asta-asta başladı, sürətləndi, genişləndi və nəhayət böyük bir fəlakətə səbəb oldu.
Vətənimizdə 30 ilə yaxın davam edən repressiyaların ağrısı-acısı bu gün də hiss olunmaqdadır. Sadə, zəhmətkeş, günahsız İnsanların "əksinqilabçı”, "trotskiçi”, "casus”, "millətçi”, "üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə məhv edilməsi İosif Stalinin, Lavrenti Beriyanın, Anastas Mikoyanın və onların Azərbaycandakı əlaltılarının ən məkrli planı olub.

 Böyük fəlakət


Rəqəmlər repressiyanın dəhşətini belə ortaya qoyub. Deməli, o illərində SSRİ-də ümumilikdə 1.575.259 adam həbs edilib. Onlardan 173.382 nəfəri şər atıalaraq "əksinqilabçi” kimi qələmə verilərək cəzaya məruz qalıb, 1.344.923 nəfər məhkum edilib, 681.692 nəfər isə güllələnib. Azərbaycan bəlkə də sovet dönəmində ən çox repressiyay məruz qalan respublikalardan birincisi olub. Beləki, 100 mindən çox ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və uzaq adalara sürgünə göndərilib. Bəli bu rəqəm yetir ki, əhalinin hər 1000 nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində birinci yerdə durduğu təsdiqini tapır.
Tarixçi və mütəxəssislərin apardığı araşdırmalara görə, Azərbaycanda ümumilikdə 1930-1940-cı və 1950-ci illərin əvvəllərində 80 mindən çox adam repressiya edilib ki, bunun da 29 min nəfəri ziyalılardır. Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb, onlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib.
Amma təəssüfləndirici haldır ki, bu fəlakət haqqında Azərbaycan gəncliyi, xüsusən məktəblilər çox az məlumata malikdir. Çünki məktəblərdə əyani-vəsait kimi istifadə edilək bədii, sənədli filmlər çox azdır, yaxud da yoxdur.

Repressiya ilə bağlı yeni film çəkilir

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas xanım da fikrimizlə qismən razılaşır:
-Repressiya qurbanı olan tanınmış şəxsiyyətlər haqqında filmlərin çəkilməsi danılmaz faktdır. Görkəmli dilçi-alim Bəkir Çobanzadə, böyük dramaturqumuz Hüseyn Cavid, poeziyamızın görkəmli nümayəndəsi Mikayıl Müşfiq haqqında sənədli filmlər çəkilib. Amma ümumilikdə faciəmizi canlandıracaq  repressiyaya aid hələ ki film çəkilməyib.

- Radə xanım, aldığım məlumata görə, yeni layihəniz də məhz bu mövzu olacaq?

- Əslində repressiya qurbanlarının qaranlıq taleyinə işıq salmaq çox gecikib. Amma bu sahədə işlər dayanmır. Bəli, məlumatı düz eşitmisiniz. Layihəmizə əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin, tanınmış maarifçi və ictimai xadimlərin xanımlarının repressiyaya məruz qalmasından,  sürgün həyatından , güllələnməsindən  bəhs edən sənədli filmi çəkiləcək. 9 iyul 2024- cü ildə Bakı şəhərində Repressiya Qurbanları muzeyində layihəmizin icrası məqsədi ilə çəkiləcək "Cinayət işi1937" adlı sənədli filmin çəkilişləri artıq başlandı. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin bu layihəni layiqincə həyata keçirmək üçün bütün səylərini birləşdirir.

-Repressiyaya məruz qalmış, güllələnmiş bir çox maarifçi və ictimai xadimlər haqqında filmlər var.   AzTV-nin İctimai-siyasi proqramlar studiyasının tarix şöbəsi tərəfindən repressiya qurbanları haqqında “İş nömrəsi” adlı silsilə filmlərin çəkilişlərinə start verib və Əhməd Cavadın xatirəsinə film hazırlayıb. “İş № 1112” filmi 18 yanvar AzTV-də yayımlandı. Bu tip filmlərdən  sonra repressiya qurbanı olan qadınlar  haqqında yeni film çəkmək sizə çətin gəlmir?

- Hələ 2019 –cu ildə Türkiyənin “TRT AVAZ” telekanalı “Əhməd Cavad: Bir millətin ruhu” adlı bədii-sənədli filmini çəkmişdi. Filmdə dahi şairin keçdiyi həyat yolu, yazdığı şeirlər, işgəncə ilə öldürülməsi əks olunub. Ekran əsərinin ssenari müəllifliyi Vahit Taha Kurutlu, layihə üzrə məsləhətçi Nicat Quliyevə, filmin musiqisi Aygün Səmədzadəyə məxsus idi. Düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın xatirəsinə həsr olunan nə qədər çox film çəkilsə , gələcəyimiz üçün bir o qədər faydalı olar. Biz də çətin olsa da repressiyaya məruz qalan qadınların həyatını ekranlaşdıracağıq. Çətindir, bəli! Amma şərəfli bir işdir! Xalqın sabahı, gələcək üçün vacibdir.

- Çəkiliş zamanı sıxıntınız oldumu?

-Repressiya Muzeyində aparılan çəkilişdə Repressiya qurbanı olan BÖYÜK TÜRK Əhməd Cavadın adını, soyadını daşıyan nəticəsi Əhməd Cavadda iştirak etdi.
Düzü, muzeydə şəkiliş aparmaq çox çətindir. Çünki qəddar Sovet rejiminin, qəddar Stalinin axıtdığı nahaq qanların izləri hələ də divarlarda durur. Günahsız insanları qətlə yetirənin, ailələrinə işgəncə verənin “dövlət”olması insanı üzür. Sıxıntı verir.
Yeri gəlmişkən, təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik Seymur Şeydayev repressiya ilə bağlı məlumatları da diqqətimizi çox çəkdi.
Beləliklə, layihənin film çəkilişləri davam edir. Ümid edirəm, əziyyətimizin, məsuliyyətimizin məhsulu olacaq o maarifləndirici filmi yüksək səviyyədə tamaşacılarımıza nümayiş etdirəcəyik!

-Radə xanım, məlumatınıza görə sizə təşəkkür edirik!

 

Əntiqə Rəşid