Qara Qarayev bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi
Azərbaycan Respublikasının Xalq artisti, professor, AMEA-nın müxbir-üzvü, UNESCO-nun “Sülh artisti, “Şərəf” və “Şöhrət” ordenləri laureatı Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətini dünya miqyasında təmsil edən ən məşhur simalardan biridir. Onun yaradıcılığı, son dərəcə orijinal əsərləri haqqında dünyanın ən nüfuzlu musiqiçiləri, tənqidçiləri öz dərin fikirlərini söyləmişlər. Bəstəkarın əsərləri dünyanın ən mötəbər musiqi festivallarında, xarici ifaçılar tərəfindən, ən möhtəşəm konsert salonlarında və teatr səhnələrində səsləndirilmişdir.
Firəngiz Əlizadə təkcə Azərbaycan çərçivəsində deyil, bütün dünya arenasında möhkəm mövqeyə malik sənətkardır. O, həm bəstəkar, həm ifaçı, həm də musiqişünas kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmaqla yanaşı, həm də ictimai fəaliyyətinə görə də şöhrət tapmışdır. Belə ki, 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına sədrlik etdiyi andan bugünədək onun titanik əməyi sayəsində, demək olar ki, bu yaradıcılıq birliyi bir çox bəstəkar və musiqişünas üçün doğma ocağa çevrilmişdir.
Bildiyimiz kimi, Azərbaycan Bəstəkarlar İttifaqı - mədəniyyət sahəsində müxtəlif nəsillərdən olan yaradıcı insanları birləşdirən vacib bir sistemdir. Burada ənənələrin varisliyi və gələcəyə irəliləmə əsas məqsəd daşıyır. Təsadüfi deyil ki, belə bir yaradıcı birliyin başında öz dövrünü təmsill edən dahi insanlar durmuşdur: Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Aqşin Əlizadə...
Firəngiz xanım Əlizadə isə 1974-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1979-cu ildən onun İdarə heyətinin katibi (qeyd edim ki, bütün Sovet İttifaqında ən gənc katib idi), 2007-ci ildən isə sədri seçilmişdir. Sonrakı seçkilərdə də (2012, ...) iki dəfə Firəngiz xanım İttifaqın sədri seçilmişdir. Bu, bir daha həmkarlarının ona göstərdiyi etimadı təsdiq edir.
Firəngiz xanımın bu günədək Bəstəkarlar İttifaqına uğurla rəhbərlik etməsinin səbəbi öz fəaliyyətində korifeylərimizin ənələrini davam etdirməsi olmuşdur. Xüsusi olaraq, Üzeyir Hacıbəyli dühasına verdiyi yüksək qiymət ona öz işində daha məsuliyyətli və vicdanlı olmağa məcbur edir.
F.Əlizadə öz seçdiyi yolu inamla davam etdirir. Azərbaycan musiqi həyatında baş verən hər hansı dəyişikliklərə baxmayaraq, F.Əlizadənin daşıdığı əsas missiya – Azərbaycan akademik musiqinin populyarlaşdırmaqdır.
Məhz Qara Qarayev bəstəkarlıq məktəbinin parlaq nümayəndələrindən biri olan Firəngiz xnım Əlizadənin Azərbaycan Bəstəkarlar İttifaqına sədrliyi müddətində bu qocaman yaradıcılıq birliyinin həyatında əlamətdar hadisələr baş vermişdir. İlk öncə, qeyd edək ki, məhz Firəngiz xanım İttifaqa sədr seçildikdən sonra 1964-cü ildən 1991-ci ilədək İttifaqın istifadəsində olan və şəhərin mərkəzində yerləşən gözəl binanın yenidən özünə qaytarılması məsələsi müsbət həllini tapmış və bu qədim tarixi bina əsaslı təmirdən, yenidənqurma işlərindən sonra yenidən musiqiçilərin ixtiyarına verilmişdir. Məhz Firəngiz Əlizadənin sədrliyi altında Bəstəkarlar İttifaqı müasir texniki avadanlıqla, musiqi alətləri ilə təmin edilmişdir.
2009-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyi ərəfəsində binanın təntənəli surətdə açılış mərasimi yəqin hamının yadındadır. Belə bir tənrənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım, UNESCO və İSESCO-nun
Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın iştirak etməsi musiqi ictimaiyyəti üçün əsl bayrama çevrilmişdir.
Bəstəkarlar İttifaqının 75 illik yubiley tədbirləri bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Yubileylə əlaqədar Beynəlxalq Musiqi Festivalının təşkilində və keçirilməsində, şübhəsiz ki, F.Əlizadənin müstəsna rolu olmuşdur.
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatşılığı ilə Respublikada həyata keçirilən beynəlxalq miqyaslı musiqi layihələrində Bəstəkarlar İttifaqı da fəal iştirak edir. Burada xüsusi olaraq, "Üzeyir Dünyası", "Muğam ensiklopediyası" layihələrinin, "Muğam Aləmi" Beynəlxalq Musiqi Festivallarının bədii rəhbəri kimi Firəngiz Əlizadənin əvəzedilməz rolu danılmazdır. Həmçinin, Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi və geniş vüsət aldığı “İpək yolu” Beynəlxalq Musiqi Festivalının 2010-cu ildən başlayaraq hər il Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şəki şəhərində keçirilməsi bir ənənə halı almışdır.
Azərbaycan Bəstəkarlar İttifaqı və onun sədri Firəngiz Əlizadə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Mstislav Rostropoviç adına, Qara Qarayev adına, eləcə də Qəbələ və Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalların da təşkilində yaxından iştirak edir.
Bəstəkarlar İttifaqının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində Firəngiz Əlizadənin təcrübəsi və biliyi mühüm rol oynayır. Onun təşəbbüsü ilə İttifaqda bəstəkarlarımızın xatirəsinə həsr olunan tədbirlərin -yubileylərin, konsertlərin, konfransların, anım günlərinin keçirilməsi daimi xarakter almışdır. Bəstəkarlarla bərabər, musiqişünasların da elmi yaradıcılığını işıqlandıran konfransların təşkil edilməsi önəmlidir.
Firəngiz Əlizadənin beynəlxalq nüfuza malik olması onun rəhbərlik etdiyi Azərbaycan Bəstəkarlar İttifaqının da beynəlxalq əlaqələrinin genişlənməsinə əhəmiyyətli təsir göstərmişdir. Xarici bəstəkarların, dirijorların və musiqi ifaçılarının respublikamızda konsertlər verməsi, öz konsertlərində Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirmələri, həmçinin, xarici ölkələrdə bəstəkarlarımızın əsərlərinin ifa olunması, Azərbaycan akademik musiqisinin müasir dövrdə dünya miqyasında tanınması və təbliği sahəsində Firəngiz Əlizadənin rolu danılmazdır.
Məlumdur ki, Azərbaycan Bəstəkarlar İttifaqının republikanın 5 bölgəsində - Naxçıvan, Gəncə, Qarabağ, Lənkəran və Şəki regional mərkəzləri fəaliyyət göstərir. Bunlardan sonuncu – Şəki regional mərkəzinin açılması, bilavasitə Firəngiz xanımın İttifaqa sədrlik etməyə başladığı ilk illərdə - 2008-ci ildə mümkünləşmişdir ki, bu da həmin bölgədə fəaliyyət göstərən istedadlı gənclərin yaradıcılığına yardım göstərmək, onlara inkişaf etməyə kömək etmək, dəstək olmaq, həm də onları birləşdirmək məqsədi daşıyır.
Gənc musiqiçilərin yaradıcılığının işıqlandırılması F.Əlizadənin daima diqqət mərkəzindədir. Bu məsələ Bəstəkarlar İttifaqının fəaliyyətinin əsas istiqaməti kimi önəmlidir. Burada mütəmadi olaraq gənclərin yaradıcılığına həsr olunan festival, plenum, konsert və digər tədbirlərin keçirilməsi onlara olan inamı və etimadı nümayiş etdirir. Firəngiz xanımın sədrliyi ərzində, yəni 2007-ci ildən etibarən gənclərin musiqi yaradıcılığına həsr olunmuş çox sayda plenumlar, konsertlər və digər tədbirlər keçirilmişdir. Ona fəaliyyətinin qiymətləndirilməsi təqaüd və mükafatların verilməsi ilə müəyyənləşir ki, bu da gənclərin yaradıcılığına olan diqqət və qayğının bariz nümunəsidir. Məhz belə qayğıkeş münasibət nəticəsində peşəkarcasına yazılmış əsərlərin yaranması mümkünləşir.
F.Əlizadə İttifaqa rəhbərlik etdiyi andan Azərbaycan bəstəkarlarının ən yaxşı əsərlərinin təksə ifası və nəşri ilə deyil, həm də xaricdə səsləndirilməsi məsələsi ilə də ciddi məşğul olmağı prioritet məsələ kimi qarşısına məqsəd qoymuşdur. Müsahibələrinin birində - ”Azərbaycan musiqisinin beynəlxalq səviyyəyə çıxması üçün çalışacağam. Mənim niyyətim odur ki, Bəstəkarlar İttifaqı dəyərli bəstəkarların gözəl musiqilərini dünyada təbliğ etsin. Muğamı, aşıq musiqisini, ümumiyyətlə, milli musiqimizi qorumaq, nota yazmaq, internet vasitəsi ilə bütün dünyaya yaymaq məqsədimiz var. Bu, çox böyük işdir və biz bütün bu işləri yaxın zamanlarda həyata keçirmək istəyirik”- deyən Firəngiz xanım öz mövqeyində möhkəm duran sədrdir.
Musiqi əsərlərindən əlavə, bəstəkar və musiqişünasların yaradıcılığı haqqında geniş ictimaiyyəti məlumatlandırmaq məqsədilə kitabçaların nəşr etdirilməsi də Bəstəkarlar İttifaqının yerinə yetirdiyi vacib vəzifələrdən biridir.
Artıq neçə ildir ki, Azərbaycanın mənzərəli guşələrindən birində - Şabranın Pirəbədil kəndində Bəstəkarlar İttifaqının üzvləri üçün Yaradıcılıq Evinin istifadəyə verilməsi onların yaradıcılıq stimulunun artırılmasına səbəb olmuşdur.
Keçən il Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. Bununla bağlı geniş tədbirlər planı həyata keçirilmişdir. Yubiley tədbirləri Azərbaycanın Bakı, Gəncə, Şəki, Şuşa şəhərlərindən əlavə, Almaniyanın Berlin şəhərində də keçirilərək Azərbaycan bəstəkarlıq məktəbinin müasir vəziyyəti haqqında geniş təsəvvür yaratmışdır.
Bu tədbirlər sırasında Şuşada Azərbaycan Bəstəkarlar İttifaqının səyyar plenumunun keçirilməsi, xüsusilə əlamətdar olmuşdur. Şübhəsiz, bu plenum əvvəlkilərdən, tamamilə fərqlənirdi. Uzun sürən ayrılıqdan sonra Firəngiz Əlizadənin rəhbərliyi ilə 40 nəfərdən ibarət nümayəndə heyətinin iştirakı ilə bəstəkarlarımız və musiqişünaslarımız işğaldan azad olunmuş doğma torpağa, Ü.Hacıbəylinin, Bülbülün, Qarabağ muğam məktəbinin görkəmli nümayəndələrinin yurduna gəlməklə öz ehtiramlarını bildirdilər.
Bəstəkarlar İttifaqının yubiley ili çərçivəsində həyata keçirdiyi daha bir əlamətdar hadisə - “Azərbaycan Bəstəkarlar İttifaqı-90” yubiley medalının təsis edilməsi idi. İtifaqının qocaman üzvlərindən - Xalq artisti Tofiq Bakıxanov, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, akademik Zemfira Səfərova, professor İmruz Əfəndiyeva və Həcər Babayeva ilə yanaşı, mən də yubiley medalı ilə təltif olunduğuma görə qürur hissi keçirirəm.
Bütün bu sadalananlar Firəngiz Əlizadənin sədrliyi ərzində Bəstəkarlar İttifaqının əldə etdiyi nailiyyətlərdəndir.
Firəngiz Əlizadənin sədrliyi ərzində İttifaqın bir neçə qurultayı keçirilmiş və bunların hər biri dövrün, zamanın tələblərini, problemlərini özündə əks etdirmişdir. 2025-ci il yanvarın 24-də keçirilən Azərbaycan Bəstəkarlar İttifaqının növbəti qurultayında öz həmkarlarının etibarını qazanan Firəngiz xanım Əlizadə yenidən İttifaqın sədri seçilərək bu məsuliyyətli işi layiqincə davam etdirəcəyini bildirdi.
Firəngiz Əlizadə əsl vətənpərvərdir. Vətəndən uzaqda olduqda belə, onun ürəyi hər zaman Azərbaycanla birgə döyünmüş, Azərbaycan vətəndaşı olduğuna görə hər zaman fəxr etmişdir. Daima yaradıcılıq axtarışında olan sənətkar harada olmasından asılı olmayaraq, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət etməyə hər zaman hazırdır. Əminəm ki, qarşıda bizi Firəngiz Əlizadənin sədrliyi ilə Azərbaycan Bəstəkarlar İttifaqının tərkibində maraqlı və məhsuldar fəaliyyət gözləyir.
Rəna Məmmədova
AMEA-nın müxbir-üzvü, professor,
Sənətşünaslıq elmləri doktoru