06 Avqust 2025 12:00
464
MƏMLƏKƏT

Gözünüz aydın, köçkünlər "zəbt etdikləri mənzili "özləri ilə aparmadılar

Deməli, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə məlumat verilib ki, bu günədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 188 ailə (676 nəfər) köçürülüb.

Dübarə bildirilib ki,  işğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür.

Bunu niyə yazdım? Çünki tam 5 ildir ki, Azərbaycan seqmentinin sosial şəbəkələrində köçkünlərə qarşı qarşısıalınmaz bir aqressiyanın çoxumuz şahidi olmuşuq. Bəzi "vətəndaşlıq, soydaşlıq" hisslərindən bixəbərlər "torpağınız alındı, niyə çıxıb öz yurdunuza getmirsiniz?" deyib arxasıncada töhmətlə " bunlar torpağı erməniyə verib gəliblər ki, Bakıda rahat yaşasınlar, palçıqdan, mal-heyvandan qaçıb yaxaların qurtarıblar, geri çətin qayıdalar" deyib onsuzda 30 ildir əlimizdən getmiş səbrimizi zorlayır, bizi təxribata çəkirdilər. Sanki biz yurdumuzu könüllü qoyub gəlmişdik, sanki biz Bakıya kef dalınca qaçmışdıq, sanki biz  qarabağlılar erməni- rus ordusunun ,  terrorçu-separatçı  dəstələrin  qarşısında 5 il (1987-1993-cü illər) ailəlikcə, doğmalarımızla dözüş gətirməmişik.Sonunda anladıq ki, ordusu pərən -pərən olmuş,  komandirləri qəsdlə öldürülmüş, əsgər və zabitləri tələyə salınmış, uduzdurulmuş , parçalanmış ordu olmadıqdan sonra əliyalın xalqın qaçmaqdan başqa   çarəsi qalmadı. Ölümdən də qaçmadıq haa, sırf Xocalı faciəsindəki kimi  başımıza gətiriləcəklərdən  qorxduq... Bu şərtlərin altında, yerimizi-yurdumuzu, doğmalarımızı itirdikdən sonra  bir təhər hərə bir tərəfdə daldalandı. Heç bir köçkün gedib heç kəsi döyüb evdən çıxardıb, evə    basqın etməyib. Sadəcə boş evlərə giriblər. 

 Və elə o gündən  xalq 2 hissəyə ayrıldı: Yerlilər və necə deyərlər "qaşqınlar"...

Dəfələrlə belə mənasız mübahisələrdə  iştirak etmişəm. Qarşıdakı insanı başa sala bilməmişəm ki,  köçkün  öz yurduna döndükdən sonra ev yenə də sənindir. Axı, 30 ildir ayaq döydüyünüz məhkəmələrimiz də mən deyəni deyirdi. Hələ 3 il əvvəl Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 40-42 -60 məhəlləsi, bina 45 ünvanında mənzilləri olan, amma  köçkünlər tərəfindən zəbt edilən 70 sakininin harayı respublika ilə bir olmuşdu.

 İndi evi özünə qayıdan 188 ailəyə burdan "gözünüz aydın olsun" deyirəm. Amma , vallah qara-qışqırığa ehtiyac  yox idi,  köçkünlər yurduna dönəndən sonra ev yenədə sənindir.  

SONDA: Ay mənim gözəl millətim, gözəl xalqım! Vallah, düz 33-34 il əvvəl köçkün özbaşına, kefindən  Bakıya gəməmişdi ki,  indi də özbaşına Bakını tərk eləsin, sizin sözünüzlə"yurduna getsin"! Allah haqqı köçkün özbaşına deyil! Nə vaxt əlaqədar dövlət orqanları "yığışın" deyəcək, onda da yığışıb gedəcəklər öz yurdlarına.

Uzun sözün qısası,  münaqişəyə, davaya, acı söz deyib qəlb qırmağa çalışmayın.

Əntiqə Rəşid