adalet.az header logo
  • Bakı -°C
10 Fevral 2026 12:42
94
ƏDƏBİYYAT
A- A+

Günay Əfəndiyeva: “Nizami və Nəvainin “Xəmsə”lərini bir araya gətirməklə...”

“İllər keçir, əsrlər keçir, insanlar dəyişir, nəsillər dəyişir, amma mədəniyyət qalır, söz qalır. Nəvainin sözləri ilə desək , “Söz bir incidir ki, onun dənizi bir könüldür”.

Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva böyük özbək şairi Əlişir Nəvainin doğum günü və 585 illiyinin tamamlanması ilə bağlı açıqlamasında deyib.

Günay Əfəndiyeva Azərbaycan və Özbəkistan arasındakı tarixi bağlardan, keçmişdən bu günə strateji tərəfdaşlığa çevrilmiş əlaqələrindən, iki ölkənin dövlət başçılarının ən yüksək səviyyədə formalaşmış qardaşlıq və dostluq münasibətlərindən bəhs edərək, vurğulayıb: “Biz Nəvaidən danışırıqsa, Türk Dünyasından danışırıq. Təsadüfi deyil ki, I Türkoloji Qurultayın mövzularından biri də Nəvainin 485 illiyi ilə bağlı olub, çünki onun türk dilinin və ümumilikdə türkçülüyün inkişafında müstəsna rolu vardı”.

Deputat bildirib ki, beş il əvvəl çalışdığı Türk Mədəniyyəti və İrsi Fondunda Əlişir Nəvainin 580 illik yubileyi keçirilib, şairə həsr olunmuş kitab nəşr edilib, dövlət rəsmilərinin, Özbəkistandan gələn qonaqların, türk ölkələrinin alimlərinin iştirakı ilə təqdimatı təşkil olunub, daha sonra isə böyük mütəfəkkirin irsinin təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirilib.

Günay Əfəndiyeva Nəvai irsini türk xalqlarını bir-birinə yaxınlaşdıran mənəvi körpü kimi dəyərləndirərək, vurğulayıb: “Bu gün Əlişir Nəvaidən danışırıqsa, şübhəsiz, Nizami Gəncəvidən də danışırıq. Eyni zamanda həmin dövrdə xalqlarımız arasında mövcud olan əlaqələrdən danışırıq”.

Deputat ötən ilin sonunda Azərbaycanda Özbəkistanın Mədəniyyət Günlərinin silsilə tədbirlərlə keçirildiyini xatırladıb. Geyd edib ki, tədbirlər çərçivəsində özbək rəqs ansamblının ifasında “Xəmsə” baletinin nümayişi olub. Günay Əfəndiyeva bildirib ki, bu, yeni təşəbbüslərin başlanğıcı ola bilər və Nizami “Xəmsə”si ilə Nəvai “Xəmsə”sini bir araya gətirməklə müxtəlif layihələr həyata keçirmək mümkündür.  

O, bildirib ki, Nəvai haqqında görkəmli şair kimi və eyni zamanda görkəmli dövlət xadimi kimi də danışmaq olar. Bildirib ki, şairin Sultan Hüseyn Bayqara ilə birgə fəaliyyəti dövründə Herat Orta əsr müsəlman Şərqinin ən mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Çıxışının sonunda Günay Əfəndiyeva türk xalqlarının ortaq sərvəti olan Nəvai kimi dahilərin irsinin Türk Dünyasının yolunu hər zaman işıqlandıracağını vurğulayıb.