20 May 2024 11:45
1769
MÜSAHİBƏ

Fuad Amanov: “Menyuda “hədiyyə” olan müğənnidə nə keyfiyyət olacaq?” - MÜSAHİBƏ

“Musiqi ruhun qidasıdır” deyiblər. Əlbəttə ki, söhbət yaxşı musiqidən gedir.

Bu ifadəni işlədəndə, eşidəndə hər dəfə ağlıma belə bir fikir gəlir - görəsən, bu sözləri deyənlər indiki trendləri, Azərbaycan musiqisinin günümüzdəki halını görsəydilər, yenə də eyni fikirdə qalacaqdılar? Yəqin ki, yox. Bəs günah kimdədir? Bizi zövqsüzləşdirən kimdir, nədir? Müğənni, bəstəkar, yoxsa ən çox günahlandırılan sosial şəbəkə? Bu suallara müxtəlif cavablar almaq olar. Düşüncələr müxtəlifdir. Necə ki, indi faiqağayevləri, röyaayxanları, aygünkazımovaları, çinarəməlikzadələri, almaxanımları da “trend” edən dinləyicidir, şəbnəmləri, vəfaları, nəfəsləri, türkanları, müjganları, zibaları, aygülləri də...

Amma uzun illərdir fəaliyyət göstərib, bəstəkar və xalq musiqiləri ilə məşğul olub, müxtəlif dillərdə musiqilər ifa edib, heç bir zaman trend arzusunda olmayan sənətçilərimiz də az deyil. Elə Bakıvaxtı.az-ın müsahibi bəstəkar-müğənni Fuad Amanov da belələrindəndir.

Müğənnilər toy üslubunda oxumağa məcburdurlar

- Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

- Müğənni Fuad Amanov. Təkcə musiqiçi yox, hüquqşunas müğənni... Əvvəllər hüquqşunas işləmişəm.

İndi ancaq musiqi ilə məşğulam. Musiqi təhsilimi Sankt Peterburq şəhərində almışam. Amma masterklaslarda da olmuşam. O vaxt Konservatoriya idi, indi də Musiqi Akademiyası. Ağaxan Abdullayevdən muğam dərsləri, Elmira Quliyevadan vokal dərsləri almışam. Repertuarım yetəri qədər zəngindir. Çünki musiqinin bütün sahələrinə marağım var. O vaxtlar nə sosial şəbəkə var idi, nə də internet saytları. Bütün yük televiziyaların üzərinə düşürdü. Biz də orada sənətkarları görürdük, onları dinləyirdik.

- Yəni, ilk müəllimləriniz onlar olublar?

- Hə, ilk müəllimlərim onlar sayılır. Çünki biz onları çox dinləyirdik. Orada əsl sənətkarlar çıxış edirdilər. Amma mənim tar təhsilim də olub. Bu da məndə musiqiyə marağı daha çox artırıb.

- Sizcə, musiqidə təhsil önəmlidir, yoxsa istedad?

- Təhsil önəmlidir, mütləqdir. Təkcə musiqidə yox, bütün sahələrdə təhsil vacibdir. Təhsil alan müğənni, musiqiçi öz yolunu tapa bilir. Müğənnilik sənətində də vokalı bilmək lazımdır. “Vokal” italyancadan “səs” deməkdir. Səs tembri şirin, xüsusi olmalıdır. Səsin xışıltısı, təmizliyi, yumşaqlığı önəmlidir. İkinci dərəcədə isə səsin diapazonudur. Səs diapazonu nə qədər yüksəkdirsə, müğənni üçün oxumaq bir o qədər rahat olur. İstədiyi notları götürə bilir, həcmli mahnılar ifa edə bilir. Səsdə ritm və duyum olmalıdır. Musiqili duyum deyirlər bir çox yerlərdə, bunların olması şərtdir.

- Bunları təhsil alaraq əldə etmək olar, yoxsa istedaddır. Ya var, ya da yoxdur?

- Baxır hansı janrda oxuyursan. Estrada, klassik estrada və yaxud caz oxuyacaqsan, bluz oxuyacaqsan. Ola bilsin xalq musiqiləri, muğamlar, təsniflər oxuyacaqsan. Bunlardan asılı olaraq dəyişir. Bu, müğənninin öz seçimidir. İndi isə fərqlidir. İndi bütün müğənnilər eyni ouxyurlar.

- Bu janrın adı nədir?

- Biz ona toy musiqiləri deyirik. Toy üslubudur.

- Toyu, toyları “məktəb” adlandıran ifaçılarımız var. Onların fikirləri ilə razısınız? Həqiqətən də “toy məktəbdir”?

- Xeyr, belə deyil. Burada da müğənninin öz yanaşması vacibdir. Ümumiyyətlə, musiqili məclislər ölkələrdən asılı olaraq dəyişir. Məsələn, Türkiyədə restoranlarda, kazinolarda, müxtəlif əyləncə mərkəzlərində başqa cür musiqilər oxunur. Bizdə o sfera tam inkişaf etməyib. Konsert məsələsi də var. Bizdə konsert sahəsi inkişaf etməyib. Konsertlər üçün bölgələrdə infrastruktur düzəlməlidir. Bütün dünyada ilk konsertlər ölkələrin bölgələrində olur.

- Bizdə də hazırda bölgələrimizdə konsertlər olur. Hansı müğənnilərin səhnə alması başqa mövzudur. Amma konsertlər olur. “Bayağı” adlandırılan musiqiçilər orada konsert verməyə uyğun şərait tapırlar, bəs əsl sənətlə məşğul olanlar? Onlar niyə geri çəkilirlər?

- Bu, bizdə yeni-yeni başlayır. Əvvəl yox idi. İnsanların rifahı artdıqca, bu sahə də inkişaf edəcək. Bayağı musiqiyə gəldikdəsə, o, müğənninin öz seçimidir. İndiki müğənnilər də toy üslubunda oxumağa məcburdurlar. Toy, ad günü, ən xırda məclisi belə idarə etmək üçün xüsusi istedad və bacarıq lazımdır.

- Toy üslubunda oxumağa məcburdular?

- Axı, başqa üsulla gəlir əldə etmək olmur. Gəlir əldə etməyə də məcburdular. İndi konsert salonlarında konsert vermək üçün müəyyən vəsait lazımdır. Sponsor da olmalıdır. Təşkilatçı və böyük bir komanda olmalıdır.

- İndi sizin deməyinizdən bu anlama gəlir ki, müğənni toy oxumasa, maddi cəhətdən problemlər yaşayar?

- Belədir. Siz bu sahənin içərisindəsiniz, özünüz də yaxşı bilirsiniz. Məlumatınız da çox var.

- Yetəri qədər müğənni var ki, onlar toy oxumurlar, amma kifayət qədər də zəngindirlər...

- Düzdür, var. Onların içərisində Xalq artistləri də var. Onlar da yarım saatlıq toylara gəlirlər.

- O zaman toya getmək mütləqdir?

- Bəli. Bu, tək bizdə yox, bütün dünyada belədir. Müğənninin öz seçimindən asılıdır. Ya toya gedir, ya da getmir. Məsələn, Rusiyanın Xalq artistləri var, kifayət qədər məşhurdular, amma onlar da özəl məclislərə gedirlər. Özüdəki böyük qonorarlarla gedirlər.

- Fuad bəy, bəzi sənətçilərimiz müasir texnologiyaların musiqiyə çox sirayət etməsindən gileylənirlər. İddia edirlər ki, müasir aparatlar vasitəsi ilə səsin ahəngini, ritmini, diapazonunu dəyişirlər. Siz necə düşünürsünüz?

- Bəli, razıyam, edirlər.

- İstedad yenə də lazımdır? Bir halda ki, səsin ritmini, ahəngini istədikləri kimi idarə edirlərsə, istedada nə gərək var?

- İstedad hər bir halda lazımdır. İstedad olmasa, insanın həmin sahəyə marağı da olmaz. Deməli, bu adamın az da olsa istedadı var ki, o bu sahəyə gəlib. O da əmək sərf edir. Studiyaya gedib, səs yazır. Hansısa mahnını əzbərləyir. Baxır istedadın qədərinə...

İndiki müğənnilər tənbəldirlər, üzərlərində işləmirlər

- Siz necə başlamısınız? İstedadınızı kim kəşf edib?

- Mən 1-ci sinifdən oxumağa başlamışam. Nəğmə dərslərində ifalar edirdim. Məktəbdə olan gecələrdə çıxışlarım olurdu. Ondan sonra isə musiqi məktəbinə getdim. Orada da həmişə solist olurdum. Uşaq vaxtından olur bu. Elə valideyn var ki, övladındakı istedadı kəşf edir. Bundan sonra isə o istedadı inkişaf etdirirlər. Axı, hər uşaqda da o istedad olmur. Bəzi valideynlər də buna əhəmiyyət vermirlər. Mən bir ara musiqidən uzaqlaşdım. Ali təhsil aldım və başqa sahədə çalışmağa başladım. Amma həmin zamanlarda da mən mütəmadi oalraq musiqi ilə məşğul olurdum. Dostlarımızın məclislərində ifalar edirdim. Qazanc əldə etmirdim, amma hobbi kimi yanaşırdım. İndiki müğənnilər çox tənbəlləşiblər. O vaxt belə deyildi. Biz mahnını öyrənmək üçün uzun zaman sərf edirdik. Onda heç fonoqram da çox yayılmamışdı, ancaq canlı musiqilər ifa edirdik. İndikilərin əllərində telefon var, istədikləri zaman çıxardıb, oxuyurlar. Amma tənbəldirlər. Oxumurlar. Üzərlərində az işləyirlər.

- Bir neçə toy mahnısı yazdırıb, ancaq onları səsləndirirlər...

- Bəli. Təəssüf ki, elədir. Təhsil almaq buna görə vacibdir. Orada oxunuş qaydaları var. Vokal sənətində oxunuş qaydaları qeyd edilir. Diafraqma ilə oxumaqdır, nəfəslə oxumaqdır, müəyyən üslublarda bu oxu tərzləri dəyişir. Təhsilsiz müğənnilər çox tez yorulurlar. Səsləri də tez batır. Çünki oxunuş qaydasını bilmir. Amma təhsilli müğənni oxunuş qaydasını bilir. Səsi açır, normal da idarə edir. Onlar gec yorulurlar.

- Bayağı musiqini də ifa etmək üçün təhsil lazımdır?

- Bütün dünyada belədir. Bayağılaşma hər yerdə var. Bu, kütlənin istəyidir. Bayağı musiqi elədir ki, onu oxumaq asandır, amma hər bir halda istedad da lazım olur. Gərək onu da bacarasan, hər adam bayağı ifa edə bilmir (gülür ). Bayağı musiqi ilə kütlə qidalandırılır. Onların beyinlərinə siraət edilir. Ondan sonra isə kütlə başlayır bayağı musiqi tələb etməyə. Axı o musiqilər tez başa düşülür. Onları anlamaq asandır.

- Fuad bəy, nə zamansa sizdən bayağı musiqi səsləndirməyinizi istəyiblərmi? Siz də məcbur qalıb, həmin ifanı səsləndirmisiniz?

- Bilirsiniz, mən çox zaman canlı ifa edirəm. Bayağı ifalar 20 il öncə fərqli idi. O vaxt ara mahnıları var idi, biz məclislərdə onlardan ifa edirdik. Amma indiki bayağı mahnıları baxıram ki, ozamankılar daha yaxşı imiş. Ovaxtkılar indikilərə baxanda əla mahnılar idi. Çox təsadüfən bayağı mahnı oxumuşam. O da çıxılmaz vəziyyətdə qalmışam deyə. Çalışıram oxumayım. 20 il ərzində mənim də pərəstişkarlarım formalaşıb. Mən də elə məclislərə, elə toylara getmirəm.

- Yəni, sizi dinləyən auditoriya hansı mahnıları oxuyub, oxumayacağınızı yaxşı bilir?

- Məsələn, mən müəyyən restoranlar var ki, onların açılışında bir həftə, on gün işləmişəm. Çünki mənim repertuarımda 10-dan artıq dildə mahnılar var. Çoxu bəstəkar mahnıları olub. İndi o musiqilər dünya musiqisinin inciləri hesab edilir.

- Bəs o zaman?

- O zaman həmin musiqilər təzə idi, necə olacaqları məlum deyildi, tarix göstərəcəkdi. Dərhal qiymət vermək olmur. İndi o musiqilər klassikadır. Kontingent müxtəlifir. Toylar da belədir. Orada müxtəlif zövqlərin daşıyıcısı olan insanlar olurlar. 4-5 saat toy oxunur. İndi musiqiçilər də istəyirlər ki, həmin zaman kəsimində öz repertuarlarını göstərsinlər. Çünki kim nə desə də, hamı bilir ki, müğənni toyunun çox olmasını istəyir. Çalışırlar özlərini göstərsinlər.

- Hərtərəfli...

 

- Hə (gülür). Müştəri tutmaq üçün edirlər. Toy da çox olsun, qazanc da çox olsun... 28 ildir fəaliyyətdəyəm, illər ərzində çox şeylər olub. İndi hər şeyi danışmaq da olmur. İnsanın öz düşüncəsi olmalıdır.

- Xanım müğənnilər daha tez məşhurlaşırlar. Razısınız?

- Razıyam. Bir rus nevroloqu var. O deyir ki, qidalanmaq həvəsi insanların düşüncələrində əsasdır. Hamı belə düşünür. Cinsəl həvəs və dominantlıq da bura aiddir. Yəni insan yeyir, şənlənir və özünü göstərməlidir. Bu üç məfhum əsasında insan beyni işləyir. İnsandır da, kefi kökəlir və fərqlilik istəyir. Onu da bizim sahədə axtarırlar... Özləri bilərlər.

- Bizdə olan məlumatlara görə, Bakının ən məşhur restoranlarında ifa etmisiniz, çalışmısınız…

- Elədir. İndi tanınan ən məşhur restoranların açılışlarını özüm etmişəm. O açılışlarda elə insanlar olub ki... Amma mən heç vaxt gedib onlardan heç nəyi xahiş etməmişəm. Onlar hamısı yaxşı bilir ki, mənim elə şeylərlə aram yoxdur. Xarakterim belədir. Mən ancaq ifalarımla məşğulam.

- Edənlər də az deyil...

- O qədər olur ki... Gedirlər yanlarına, yaxınlaşıb, xahişlərini ediblər. Mənim xarakterimdə yoxdur. Mən uşaq vaxtımdan bir yerdə oturan olmamışam. Ruhumun azad olmasını istəyirəm. Nəyəsə bağlanmaq istəmirəm.

 

İndi musiqinin problemi həddən artıq çoxdur

- Sənətçilərin bu addımları musiqiyə xələl gətirirmi?

- İndi musiqinin problemləri o qədər çoxdur ki... Bir neçəsini vurğuladım. Amma mən bacara bilmirəm. Şəxsi həyatyları göz önündə olur. Bu adam kitab oxumur, informasiya qəbul etməklə arası yoxdur, dünya görüşünü artırmağa həvəsi yoxdur. Nə qalır ortada? Özünü göstərməyə çalışır. Bəs özünü necə göstərsin? Musiqi savadı olmayandan sonra qalmaqal və şəxsi həyatı ilə özünü göstərməyə çalışır.

- Amma reallığı danışsaq, izləyici, oxucu da şəxsi həyatla bağlı informasiyalar tələb edirlər. Və şəxsi həyatından danışan müğənnilər də gündəmdən düşmürlər. Bəzi bayağı musiqiçilər var ki, xarici ölkələrdə konsert zallarını doldururlar.

- Mən uzun müddət Rusiyada yaşamışam. Siz dediyiniz ifaçıların bir çoxu ilk addımlarını mənim yanımda atıblar. Sonradan məşhurlaşıblar. Müğənnilərin çoxu bölgələrdən Bakıya gəlirlər. Gəlib burada musiqiçilərlə qaynayıb, qarışırlar. Dediyiniz müğənnilərə ən çox bölgələrdə, rayonlarda təlabat var. İndiki valideynlər övladlarına yaxşı təhsil verməyə çalışırlar. İngilis, rus və başqa müxtəlif dillər öyrətməyə çalışırlar. İndiki gənclər internet texnologiyalarını yaxşı bilirlər. Dünya görüşü olan insan gedib o musiqiyə qulaq asmır axı. Çünki onun vaxtı olmur. O, dərs oxuyur, hazırlaşır, dil öyrənir. Bölgələrdə buna çox həvəs olmur. Televiziya ekranlarında da görürsünüz ki, səhərdən axşama kimi ancaq tibb verilişləri, klinikaların reklamlarını və həmin səpkidə müğənniləri verirlər. Bayağılaşma hər zaman olacaq. Televiziyalar da estefeti sosial şəbəkəyə ötürüblər. İstəyən gedir kitab oxuyur, kitab oxumaq istəməyən də gedib Nəfəsə qulaq asır. Sosial şəbəkədə alqoritim var. Baxır ki, insan nəyə çox maraq göstərirsə, qarşısına da o kontentdə paylaşımlar çıxarır.

- “Youtube” və yaxud başqa sosial şəbəkədə olarkən, qarşınıza heç tanımadığını bir müğənninin mahnısı çıxır?

- Çıxır, amma mən onlara qulaq asmıram. “Youtube” və digər şəbəkələrdə fərqlər var. 3-cü dərəcəli ölkələr var ki, onlar böyük dövlətdilər, amma hələ inkişaf etməkdədirlər. Avropa ölkələrindən “Youtube”dən qazanc başqadır, Asiyada, Amerikada başqa. Asiyada əhali sayı çoxdur. Çin, Pakistan və Hindistanda əhali çoxdur, burada qazanılan pullar Avropada qazandığın pullardan qat-qat fərqli olur. Orada neçə sentsə olur, Avropada isə çox olur. Siz görmüsünüz ki, bizi müğənniləri Avropada izləsinlər!? Yox, izləmirlər.

 

Müğənnilər pulla baxış alırlar 

- Fake baxışlara inanırsınız?

- Bəli. Hətta bizim müğənnilərdən bir çoxu müraciət edib, pulla baxış alırlar. İndi də həmin ölkələrlə əlaqə yaradırlar və Çindən, Hindistandan milyonlarla baxış alırlar. Adı olur reklam. Pulunu da qazanır. Pul da ölkədən aslı olaraq dəyişir.

- Mahnısına 60-70 milyon baxış gələn ifaçılarımız var. Onlar da eyni üsuldan istifadə edirlər?

- O baxışlar Şərq ölkələrindən gəlir. Avropandan onlara baxış gəlmir. Kimə lazımdır Avropada o müğənnilər?

- İndi uşaqlar hər yerdə bayaağı musiqi eşidir. Efirdə, toyda, ad günündə, yolda və s. Onlar böyüyüb yaxşı musiqiyə, sənət musiqisinə qulaq asacaqlarmı?

- O baxır hansı mühitdədir. Əgər bayağı mühitdə böyüsə, elə bayağı mahnıya da qulaq asacaq. Burada məsələ dünyagörüşündən gedir. Siz dediyiniz konsertlər var e, müğənnilər gedib Rusiyada, Türkiyədə, Gürcüstanda konsertlər verirlər.Onların konsertlərinə gələnlər də orada yaşayan azərbaycanlılar olur. Həmin həmyerlilərimiz də zamanında bölgələrdən gedənlərdir. O gedib ora, olduğu kimidə qalıb. Bəziləri gedib xarici ölkənin mədəniyyətini götürür, bəziləri də necə vardısa, elə də qalır. Uşaq da mühitdə formalaşır. Maraqlı olanda gedib Alla Puqaçovanın konsertinə qulaq asacaq. Yox, marağı olmasa, gedib siz dediyiniz müğənnilərə qulaq asacaq.

- O insanları pul da dəyişə bilmir?

- Pul dəyişir. Pisi pis edir, yaxşını da yaxşı. Amma yenə də mühit mühim rol oynayır. Yəqin ki, “Mauqli” əsərini oxumusunuz. Balaca vaxtı düşür meşəyə və meşədə də böyüyür. Əsərdə psixoloji faktorlar var. Mauqli də meşədə heyvanlar kimi böyüyür. Məsələn, azərbaycanlı uşağı balacalığından apar Fransaya, orada böyüd. O hansı musiqilərlə böyüyəcək? Əlbəttə ki, fransız. Mühit əsasdır. Oxunan musiqilər də düzgün seçilməlidir.

- Hər musiqi də pul qazandırmır. Axı maddi rifah da var.

- Sizə bir misal çəkim. Bizim bir Xalq artsitimiz var idi - Sabir Əliyev. Məsələn rəhmətlik Opera və Balet Teatrında neçə il solist oldu. İbn Sinanı oynayırdı. Operanı çox gözəl bilirdi. O vaxt indiki oxuyanların çoxu çıxmamışdı. Məmmədbağır Bağırzadə, Ağadadaş Ağayev, Qədir Məmmədov, Şamo İsayev, Yusif Mustafayev və s. var idi... O zamanlar toyların canavarı Sabir Əliyevi sayırdılar. Həmçinin Məmmədbağır Bağırzadə də güclü toy oxuyurdu. Onlar ikisi toyları əla idarə edirdilər, rəqabətdə idilər. Onlar çox adamlardan dərs almışdılar. İndi müəyyən sənətçilər var ki, adları var, televiziyada reklamları var, amma belə şeylərdən xəbərsizdilər. Oxumaq üsullarını bilmirlər. Janrları bilmək lazımdır. Adları var, məşhurdular, amma muğam ladlarından xəbərsizdilər. Hansı mahnının hansı lad üstündə olduğunu bilmir.

- Bəs bəstəkarlar? Bayağı müğənnilərin “yetişmələrində” onların rolu yoxdur?

- Bayağılıq o qədər çoxalıb ki, siz dediyiniz Azərbaycanın qaymaq, gözəl bəstəkarları ki var, onlar da mahnı yazmaq istəmirlər. Həvəsdən düşüblər.

- Sizin də bəstələriniz qarşıma çıxıb...

- Bəli, zaman-zaman mən də yazıram. Mən Eldar Mansurovdan, Elmira İbrahimova, Nadir Əzimovdan həvəslənmişəm. Özümçün mahnılar yazırdım. Məsələn, rəhmətlik Rüfət Mehdiyevlə dost idik. Onunla bir neçə mahnı hazırlamışdıq. Çox heyf ki, o dünyasını dəyişdi. İndi də dostum var ki, mənim illər öncə yazdığım mahnını Flora Kərimova ilə oxumaq istəyir. Mən o mahnını özüm üçün yazmışdım. Mən özümü bəstəkar hesab etmirəm. Əvvəl musiqiçi olmuşam, indi də tarda, gitarada ifa edə bilirəm. Mənim bəstəkarlıq iddiam yoxdur. Çox böyük bəstəkarlarımız var. Mən ömrüm boyu Rauf Hacıyev, Tofiq Quliyev, Elza İbrahimova, Oqtay Rəcəbov kimi bəstəkarların mahnılarını oxumuşam. Xarici ölkə bəstəkarlarından da oxumuşam. Hər zaman bəstəkar mahnıalrına üstünlük vermişəm. Çünki o mahnılarda həcm var, sözlərində məna var. O mahnıları ifa edəndə obraza girə bilirsən. Bayağı mahnıda hansı obrazdan söhbət gedə bilər ki? Yavaş-yavaş inkişaf gedir, görək musiqiyə necə təsir edəcək.

 

Rusiyadakı toylara düşən müğənnilərin qiyməti artır 

- Ümid edək ki, yaxşı təsir edər. Yaxşı, mənalı və anlamlı musiqilər daha çox insan tərəfindən dinlənilər.

- Kimin ağlına gələrdi ki, xırda məclisləri DJ-lar idarə edəcək? İndi belədir. DJ-lar o qədər məşhurlaşıblar ki, indi onlar ad çıxarıblar, öz işləri, məclisləri olur. Hətta o DJ-lar Azərbaycanda az-az olurlar. Ərəb Əmirliklərinə, Türkiyəyə, başqa ölkələrə gedirlər.

- Ərəb Əmirlikləri demişkən, son zamanlar müğənnilərimiz Dubaya tez-tez gedirlər. Hər həftə paylaşımlar, konsertlər, istirahətlər və s. Orada da öz kütlələrini “formalaşdırıblar”. Bəs bunu necə bacarırlar?

- Rusiya-Ukrayna müharibəsindən öncə bizim müğənnilər Moskva toylarına gedirdilər. Əsasən də bizim Musəvi qardaşlarımızın, dağ Yahudilərinin toylarında iştirak edirdilər. Onların orada biznesləri var. Allah hər birini qorusun. Onların toyları olanda bizim müğənnilərə daha çox üstünlük verirlər. Müğənnilərimizin qonorarlarının artması da oradan bəhrələnir.

- O toylarda oxuyan müğənnilərin toy qiymətləri artır?

- Onların məclislərinə düşməyənə qədər qiymət müəyyən miqdarda dayanır. Necə ki, o məclisə düşürlər, qiymət qalxır. Bunun qaydası budur. Pandemiya və Rusiya müharibəsi dönəmlərində müəyyən qadağalar oldu. Bu oradakı biznesmenlərə də təsir etdi. Onlar Dubaya köçdülər və fəaliyyətlərini orada davam etdirməyə başladılar. İndi də reklam firmaları var ki, onlar da biznes adamları ilə işləyirlər. Onların orada restoranları, məkanları da var ki, bizim şou biznes ora gedir. Həmin müğənniləri maddi vəziyyəti aşağı olan adamlar çağıra bilməz ki? Amma bundan sonra qiymət qaldırmaq çətindir.

- Niyə?

- Çünki dünyada müəyyən müharibələr var. Bəzi iqtisadi problemlər də qaçılmazdır. Hələ ki, durğunluqdur. Siz görmürsünüz, indi məclislərdə əvvəlki kimi pul xərcləmək yoxdur. Əvvəlki toylardan indi yoxdur. Bir toya 10 müğənni çağırırdılar. Daha elə şey yoxdur. Toyu bir müğənni idarə edir. Yarım saatlıq oxuyanların da qonorarları əvvəlki kimi deyil. Bakıda indi 3-4 müğənni var ki, yarım saatlıq müəyyən qonorara gedirlər.

- Məsələn?

- Aygün Kazımova, Eyyub Yaqubov, Röya Ayxan və Ədalət Şükürov. Bu sənətçiləri toylara yarım saatlıq çağırırlar. Onlar da özlərini göstəriblər. Yeni işlərini də təqdim edirlər. Bayağılığa qaçmayıblar, öz səviyyələrini saxlayıblar.

- Amma bəzən onlar da tənqid olunurlar. İstər geyimlərinə, istər açıqlamalarına, istərsə də digər məsələlərə görə.

- O, artıq onların şəxsi keyfiyyətləridir. Dünya görüşlərindən asılıdır.

 

Mənə deyirdilər lovğasan, axı mən o bataqlıqda olmaq istəmirəm

- Bir tendensiya da var. Yəqin ki, məlumatlısınız. Son illərdə müğənnilər toy menyusunun üzərində hədiyyə kimi təqdim olunurlar...

- Elədir. Gedirsən toya, orada sənə proqramı verir. Menyuya baxırsan ki, orada qeyd edilib: Resorandan hədiyyə - musiqiçi... Oxuyursan ki, əvvəllə yemək adları yazılır, sonda isə “foto və musiqi hədiyyə”. O hədiyyə olan musiqi də toy sahibinin bəxtindən asılıdır. Əgər yaxşı musiqiçi olursa, heç. Vay o günə ki, bayağı musiqiçi ola... Amma əksəriyyət bayağıdır. Müğənni yeməyin üstündə verilir, orada nə keyfiyyət olacaq? Sizə bir misal çəkim, o vaxt Elgiz qardaşımızın bir evlənmə proqramı var idi, xatırlayırsınız?

- Bəli.

- O proqram ilk dəfə İngiltərədə yaranıb. Özü də 20-ci əsrin 70-ci illərinin əvvəllərində. Siz fərqə baxın. Bizə gəlib 2010-cu illərdə çatdı. Türkiyədə, Rusiyada da o proqram var idi. Amma onlarda 90-cı illərdə yayımlanmağa başlamışdı. İndi də televiziyada, internetdə kim nəyə istəyir, ona da baxır. Özündən asılıdır.

- Amma siz hər zaman televiziyalardan qaçmısınız. Sizi mavi ekranda görməyən izləyici, Fuad Amanovun varlığından necə xəbər tutsun? Həmçinin sosial şəbəkədə də yoxsunuz. Niyə?

- Mən elə şeylərlə maraqlanmıram. Mən kütlə düşüncəsini xoşlamıram. Xoşum gəlmir kütlə düşüncəsindən. Məndən asılı deyil. Atam həmişə onun üstündə məni tənbeh edirdi. Deyirdi ki, “sən elə bil hansısa Ərəb şeyxinin oğlusan, İngiltərə kralının oğlusan. Niyə özünü adi insanlarla müqayisə etmirsən?”. Nə edim? Məndən asılı deyil axı. Öz doğmalarım da bu xarakterimi xoşlamırdılar. Mənə deyirdilər lovğasan. Axı mən o bataqlıqda olmaq istəmirəm. İstədiyim kimi yaşamaq istəyirəm.

- Düşünürsünüz ki, televiziyalara çıxsaydınız, daha məşhur olsaydınız istədiyiniz kimi yaşaya bilməyəcəkdiniz?

- Yox. O, şansdan, xarizmadan da asılıdır. Ola bilər ki, mən o qədər də xarizmatik ola bilməmişəm. Bəzən də lazım olan yerdə, lazım olan məqamda, lazım olan zamanda olmamışam. Zamanında mən Bakıda olsaydım, indi ən məşhur 4 müğənnidən biri idim. Əsas dönəmlərdə Bakıda olmadım. Yaş ötdükcə də həvəsdən düşürsən. İndi də elədir ki, gündə bir oxuyan çıxır. Onların fəaliyyəti o qədər də ürəkaçıcı deyil. Çox həvəsləri yoxdur. Bir dənə fonoqram yazdırıb, gedib hansısa tədbirdə, toyda oxuyurlar, bitdi.

O gün Əməkdar artist, məşhur müğənnilərdən biri gəlib ki, bəs mən toya getmək istəyirəm, nə edim? Mahnılar verdim ki, get, öyrən. Sən necə toya gedirsən ki, mahnıları bilmirsən. Toy başqadır. Hər şeyə fikir vermək lazımdır. Baxan kimi bilirsən ki, oğlan evi ilə qız evinin arası var, ya yox (gülür). Bunlar şərtdir. İki qisim insan olur da. Birinci qisim toyunun daha eleqant keçməsini, ikinci qisim isə daha şən keçməsini istəyir. Mən əsasən birinci qisim toylarda oluram. Nə yalan deyim, ikinci qisim toylara da getmişəm. İllər əvvəl mən Rusiya toyları oxuyanda, hələ indikilər yox idilər. Amma indi getmirəm. Çox şeylər dəyişib... Məşhur müğənnilər var ki, onların ilk aparıcıları mən olmuşam. Restoran sahiblərinin çoxu dostlarımdır deyə, bir çox hallarda toyu mənə həvalə edirdilər. Çünki mən olanda rahat olurdular. O, xüsusi bir bacarıqdır.

 

Övladım olmadı deyə, ailəm dağıldı

- Bəzi sənətçilərimiz deyirlər ki, əvvəllər müğənnilərə qız vermirlərmiş?

- İndi də o tendensiya var. Tək o vaxt olmayıb. Çünki müğənnilər göz qabağında olurlar. Bütün fəaliyyətləri məlumdur. O, insanın özündən asılıdır. Elə müğənni olar ki, öz üzərində işləyər, öz dəyərini qaldırar, eləsi də dəyərini aşağı salar. Xanım müğənni və kişi müğənni olmasının fərqi yoxdur. Bu sənət incə sənətdir. Daha çox diqqətdə olunan sənətdir. Bu sahədə elə adamlar var ki, öz üzərlərində işləmirlər, bayağılığa qaçırlar. Onlara görə bizim də adımız pisə çıxır.

- Bildiyim qədəri ilə subaysınız.

- Mən bir dəfə evli olub ayrılmışam.

- Yenidən evlənmək barədə düşünürsünüz, yoxsa belə bir fikriniz yoxdur?

- Düşünürəm. 49 yaşım var artıq. Ailə kiçik bir dövlətdir. Cəmiyyət ailədən başlayır. Cəmiyyət üçün yaxşı vətəndaş yetişdirmək lazımdır. Ən azından yanında olan insanla öz xoşbəxtliyini təsdiq etməlisən. Onun da xoşbəxtliyinə səbəbkar olmalısan. Kömək etməlisən. Bu tale işidir, qismətdir, necə olacağını bilmək olmur.

- Xeyirlisi...

- Allah yaxşısını qismət eləsin. Mənim elə yaşımdır ki, hər şeyə fikir vermirəm. Əsəbləşmirəm, həyacanlanmıram, fikir eləmirəm. Tanrının üstünə, qismətə buraxmışam hər şeyi. Açıq danışaq, idi hər şey çətindir.

- İlk həyat yoldaşınız sənətinizlə bağlı qadağalar qoyurdu, yoxsa işinizə heç kimin qarışmasına icazə verməmisiniz?

- Mən hər bir xanım müğənniyə ilk əvvəl Azərbaycan xanımı kimi baxıram. Keçmiş ailəm də mənim xüsusiyyətimi çox yaxşı bilirdi. Həmçinin xanım müğənnilərin də çoxunu tanıyırdı.

- Sahəylə əlaqəli şəxs idi?

- Yox. Sadəcə bilirdi. Məclislər və s. olurdu. Mənə tam arxayın idi. Özü də bütün xanım müğənnilər bir-biri ilə əlaqədədir. Birinə nə desən, başqa yerdə danışır. Bakıda hamı mənim xarakterimi bilir. Mən ailəcanlı insanam. Tam ciddi xarakterli insanam. Mənim hüquq təhsilim var, cinayət hüququnu bitirmişəm, bəlkə də, bundan da ola bilər.

- Ailəsinə bu qədər bağlı olan bir insanın ailəsi hansı səbəbdən dağıla bilərdi ki?

- Oldu da. Söz-söhbət yarandı, ayrıldıq. Övladımız olmadı. O dövrlər də elə idi ki, çox stresli zamanlar idi. Pandemiya, müharibə... İş yox, güc yox. Evdə oturubsan bütün gün. Evdən çölə çıxmaq olmur. Belə alındı. Qismət...

 

Ziyafət Əlisoy

Bakıvaxtı.az