Gənc şair: “Qabil Ədalət və onun kimi düşünənlər bilməlidir ki…”

Bu gün ədəbi cameə, ədəbi mühit olduqca qarışıq, hətta deyərdim ki, dağınıq bir vəziyyətdədir. Əksəriyyət müəyyən ədəbi məsələlərə, eləcə də ədəbi prosesə münasibətdə fundamental təfəkkür, köklü analtika və ədalət prinsipi vəhdətindən çıxış edə bilmir və ya çıxış etmək istəmir. Təbii ki, bunun da bir çox səbəbləri var. Kimisinin idraki gücü çatmır o mövcud həqiqətlərə çatmağa, kimisində isə idraki güc, təhliletmə potensialı var amma və lakin iradə, eyni zamanda ədalət prinsipi yoxdur ki, həmin gerçəklikləri ictimai müstəvidə ifadə edə bilsin. Məhz bu baxımdan da hazırkı ədəbi mühitdə müəyyən acı həqiqətlər var ki, bir çoxlarının şəxsində “maraqların” və ya daşıdığı kütlə psixologiyasının necə deyərlər, “qurbanı” olur. Həm də bunu da unutmamaq lazımdır ki, gərək, qələm adamı ruhsal azadlığında “qandal”a yer verməsin”. Bu sözləri
Adalet.az-a açıqlamasında gənc şair, publisist Emil Rasimoğlu söyləyib. O, həmkarı gənc şair Qabil Ədalətin onun haqqında səsləndirdiyi fikirləri qəbul etməyib:
“Qabil səsləndirdiyi fikirlərdə kifayət qədər ədalətdən kənar, yanlış düşüncəyə və qənaətə söykənib. Mən Anarı eləcə də Yazıçılar Birliyində Anarın səriştəsiz idarəçiliyini, Anar diktaturasını dəstəkləyən Rəşad Məcidi və digər AYB təmsilçilərini haqlı olaraq niyə tənqid edirəm, göz önündədir. Tənqidi fikirlərimin əsasındakı səbəbləri bilmək üçün mənim çıxışlarımda, yazılarımdakı gerçəkliklərə baxmaq və ya AYB rəhbərliyində Anarın fəaliyyətini doğru - dürüst şəkildə təhlil etmək kifayətdir.
Daha sonra Qabil fikirlərinin digər bir hissəsində isə qeyd edir ki, “bir zamanlar Emilə AYB-nin üzvlük vəsiqəsini Rəşad Məcid təqdim etmişdi”. Bu fikir də kökündən yanlış fikirdir. Əvvəla, onu qeyd edim ki, hələ illər öncə AYB-yə üzv olan şəxsə üzvlük vəsiqəsini hər hansısa tədbir müstəvisində Rəşad Məcidin təqdim etməsi Birliyin gənclərlə iş üzrə katibi olaraq onun birbaşa vəzifə borcu idi. Burada qeyri – adi heç nə yoxdur. Amma mənim üzvlük məsələmdə isə heç bu hal da olmadı. Bu məqamda istərdim yaxın keçmişə qısaca nəzər salaq:
Demək, 2015- ci ilin elə bu ayları olardı, Azərbaycan Yazıçılar Birliyinidəki prosesləri, xüsusən də Anarın iş prinsipini mətbuatda kəskin tənqid etmişdim. Hələ onda Birliyin üzvü də deyildim. Mənim məlum tənqidi çıxışımdan sonra Rəşad Məcid Anarın mövqeyinə kürək söykəyib, diktator reaksiyası ilə mənə qarşı əks mövqedə dayandı... Elə həmin günlərin birində AYB-yə üzv olmaq üçün tələb olunan sənədləri Birliyin Qəbul Komissiyasına təqdim etdim. Və bir müddət sonra qəbul olunan üzvlərin sırasında adımı bir yazıdan oxudum. Vəsiqəni isə AYB-nin həmin Qəbul Komissiyasından əldə etdim. Sadəcə bu qədər. Yeri gəlmişkən bildirim ki, AYB-yə üzvlük təkcə Rəşad Məcidin rəyindən asılı olsaydı heç şübhəsiz ki, mənim üzv olmağıma birmənalı şəkildə imkan verməzdi. Hər kəsə bəllidir ki, üzv qəbulu məsələsi iclas zamanı bir şəxsin rəyindən asılı olmur.
E.Rasimoğlu gənclərə verilən Prezident təqaüdünü onların boynuna yük kimi qoyulmasını əsassız hesab edib:
“Qabil Ədalətin vurğuladığı Prezident təqaüdü məsələsinə gəldikdə isə mütləq şəkildə deyim ki, bir istedad sahibini Prezident təqaüdünə layiq görmək, eləcə də hər hansısa mükafatla təltif etmək bu sahədə öhdəliyi olan bütün səlahiyyətli şəxslərin, həmçinin də Yazıçılar Birliyi rəhbərliyinin müzakirəsiz borcudur.
Qabil Ədalət və onun kimi düşünənlər bilməlidir ki, bir istedadlı şəxsə verilən hər hansısa mükafat, o mükafatın fonundakı dəyər həmin istedad sahibinin üzərinə qoyulan borc haqqı deyil. Ümumiyyətlə müti psixologiyasından uzaqlaşmaq, əl çəkmək lazımdır”.
Qeyd edək ki, gənc şair Qabil Ədalət müsahibəsində “Bəzi gənclər var ki, onları qınayıram. Məsələn, Emil Rasimoğlunun hərəkətləri qətiyyən bəyənilən deyil. Münasibətmiz var, ancaq mövqeyinə qarşıyam. Emil ədəbiyytda elə bir mərhələdə deyil ki, Anarı, Rəşad Məcidi tənqid etsin. Bilmirəm bunu niyə edir. Onun bu addımı gündəmdə qalmaq üçündür, yoxsa hikkədir? Səbəbi hər nə olursa olsun, onun bu addımına qətiyyən haqq vermirəm. Axı bir zamanlar Emilə AYB-nin üzvlük vəsiqəsini Rəşad Məcid təqdim etmişdi və Emil də gənc yazar kimi “prezident təqaüdü”nə layiq görülmüşdü. Onun təqaüdə layiq görülməsini təsdiqləyən insanlardan biri də Rəşad Məcid idi. Adam bunları unutmaz axı” söyləyib.
Əntiqə Kərimzadə


Bakı -°C 














