21 Fevral 2025 15:49
302
MƏDƏNİYYƏT

Ağoğlan məbədinə pərçimlənmiş  "xaçlar"...

Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid Ağoğlan monastırı və ya Sisərnəvəng məbədi yerləşir.

Deməli , ermənilər Azərbaycan ərazilərini işğal etdikdən sonra öz “qədimliyini” sübut etmək üçün Kəlbəcərdə istehsal etdikləri daş xaçları qeyri-qanuni olaraq Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər etmək üçün istifadə ediblər. Bundan başqa abidənin mühafizə divarını dağıdaraq ikinci giriş qapısı açıblar.

Daha sonra, monastırın memarlıq quruluşunda dəyişiklik edilərək sağ divarı dağıdılır və oraya qapı yerləşdirilir. 2005-ci ildə monastırın sağ divarının bir neçə metrliyində 6 qəbir daşı qoyulur. Abidənin daxili və xarici divarları üzərində olan, 26 alban simvolu və divar yazıları dəyişdirilərək orijinal bədii nümunələr tamamilə silinir.

Kompleksin girişində bazalt daşdan hazırlanan 2,5 metr hündürlüyündə bir neçə xaç quraşdırılır. Uzun sözün qısası, abidə 30 illik işğalın sayəsində “erməniləşdirilir”.

Adalet.az xəbər verir ki, Ermənistana məxsus mədəni irsin qeydiyyatın aparan monumentwatch.org saytı növbəti dəfə əsassız şikayət və məntiqsiz fikirlərlə dünyanın diqqətini Azərbaycana yönləndirməyə çalışıb.
Beləki, adını dəyişib Tsitsernavank qoyduqları Ağoğlan monastırının guya Azərbaycan tərəfindən dağıdıldığını iddia ediblər: "2025-ci ilin fevralında internetdə yayılan fotolarda Azərbaycan tərəfinin Tsitsernavankın mehrabını zədələdiyi məlum olub. Şəkillərdən görünür ki, qurbangahdakı müqəddəs süfrə və xaç daşı sındırılıb. Qeyd edək ki, Tsitsernavank məbədi hələ 2023-cü ildə murdarlanıb və zədələnib.
Avropa Parlamenti tərəfindən hələ 2022-ci ildə qəbul edilmiş “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” 2582 saylı qətnamədə Avropa Parlamenti Azərbaycanı erməni irsi ərazilərinə hər hansı müdaxilənin istisna edilməsini təmin etməyi, irsin orijinallığı prinsiplərini qoruyub saxlamağı və bu prinsipə uyğun olaraq müstəsna bərpa işləri aparmağı öhdəsinə götürür.

Kilsənin təhqir edilməsi 1999-cu il Burra (Avstraliya, ICOMOS) Konvensiyası ilə müəyyən edilmiş irsin mədəni əhəmiyyəti meyarını da pozur. Və burada tarixi sübutların məhv edilməsi ilə əlaqədar qeyd etmək yerinə düşər ki, mədəni əhəmiyyət meyarına görə irsin tarixi dəyərinin qorunub saxlanması dəyərin tarixi sübutlarının necə qorunub saxlanması deməkdir (Buray Nizamnaməsi Maddə 2.3). Bundan əlavə, “irsə edilən, tarixi, estetik, mənəvi və sosial baxımdan mədəni əhəmiyyət kəsb edən bu və ya digər elementin itirilməsinə səbəb olan istənilən müdaxilə irsi tarixi əhəmiyyətindən məhrum edir, onu məhv edir. Kilsəni təhqir etmək və zədələmək strukturun bütövlüyünü pozur” - deyə sayt bildirib.
Oxucularımıza xatırladırıq ki, Kəlbəcər işğaldan azad edildikdən sonra, orada ermənilərin “tarix” istehsal edən sexi aşkarlandı . Ordumuz Kəlbəcərdə aşkar edir ki, “qədim erməni tarixi” istehsal edən emalatxanada erməni ustaların daş üzərində qədim ornamentlərə uyğun xaç yonur, ona qədimi görünüş vermək üçün sirkədə saxlayıb, oksidləşdirirlər. Sonra isə daşları torpağa basdırır və bir müddət sonra artıq “tarixi olmuş əsərləri” üzə çıxarırlar.

İndi həmin sayta xəbər vermək lazımdır ki, əslində Azərbaycan Ağoğlan monastrını zədələmir, əksinə əvvəlki formasına qaytarır. Çünki 1992-ci ildə işğal etdiyiniz Laçında ən qədim abidə olan bu məbədə Kəlbəcərdə daş sexində yonub düzəltiyiniz qədim “xaç”larınızı zorla pərçim etmisiniz, buda məbədin həm görünüşünə, həm də tarixinə böyük bir nöqsan kimi görünür.İndi Azərbaycan o nöqsanı aradan qaldırmaq üçün çalışır.

  Əntiqə Rəşid