adalet.az header logo
  • Bakı -°C
11 Noyabr 2026 11:15
76
SİYASƏT
A- A+

“Avropasız danışıqlar və müəyyən atəşkəs razılaşması mümkün hesab olunsa da...”

“Nəhayət ki, Əbu-Dabidə gözlənilən görüş baş tutdu Rusiya və Ukrayna nümayəndələri fevraldan bəri ilk dəfə olaraq Əbu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə üz-üzə oturub 4 saat müzakirə apardılar. Bu görüşdə konkret nəticə əldə olunmasa da Vaşinqton görüşü məhsuldar, Kiyev isə konstruktiv adlandırdı. Görüş Rusiyanın tələbinə uyğun olaraq Avropa İttifaqının nümayəndələrinin iştirakı olmadan keçirildi”.

Adalet.az xəbər verir ki,  bunu politoloq Qulamhüseyn Əlibəyli deyib. 

Onun sözlərinə görə, Rusiya ilə Ukraynanın atəşkəs və hətta hərbi əməliyyatların tamamilə dayandırılması, humanitar tədbirlər, əsirlərin mübadiləsi kimi məsələləri Avropanın iştirakı olmadan daha məhdud formatlarda müzakirəsi, ABŞ-nin bu prosesdə vasitəçi və ya təminatçı rolunu oynaması tamamilə normal hesab oluna bilər:

“Lakin atəşkəsdən və ya müharibədən sonrakı təhlükəsizlik sistemi, sanksiyaların gələcəyi və Ukraynanın bərpası məsələlərində Avropanı kənarda qoymaq həddindən artıq çətin, praktiki olaraq qeyri-mümkün görünür. Burada onun iştirakı diplomatik nüfuz məsələsi olmaqdan çıxaraq əldə olunan razılaşmanın dayanıqlı və etibarlı olmasına təsir edən əsas amilə çevrilir. Avropanı sülh prosesindin tamamilə kənarda qoymaq praktiki cəhətdən ilk növbədə təhlükəsizlik mülahizələri əsasən çətin görünür”. 

Politoloq bildirib ki, Avropa ənənəvi olaraq Rusiyanı öz təhlükəsizliyinə təhdid, Rusiyanın Ukraynaya hücumunu və ərazisinin bir hissəsini işğal etməsini bu təhdidin praktiki təzahürü hesab edir: 

“Rusiya Ukrayna müharibəsinin hansı sülhlə başa çatması istər-istəməz Avropanın təhlükəsizlik maraqlarına toxunur. Aİ öz səlahiyyətlərinə və təhlükəsizliyinə aid məsələlər barədə özü qərar verəcəyini bildirir, Ukraynaya etibarlı təhlükəsizlik təminatlarına töhfə verməyə hazır olduğunu bəyan edir. Burada sadəcə danışıqlarda iştirak tələbi deyil, gələcək öhdəliklərin kim tərəfindən qəbul ediləcəyi məsələsi var. Əgər sülh sazişi Avropa dövlətlərinin Ukraynanı silahlandırması, hərbi hazırlıq keçməsi, maliyyələşdirməsini və ya başqa formada təminat məsələlərini nəzərdə tutacaqsa, bu öhdəliklərin həcmini həmin dövlətlər özü müəyyənləşdirməlidir. Avropanı sülh prosesindin tamamilə kənarda qoymaq praktiki cəhətdən çətinliyi həm də Rusiyaya münasibətdə tətbiq edilən sanksiyalarla əlaqədardır”. 

Q.Əlibəyli deyib ki, ABŞ öz sanksiyalarını ləğv edə bilər, lakin Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar barədə qərar qəbul edə və onun tətbiq etdiyi sanksiyaları onun adından ləğv edə bilməz: 

“Ukraynanın bərpası da oxşar problem yaradır. Müharibənin dayandırılması böyük maliyyə ehtiyaclarını aradan qaldırmayacaq. İnfrastrukturun yenidən qurulması, investisiyaların sığortalanması və dövlətin uzunmüddətli dayanıqlığının təmin edilməsi illərlə davam edən maliyyə dəstəyi tələb edəcək. Avropadan geniş maliyyə iştirakı gözlənilirsə (belə olmaq ehtimalı çox böyükdür), onu razılaşmanın hazırlanmasından tam uzaqlaşdırmaq icra mərhələsində narazılıq və gecikmələr yarada bilər. Ümumiyyətlə, Avropanın sülh prosesindən tamamilə kənarlaşdırılması Rusiya ilə Ukrayna arasında yaradılması nəzərdə tutulan sülhün ədalətli olmamasına, Ukraynanın daha da zəifləməsinə, Rusiyanın isə hərbi və geosiyasi iştahasının daha da artmasına gətirib çıxara bilər. Başqa sözlə, Avropasız danışıqlar və müəyyən atəşkəs razılaşması mümkün hesab olunsa da, Avropanın təhlükəsizliyinə, səlahiyyətlərinə və resurslarına söykənən geniş sülhü onun razılığı olmadan həyata keçirmək praktiki olaraq qeyri mümkündür. Bu baxımdan sülh prosesində hərbi və texniki məsələlərin üçtərəfli formatda müzakirə olunması, təhlükəsizlik təminatları və iqtisadi tədbirlərin isə yalnız aidiyyəti tərəflərin, xüsusən də Avropa İttifaqının iştirakı ilə aparılması danışıqlar üçün daha uğurlu variant hesab oluna bilər. Bu zaman nəzərə alınmalıdır ki, bir masada digərlərinin iştirakı olmadan onların maraqlarına toxuna bilən və icrası mümkün olmayan öhdəliklər qəbul edilməsin.Nəhayət, ədalətli və davamlı sülhün əsas şərti Ukraynanın özünün məcburiyyətsiz qəbul etdiyi və yerinə yetirə bildiyi razılaşmadır. Eyni zamanda, ABŞ ilə Rusiyanın yaxınlaşması da Kiyevin razılığını və təhlükəsizlik ehtiyaclarını ikinci plana keçirə bilməz. Danışıqlarda Avropanın iştirakı bunu əvəz etməsə də, Ukrayna üçün mühüm siyasi dəstəkdir”.

Vasif ƏLİHÜSEYN