adalet.az header logo
  • Bakı 20°C
08 Dekabr 2022 11:52
1950
MÜSAHİBƏ

Gənc xanəndə: “Efirin bizə qarşı öz qaydaları olur” - MÜSAHİBƏ

Müsahibim 4-cü Televiziya Muğam Müsabiqəsinin və Xalq Ulduzu-6 mahnı müsabiqəsinin iştirakçısı gənc xanəndə Babək Şuşalı da bu istedadlı yeni nəslin gözəl səs sahiblərindən biridir. Gənc xanəndəmiz Adalet.az- a uğura gedən yoldan və xanəndəlik sənətindən danışdı.

-Məlum məsələdir ki, dəstək olanlar çox olub. Mane olanlar necə, var idi?

-Doğru buyurdunuz ki, dəstək olanlar çox olub. Bizim bu muğam sahəsi elə sahədir ki, böyüklərimiz həmişə dəstək olurlar. Bilmədiklərimizi bizə öyrədirlər. Yəni heç vaxt özümə qarşı qərəzli münasibət görməmişəm. Həmişə müəllimlərin məsləhəti, qayğısı və diqqəti biz gənc xanəndələrlə olub.

-Bu sənətin lap ilkin addımlarını necə xatırlayırsınız?

-
 İbtidai sinifdə oxuyanda həmişə sinifdə zümzümə edirdim. Bir dəfə Cəmilə adlı sinif yoldaşım oxumağımı eşitdi və mənə dedi ki, Babək, gedək səni aparım musiqi məktəbinə. Sən demə bu qız musiqi məktəbinə gedirmiş. Bundan xəbərim yox idi. Onunla musiqi məktəbinə getdim. Mənsum( red:- İbrahimov) müəllim oxumağıma qulaq asandan sonra dedi ki, əgər davam etdirsən yaxşı səsin var. Yəni oxuya bilərsən. Mən evdə bunu deyəndə təbii ki, zarafatyana səndən oxuyan olmaz dedilər. Ancaq mən öz qərarımda qəti idim. Sonra valideynimlə birlikdə musiqi məktəbinə getdik . Əlbəttə ki, mən bütün etimadları doğrultmalı idim… Və belə də oldu. Artıq 13- 14 yaşlarımda Rusiyaya qostrol səfərim başladı.

-Görünür inadkarsınız… Bütün işlərinizdə beləsiniz?

- Əlbəttə. Qarşıma məqsəd qoyduğum hər şeyə zəhmətimlə nail olmaq istəyirəm. Təbii ki, valideynlərimin də mənə dəstəyini unutmuram. Valideyn zəhməti danılmazdır. Atam orqan işçisi idi, mənimlə çox marqlana bilmirdi. Ancaq anam demək olar ki, həmişə mənim yanımda olub. Uşaq vaxtı məni konsertlərə, tədbirlərə aparırdı. Qayğısını və dəstəyini məndən əsirgəmirdi.

-Nədənsə çox az bəstəkar mahnıları oxuyursunuz…

-
Bilirsiniz, biz efirə dəvət alandan xanəndə olaraq dəvət alırıq. Yəni o üzdən də mütləq təsniflər oxumalıyıq. Daha çox muğama yer ayırmalıyıq. Efirin bizə qarşı öz qaydaları olur. Ancaq tədbirlərdə və el şənliklərində əlbəttə, xalq mahnıları , bəstəkar mahnıları və bəzən türk mahnıları da oxuyuruq.
- Bəstəkarlarla iş birliyində bir- birinizlə razılaşmadığınız məqamlar olub?

-Mahı bəstəkarın məhsuludur. Ancaq onu yaxşı ifa etmək ifaçının üzərinə düşən məsuliyyətdir. Bəstəkar zəhmət çəkdiyi işə qarşı istəyər ki, diqqətli yanaşasan. Ancaq bir xanəndə kimi şəxsən mən bütün mahnılarda öz yolumu oxuyuram. Yəni belə deyək, ifaçının o mahnıda öz ifa tərzi olmalıdır. Onun “boğaz”ı mütləq orda seçilməlidir. Ancaq sizin sualınızın cavabı olaraq deyim ki, heç vaxt belə hallarla rastlaşmamışam.

-Müəyyən bir dövrdən sonra Babək Şuşalı hansı mahnı ilə yaddaşda qalmaq istəyər?

-Qədir Rüstəmov “Sona Bülbüllər”i oxuyanda özü də bilmirdi ki, onunla yaddaşda qalacaq. O, ancaq öz sənətini layiqli şəkildə davam edirdi. Zaman keçdi və xalq Qədir Rüstəmovu “Sona bülbüllər”lə sevdi. Hər kim “Sona bülbüllər” deyirsə, mütləq yada Qədir Rüstəmov düşür. İndi mən də bilmirəm axı xalqın yadında hansı nəğmə ilə qalacam. Onu zaman və xalqın istəyi həll edəcək.

-Duet oxumaq fikriniz var?

-Bəli. Qeyd edim ki, duet ifaçı üçün mütləqdi. Mən gənc ifaçı Ayşən xanımla duet oxumuşam. Ancaq inşallah duetləri davam etdirmək fikrim var.

-Bu məşhurluğa gedən yolun kölgəsinə sığınan dostlar olurmu?

-Hələ o qədər də böyük uğurlar əldə etməsəm də, bəli, hiss edirəm ki elə “dostlar” da olur. Ancaq mən elələrinin də qəlbin qırmıram. Hər kəsin münasibtinə hörmətlə yanaşıram. Ancaq əsas məsələ odur ki, kimin kim olduğunu biləndən sonra kimlə necə məsafə saxlamaq lazımdır, onu yaxşı bilirəm. Kim nəyə görə mənim yanımdadır, onu da gözəl bilirəm.

-Yəqin ki, toylara gedirsiniz…

- Toy bizim el adətimizdir. Burda gizlədiləcək heç nə yoxdur, bəli gedirəm. Balaca vaxtı Nardaranda çox toy oxumuşam. Bakı kəndlərinin toyları və birdə Qarabağ toyları əsl toy kimi keçirdi. Təəssüf olsun ki, indi adət-ənənəmiz çox da qorunub saxlanılmır. İndiki toylar əvvəlki toylar kimi olmur. İndi toyda ardıcıl iki muğam oxuyanda toy sahibi gəlib deyir ki, keç, mahnıya və yaxud da toya gələnlər deyir ki, biz bura yasa gəlməmişik ki, muğama qulaq asaq.

-Görünür, insanlar daha çox pozitiv mahnılar dinləmək istəyirlər…

-
Bilirsiniz, artıq insanlar bayağı mahnıları o qədər dinləyir ki, muğama və yuksək səviyyəli mahnıları dinləməyə səbirləri çatmır. Muğama qulaq asan gənclər daxilən zənginləşib böyüyən gənclər olurlar. Muğamı yaxşı dərk etmək hər beyinə məxsus iş deyil.

- Təmənnasız oxuduğunuz toy olub?

-Əlbəttə. İnanın, o qədər pulsuz toya getmişəm ki… Elə olub ki, kasıb adam olub mənə deyib arzumdur ki, toyumda oxuyasan. Hətta maddi gücü nəyə çatırsa, onu mənə verəndə də qəbul etməmişəm. Demişəm ki, halal xoşun olsun.
Həmişə el şənliklərində xalqın sevgisini hiss etmişəm. Bu da mənim qazancımdır

 

ƏNTİQƏ KƏRİMZADƏ