adalet.az header logo
  • Bakı -°C
02 Sentyabr 2026 09:56
65
SİYASƏT
A- A+

“Prezident ölkəmizin bölgədə müharibənin əleyhinə olduğunu bir daha xatırladıb”

“Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə sammiti ilə yanaşı təşkilat üzvlərinin və tərəfdaş dövlətlərin liderlərinin ikitərəli görüşləri də diqqət çəkir. Prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın Bişkəkdə ilk görüşü aralarında keçirməsi iki liderin sülh quruculuğuna verdiyi əhəmiyyətdən irəli gəlir. Görüşdən sonra yayımlanan bəyanatın da əhəmiyyəti böyükdür. Həmin bəyanatda iki ölkə arasında münasibətlərin ancaq pozitiv tərəfləri vurğulanıb. Bəyanatda dialoqun davam etdirilməsi və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi vacibliyi göstərilib”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq bildirib ki, İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla görüşü də Paşinyanla görüş qədər əhəmiyyətlidir:

“Çünki, bölgədə müharibə atmosferi davam edir, elə Məsud Pezeşkian Bişkəkə səfərə hazırlaraşkən, ABŞ İran ərazisinə zərbə endirib, İran isə buna cavab olaraq Birləşmiş Ərəb Əmirliklərinə zərbə endirməyə çalışıb. İki liderin Azərbaycan dilində müzakirə apardığı mövzular əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycan Prezidenti ölkəmizin bölgədə müharibənin əleyhinə olduğunu bir daha xatırladıb. Öz növbəsində İran Prezidenti Azərbaycanın dəstəyindən məmnun qaldığını söyləyib. Prezidentlər arasında sıx və səmimi dialoqla yanaşı İrandakı mühafizəkar qüvvələrin də Azərbaycan siyasətlərini korrektə etmələri vacibdir. Təəssüf ki, bu istiqamətdə dəyişən heç nə yoxdur”.

E.Şahinoğlu deyib ki, Prezident İlham Əliyevin Bişkəkdə ilk gün ayaqüstü Rusiya Prezidenti Vladimir Putinlə görüşü də medianın diqqətini çəkib:

“İranda olduğu kimi Rusiyada da şovinist qüvvələr anti-Azərbaycan siyasətlərini davam etdirirlər və Kremlin bunun qarşısını almaq üçün heç bir addım atmır. Əksinə, Azərbaycan siyasi dairələrində və cəmiyyətində belə bir rəy formalaşıb ki, Rusiyadakı anti-Azərbaycan qüvvələr Kremlin təlimatıyla hərəkət edirlər.Bişkəkdə Nikol Paşinyan da müxtəlif görüşlər keçirib. Paşinyan İlham Əliyevin ardınca İran Prezidenti və Hindistanın baş naziri Narendra Modi ilə görüşüb. Maraqlıdır ki, Paşinyan Modi ilə görüşdə müxtəlif mövzularla yanaşı TRIPP (“Tramp marşrutu”) layihəsinin icrasına da toxunub. Bu layihə Orta dəhlizin tərkib hissəsi olmaqla Çin və Mərkəzi Asiya məhsullarının Avropa bazarlarına nəqlini nəzərdə tutur. Eyni zamanda Hindistan da Cənubi Qafqaz ölkələrinin nəqliyyat imkanlarından istifadə etməyi planlaşdırır”. 

Politoloq deyib ki, sammitin ikinci günü İlham Əliyevin Narendra Modi ilə görüşüb fikir mübadiləsi aparması da diqqətdən yayınmayıb və bu da təsadüfi deyil:

“Hindistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı davam etdirməkdə, o cümlədən Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə etməkdə maraqlıdır. Turizmdə geriləmə olsa da, bu sahənin inkişafı əhəmiyyətli hesab edilir. Azərbaycan Prezidentinin avqustun 20-də turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləməsi də buna xidmət etməlidir. Narendra Modi ilə Məsud Pezeşkian arasında da görüş olub. İran Prezidenti Hindistanın baş naziri ilə görüşdə ABŞ-dən şikayət edib. İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, ABŞ-nin öhdəlikləri yerinə yetirmədiyini vurğulayan Məsud Pezeşkian “biz hələ də razılaşma və qarşılıqlı anlaşma əldə etmək üçün çalışırıq” cümləsini işlədib. Halbuki, SEPAH komandanlığı ABŞ-la razılaşma əldə etmək üçün Pezeşkianın söylədiyi kimi qarşılıqlı anlaşmaya çalışmır. Pezeşkian bildirib ki, Hindistanın regionda sülh və sabitliyin gücləndirilməsinə töhfə vermək üçün böyük potensialı var. Hindistan və digər dövlətlərin yeganə istəyi Hörmüz boğazının müharibədən əvvəl olduğu kimi enerji daşıyıcılarının rahat daşınmasına şərait yaradılmasıdır. SEPAH generalları isə boğaza nəzarət fikrindən əl çəkmək istəmirlər”.

Vasif ƏLİHÜSEYN