“Trampın çıxışının başqa bir hissəsi məsələni daha maraqlı edir”
“Siyasətçilərin seçkiqabağı təşviqat kampaniyasında müəyyən vədlər, o cümlədən xarakterli vədlər iqtisadi vədlər verməsində qeyri-adi heç nə yoxdur. Siyasi partiyanın gələcəkdə həyata keçirəcəyi və vətəndaşlara maddi fayda verəcək proqramı vəd etməsi demokratik siyasətin normal elementidir. Qalib gələcəyi təqdirdə vergilərin azaldılması, pensiyaların artırılması, sosial proqramların genişləndirilməsi, səhiyyə xərclərinin azaldılması və sair bu kimi vədlər demokratik ölkələrdə adi seçki platformalarının tərkib hissəsidir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib.
Politoloq bildirib ki, ABŞ-də fəaliyyətdə olan prezidentin Konqresə aralıq seçkilərdə öz partiyasının namizədləri üçün təşviqat kampaniyasında iştirak etməsi də normal siyasi ənənə kimi qiymətləndirilir prezidentlər təşviqat kampaniyası çərçivəsində, ayrı-ayrı ştatlara səfərlər edir, partiyasının mitinqlərdə çıxış edir, partiya namizədləri üçün səs istəyir, seçkini öz administrasiyasının siyasətinə dəstək məsələsinə çevirirlər:
“Əsas yanaşma da bundan ibarət olub ki, bizim partiyanın namizədlərinə səs verin, Konqresdə üstünlük qazanaq, müəyyən sosial, iqtisadi və digər proqramlar qəbul edib həyata keçirək. Lakin Konqresə bu ilin noyabr ayında keçiriləcək aralıq seçkiləri ilə əlaqədar Trampın verdiyi vəd adi seçkiqabağı təşviqat kampaniyasında verilən ənənəvi vədlərdən kəskin şəkildə fərqlənir: Tramp Texasda Respublikaçılar Partiyasının seçki kampaniyası qurultayında çıxışı zamanı bildirib ki, Konqresə noyabr ayında keçiriləcək aralıq seçkilərdə Respublikaçılar hər iki palatada qalib gəlsələr, ABŞ-ın hər bir yetkin vətəndaşına 5000 dollar dividend ödəyəcəyək. Demokratlar qalib gələrsə, ABŞ "kommunist ölkəsi"nə çevriləcək və amerikalıları "cəhənnəm" gözləyəcək.Tramp bu “divident”in necə - nəğd pul şəkilində, yoxsa iqtisadi və sosial proqramların icrası, o cümlədən vergilərin azaldılması nəticəsində ödəyəcəyini açıqlamır. Lakin bir məsələ aydındır ki, Tramp bu vədi seçicilərin konkret siyasi seçimi ilə onların şəxsi maddi qazancı arasında birbaşa əlaqə yaradılması deməkdir. İlk baxışdan bunu hüquqi baxımdan seçicinin satın alınması və ya rüşvət kimi qiymətləndirimək mübahisəli olsa da, mümkün görünür. Yəqin ki, demokratlar da respublikaçılara qarşı belə siyasi ittiham irəli sürəcəklər. ABŞ qanunvericiliyində hər hansı şəxsə səs verməsi, səs verməməsi, müəyyən namizədin lehinə və ya əleyhinə səs verməsi müqabilində maddi mükafat təklif etməyi cinayət hesab edir; federal vəsait hesabına mümkün olan iş, kompensasiya, müqavilə və ya başqa faydanın siyasi fəaliyyət və siyasi dəstək müqabilində vəd edilməsini qadağan edir”.
Onun sözlərinə görə, lakin burada bir hüquqi incəlik var:
“Tramp “divident”i yalnız respublikaçılara səs verənlərə deyil, bütün yetkin vətəndaşlara, o cümlədən seçkilərdə iştirak etməyən, demokratlara səs verən seçicilərə vəd edir. Digər tərəfdən, Tramp həmin ödənişi özünün şəxsi və ya Respublikaçılar Partiyasının vəsaiti hesabına deyil, ABŞ dövlət büdcəsinin hesabına ödəməyi vəd edir. Bu isə klassik mənada seçicilərin satın alınması və ya rüşvət ittihamlarını mübahisəli edir. Lakin demokratik seçki baxımından təhlükəli bir məqamı ortaya çıxarır. Bu da seçicinin konkret maddi qazancını hakim partiyanın seçkidə qələbəsi ilə əlaqələndirmək azad və demokratik seçkinin mahiyyətinə nə dərəcədə uyğunluğundan ibarətdir. Dövlət büdcəsi hakim partiyanın seçki fondu deyil. Dövlətin maliyyə resursları bütün cəmiyyətə məxsusdur. Hakim siyasi qüvvə vətəndaşın həmin resurslardan əldə ediləcək konkret şəxsi faydanı özünün seçkidə qələbəsi ilə əlaqələndirməyə başlayırsa, dövlətlə hakim partiya arasındakı sərhəd tədricən aradan qalxır. Həm də belə metod uğur gətirərsə, onun gələcək seçkilərdə təkrarlanmayacağına heç bir təminat yoxdur.Seçkiqabağı təşviqatın belə aparılması siyasi proqramların rəqabətini tədricən dövlət xəzinəsindən seçiciyə kimin daha çox vəd edə bilməsi yarışına çevirə bilər. Təbii ki, belə yarışda hakim siyasi qüvvənin müxalifət qarşısında təbii üstünlüyü də yaranır. Müxalifət yalnız gələcəkdə nə edəcəyini vəd edə bilər”.
Q.Əlibəyli deyib ki, hakimiyyət isə dövlətin mövcud maliyyə resurslarını öz siyasi kampaniyasının arqumentinə çevirmək imkanına malikdir:
“Bu baxımdan, dövlət resurslarından veriləcək konkret maddi faydanı hakim partiyanın seçkidə qələbəsi ilə əlaqələndirmək sadəçə sosial-iqtisadi vəd olmaqdan çıxaraq seçicinin iradəsinə maddi təsir vasitəsinə çevrilir. Trampın çıxışının başqa bir hissəsi məsələni daha maraqlı edir. Prezident respublikaçıların qələbəsini 5000 dollarlıq “dividend”lə əlaqələndirməklə yanaşı, demokratların qalib gələcəyi halda ABŞ-nin “kommunist ölkəsi”nə çevriləcəyini və amerikalıları “cəhənnəm” gözlədiyini bildirib. Yəni seçiciyə bir tərəfdən mükafat vəd edilir, digər tərəfdən isə qorxu - rəqibin gəlib gəlməsinin təhlükəli olduğu aşılanır. Bu, siyasi kommunikasiya baxımından son dərəcə təsirli formul ola bilər. Çünki mürəkkəb siyasi seçimi sadə “qazanc və itki” dilemmasına çevirir.Burada isə demokratik seçki baxımından başqa bir mübahisəli məqam meydana çıxır. Demokratik seçkinin ayrılmaz hissəsindən biri də seçicinin öz iradəsini azad şəkildə formalaşdırmasıdır. Mükafat vədi və qorxu təlqini seçicinin öz iradəsini azad şəkildə deyil maddi maraq və psixoloji təzyiqlə formalaşdırmasına gətirib çıxara bilər.Məhz buna görə Trampın respublikaçılar qalib gələrsə bütün seçicilərə 5000 dollarlıq “divident” vədinə, demokratlar qalib gələrsə isə amerikalıları “cəhənnəm”lə qorxutmasına yalnız Amerika seçki kampaniyasının növbəti qeyri-adi epizodu kimi baxmaq doğru olmazdı. Bu Amerika demokratiyası üçün və bütün dünyada demokratik proseslər üçün təhlükəli bir presidentə çevrilə bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Sentyabr 2026 12:38
Naqif Həmzəyev ETİRAZ ETDİ
22 Sentyabr 2026 12:37
İlham Əliyev Forum iştirakçılarına müraciət etdi
22 Sentyabr 2026 12:03
Prezident müşavirə keçirdi - FOTOLAR
22 Sentyabr 2026 10:54
“İslam coğrafiyasında böyük bir anti-Qərb nifrəti...”
22 Sentyabr 2026 10:53
“Kreml sahibi bütün hallarda istədiyi nəticəni əldə edəcək”
22 Sentyabr 2026 09:04
”Daxili sabitliyin qorunması bütövlükdə cəmiyyətin məsuliyyətidir”
21 Sentyabr 2026 23:49
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
21 Sentyabr 2026 12:38


Bakı -°C

