adalet.az header logo
  • Bakı -°C
30 Iyul 2026 14:37
61
İQTİSADİYYAT
A- A+

“Bu gedişlə problemli kreditlər 2 milyard manata qədər arta bilər...”

“Azərbaycanda kredit portfelinin ümumi həcmi təxminən 34,3 milyard manatdır. Lakin əhalinin kreditləri geri qaytarma imkanları ildən-ilə azalır. Və ümumi kredit portfelində problemli kreditlərin həcmi sürətlə artır. Əgər 2025-ci ilin iyul ayında problemli kreditlərin həcmi 527 milyon manat idisə, artıq 2026-cı ilin iyul ayında problemli kreditlər 36 faiz artaraq 719,4 milyon manat olub”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekpsert Razi Abasbəyli deyib. 

Ekspertin sözlərinə görə, düzdür ümumi kredit portfelində 2,1 % problemli kredit həcm göstəricisi beynəlxalq standartlara görə kritik hədd sayılmır:

“Bir çox ölkələrdə problemli kreditlərin payı 5–10 % və daha yüksək olur. Azərbaycanda göstərici hələlik nəzarət olunan səviyyədədir, lakin artım tempi diqqət çəkir.Bu ilin son bir ayında isə artım daha da sürətli olub. Belə ki, bu ilin iyun ayında problemli kreditlərin həcmi 635 milyon manat idisə, iyul ayında (cəmi 1 ay ərzində) 84 milyon manat artaraq 719 milyon manata yüksəlib.Bu templə davam edərsə bir ildən sonra problemli kreditlərin həcmi 2 milyard manata yüksələcək. Bu isə artıq ciddi problemdir. Burada diqqət edilməli olan vacib məqam artım tempidir”.

O, prossesin bu cür sürətlə getməsini belə izah edib:  

“Son illərdə ərzaq və xidmət qiymətlərinin artması ailə büdcələrinə əlavə təzyiq göstərib. Nəticədə kredit ödənişləri ikinci plana keçib.- İstehlak kreditlərində faktiki faiz yükü kifayət qədər yüksəkdir.- Kütləvi ixtisarlar, iş yerlərinin itirilməsi vətəndaşın kredit ödəmə imkanlarını çətinləşdirib.Siyahını uzatmaq olar. Lakin indiki tendensiya ölkə iqtisadiyyatının kiçilməsini sürətləndirəcək. Mərkəzi Bank operativ olaraq prossesə müdaxilə etməlidir. Xüsusilə də kreditlərin sığortalanması mexanizmi hazırlanmalıdır”.

Vasif ƏLİHÜSEYN