adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 May 2022 09:45
2384
MÜSAHİBƏ

İlkanə Qoca: “Evimizi tapa bilmədim, amma köklərimi, torpagımı, dəyərimi tapdım”

Ölkəmiz bədnam qonşumuz Ermənistan tərəfindən təcavüzə məruz qalandan sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məsələsi böyük önəm daşıyıb. Müstəqilliyini ilk illərində səriştəsiz rəhbərliyin xarici siytasətdə yol verdiyi bir çox başqa yanlışlıqlar kimi, bu məsələdə də irəliləyiş olmayıb. Yalnız 1993-cü ildə Ümummilli lider Heydər Əliyev Azərbaycanda xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdandan sonra informasiya mübarizəsi artıq silahlı mübarizəyə alternativ kimi qiymətləndirilib. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin payızında qazanılan və torpaqlarımızın işğaldan qurtulması ilə nəticələnən Vətən müharibəsinin gedişində aşkar göründü ki, biz düşməndən təkcə ordumuzun gücü ilə, xalq – iqtidar birliyi ilə deyil, həm də informasiya savaşında, “hücum diplomatiyasında” üstünük. İndi, artıq ərazi bütövlüyümüzü təmin etsək də, informasiya savaşının əhəmiyyəti qətiyyən azalmayıb, əksinə, artıb. Çünki qarşıda hələ görüləsi xeyli iş, təslim olmuş Ermənistanı sülhə, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə məcbur etmək hədəfimiz var. Ona görə də bu müstəvidə həyata keçirilən dövlət siyasətinə xaricdə yaşayan soydaşlarımızın dəstək verməsi olduqca vacibdir. Bu nöqteyi-nəzərdən, öz imkanları hesabına Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə töhfə verən həmvətənlərimizin səyləri alqışa, tərənnümə layiqdir. “Ədalət” qəzetinin bugünkü müsahibi Hollandiyanın Utrext əyalətində yaşayan xanım soydaşımız, fəal diaspora xadimi, Belçika-Nideraland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Niderlandda fəaliyyət göstərən “Birlikdə Güclüyük” Fondunun təsisçisi və həmsədri, şəhid bacısı İlkanə Qocadır.

- İlkanə xanım, daha qaçqın, məcburi köçkün deyilsiniz. Sizcə, bu necə bir hissdir?

- Bu hələ də izzah olunmaz bir hissdir. Mən 23 iyul 1993-cü ildə Bakıda avtobusda getdiyim vaxt Ağdamın işğal olunması xəbərini eşitdim. Mənzil başına çatmamış elə növbəti dayanacaqda avtobusdan endim. Sanki donmuşdum, nə ağlaya bilirdim, nə də nəfəs ala bilirdim. “Ayağımın altından yer qaçmışdı” sözünü eşitmişdim, lakin nə oldugunu bilmirdim. O an isə ayağımın altında artıq yer yox idi. Sanki amansız bir zəlzələ gəlib köklərimi qoparmışdı və mən artıq köksüz bir ağacdım. Ayağım yerə yapışmırdı, susuz səhrada qalan bir kol kimi ruhən çırpınırdım... Bir yaşlı qadın mənə yaxınlaşıb soruşdu: “- Qızım, Sizə nə olub ki, belə çaşqın və bəmbəyazsınız?” “ – Xala, evimizi ermənilər işgal etdi” - dedim və yoluma davam etdim, donuq və içim param - parça olan halda...

Daha sonra 18 aprel 1994-cü ildə qardaşım Teymur Yusifovu, Gullucə Cəvahirli ətrafında gedən amansiz döyüşlərdə itirdik. Məndən bir yaş kiçik idi. 18 yaşı təzə tamam olmuşdu. Daha da sarsıldım. Urəyimdəki buz parçası daha da böyüdü. “Yəqin, artıq bu buz əriməz” - düşündüm.

İllər boyu bu donuq, buz bağlamış ürəyimi isitməyə çalışdım, qardaşımın nail ola bilmədiklərini etməklə, Ağdamı daima yaşatmaq üçün onu tanıtmaqla. Amma olmurdu. Tez - tez yuxularıma gəlirdi, Qarabağ və qurduğumuz xəyallar haqqında onun çox sevdiyi və məni tez - tez yuxularımda dəvət etdiyi gözəl bir bağda danışırdıq.

2020-ci ilin avqust ayında Fransada idik. Mənə Ağdamı xatırladan bir yerə getdik, heç özümüz də bilmədik necə. Naviqasiya bizi yanlış aparmışdı. Yerin adı yadımda deyil artıq. Və gecə yuxuma yenə də qardaşım girdi və mənə Ağdam istiqamətini göstərdi. Mütləq nəsə olacağını anlamışdım yuxularımdan. Çox qorxurdum. Artıq bizə bəlli olan 44 günlük müharibədə mən və həyat yoldaşım yatmadıq. Gəncə faciələrini də, Bərdə faciələrini də canlı izlədik. Durmadan Niderland və Avropa birliyi parlamentinə, nazirliklərə, media outletlərinə yazdıq. Hər gün bir şad xəbər eşitdikcə, azad olunmuş torpaqların şad xəbəri məni sevindirsə də, itirdiyimiz şəhidlərimizə ağladıq çiyin-çiyinə. Heç mən holland mənşəli olan həyat yoldaşımın bu illər boyu Azərbaycana sevgisinin bu qədər olduğunu bilmirdim. Və nəhayyət o gün gəldi - 20 noyabr 2020 - ci il. Möhtərəm cənab Prezident Ağdamın işgaldan azad edildiyini elan etdi. Övladlarım da, yoldaşım da “ura!” - deyib bağırdılar, sevinirdilər. Lakin mən sanki 27 il əvvələ dönmüşdüm. Bir qulağımda “Ağdam şəhəri işgal olundu” xəbəri xəfifcə səslənsə də, digər qulağımda “Ağdam işğaldan azad olundu” xəbəri daha da güclənirdi. Sanki cənab Prezidentin səsinin sədaları altında donmuş ürəyimin buzu əriyirdi. Və mən qeyri - iradi olaraq pıçıldadım: “Mən artıq qaçqın deyiləm”. Və ağladım, həm də günlərcə. Ürəyim çox atlanırdı Ağdama getməyə. Hətta bəlkə qardaşım yaşayır və elə oradaca evimizdə oturub məni gəzləyir deyə. “Uşaqlıqda qurduğumuz xəyalların ardınca indi qaça bilsək nə olardı” deyə fikirlər də keçirdi beynimdən. Yaşımı belə unutmuşdum. O günləri yaşayırdım. Sanki hər şey dünən olmuşdu və biz həyatı 27 il əvvəl qoyduğumuz yerdən də başlayacaqdıq. Və “biz artıq qaçqın deyilik” deyəcəkdik bir yerdə...

Pandemiya ilə bağlı olaraq mən düz 11 ay gözlədim. Günlərimi, aylarımı saydım. Amma boş da durmadım. 2020-ci ilin dekabr ayından başlayaraq qazilərə və şəhid ailələrinə onlayn təmənnasız yardım etdim, psixo-sosial dəstək məqsədi ilə seanslar verdim. Müharibənin fəsadı olan “kompleks post - travmatik sindromu” mövzusunda dəfələrlə vebinarlar və onlayn görüşlər keçirdik. Bir neçə fərqli layihələri də həyata keçirdim.

Azərbaycana gəlmək imkanı yaranan kimi ölkəmizə səfər etdim. 28 oktyabr 2021-ci ildə ilk dəfə olaraq 27 ildən sonra evimizə gedə bildim. Gördüklərimə inanmadım. Ağdamda ilk patrul xidməti postuna çatanda maşından düşdüm. Ayağım Ağdam torpagına dəydi və sanki itirdiyim o köklər geri - yerinə döndü. Sanki torpaq ayaqlarımı qucaqlayırdı, mən isə onun dərinliklərinə batırdım... Evimizi tapa bilmədim, amma köklərimi, torpagımı, dəyərimi tapdım. Sanki ürəyimin təpəri artdı və o buzlar əriməyə başladı, həm də necə...

- Vətən müharibəsində əldə olunan qələbədən sonra təmsil etdiyiniz qurumların fəaliyyətində hansı yeni istiqamətlər müəyyənləşib?

- Son 3 ildə Azərbaycan həqiqqətlərinin yayılması üçün çox layihələr təşəbbüs edib həyata keçirmişəm. Bildiyiniz kimi, “Birlikdə Güclüyük” Fondu təsis etmişəm və mən də həmsədrəm. Məqsədimiz Azərbaycanı Niderlandda müxtəlif təbəqələrdə tanıtmaq və Niderlandda yaşayan, inteqrasiyaya ehtiyacı olan insanlara dəstək verməkdir. Eləcə də gənc nəslə, övladlarımıza milli, mədəni irsimiz, tariximiz və mədəniyyətimiz haqqında biliklərin ötürülməsidir. Buraya həm də Qarabağa aid olan son yüz ildə xalqımızın yaşadıqları da daxildir.

Ümumiyyətlə, II Qarabağ müharibəsi zamanı və ondan sonra hollandların Azərbaycana, azərbaycanlılara münasibətində əvvəlkindən fərqli nələri müşahidə etmisiniz?

- Niderlandda Azərbaycan haqqında çox mənfi fikir formalaşıb. Bunun bir neçə səbəbi var: icmanın gənc olması, 90-cı illərdə Avropaya mühacir olunmuş insanların Azərbaycan haqqında çox neqativ, hətta bəzən heç həqiqətə uyğun olmayan məlumatların verməsi, icma stategiyasının olmaması və ya düzgün seçilməməsi, Azərbaycan icmasına Niderlandda oz müqəddaratını seçmək imkanının verilməməsi, gənc nəslə məlumatın çatdırılmaması və sairə.

Bunlara baxmayaraq, muharibə dövründə gənclərimiz çox aktiv idi və çox kömək etdilər bizə. Düzünü desək, Azərbaycan haqqında ermənilər və bəzi müxalifyönümlü insanlar tərəfindən mənfi propoqanda getdiyindən, bizi daha cox “Formula – 1” və musiqi festivalı ilə tanıyırlar. Biz isə ətrafımıza daima Azərbaycan haqqında lazımi məlumatlar veririk. Bu məqsədlə gələcək layihələr də nəzərdə tutmuşuq.

- Sizin doğma yurdu necə tərk etmək məcburiyyətində qalmağınız, Ağdamı necə xatırlamanız, şəhid qardaşınız haqqında xatirələriniz, qürbətdə milli- mənəvi dəyərlərimizi necə təbliğ etməyiniz, qaçqın və məcburi köçkünlərlə apardığınız təlimlər, işğal başa çatandan sonra azad olunan torpaqlara səfərləriniz barədə açıq informasiya mənbələrində kifayət qədər məlumatlar, təəssüratlarınızı bölüşdüyünüz təsirli müsahibələriniz var. Demisiniz ki, Hollandiyadan gəlib burada Yay məktəbi, Yay düşərgələri açacaq, uşaqların savadlı böyüməsi üçün əlinizdən gələni etməyə çalışacaqsınız. Bu məsələlərin həllində Niderlanddan Sizə tərəf müqabili kimi çıxış edə biləcək kimlərə güvənirsiniz?

- Mənim haqqımda bu qədər məlumatlı olduğunuzu bilmirdim. Qeyd etdiyim kimi, bizim Niderlandda Ticarət Palatasından keçmiş fondumuz var. Eləcə də bizə dəstək verən Azərbaycanlı və digər icmalardan olan və bizə dəstək verən insanlar var. Hal-hazırda bir neçə yerli təşkilatlarla da danışıqlardayıq. İnşallah, öncə Qarabağda, Ağdamda yenidənqurma işləri başa çatsın, Qarabağ Universiteti fəaliyyətə başlasın və biz o zaman artıq layihələrimizi detallı şəkildə açıqlayarıq. Amma yeni nəslin daha savadlı böyüməsi və daha hazırlıqlı olması çox vacibdır. Bu, eyni zamanda bizim Avropada doğulub - böyüyən övladlarımıza da aiddir.

- Dünya Azərbaycanlılarının V Qurultayının əhəmiyyəti barədə, tədbirdən irəli gələn vəzifələrin Niderlandda yaşayan soydaşlarımıza çatdırılması yönündə görülən işlər haqqında nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, mən Utrext vilayətində yaşayıram və burada olan icma üzvləri ilə də fikir mübadilələri aparırıq. Ən əsası, övladlarımıza milli dəyərlərimizin öyrədilməsi, Azərbaycan dilinin öyrədilməsidir. Biz artıq bu istiqamətdə bəzi işlərə başlamışıq. Bir neçə layihələrin artıq müzakirəsini edirik. Bu haqda inşallah, bu yaxınlarda daha ətraflı məlumatlar verərik.

- Əlaqələndiricisi olduğunuz Nideraland Azərbaycanlıları Koordinasiya Şurası, təsis etdiyiniz və həmsədri olduğunuz “Birlikdə Güclüyük” Fondu, eləcə də yaşadığınız Utrext əyalətindəki Azərbaycan icması 28 May – Müstəqillik Gününə necə hazırlaşır? Təmsil etdiyiniz bu qurumların yaxın gələcəklə bağlı hansı planları var?

- Fürsətdən istifadə edib mənə verdiyiniz tribunadan bütün Azərbaycan xalqını, dünya Azərbaycanlılarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edirəm. Qeyd etdiyiniz kimi, mən artıq Ağdama iki dəfə səyahət etmişəm. Bu da elə “Birlikdə Güclüyük” Fondunun bir layihəsidir. İlk səfərimdə mənimlə heç bir jurnalist getmədi və mən çəkiliş edə bilmədim. Son səfərimdə isə, 29 aprel 2022-ci ildə mən Ağdama operatorla getdim və biz çəkiliş etdik. Bu, Niderland Krallığında həyatə keçiriləcək bir layihə üçün nəzərdə tutulan məlumatların toplanması məqsədi daşıyırdı. Hal - hazirda layihə ilə məşğul olduğumuz üçün bizim təşkilat 28 May - Müstəqillik Gününü ayrıca qeyd etməyəcək və biz Azərbaycan Respublikasının Niderland Krallığında olan səfirliyinin keçirdiyi tədbirə dəvətliyik. Bu yaxınlarda yuxarıda qeyd etdiyimiz layihənin nəticələri açıqlanacaq və biz növbəti addımları da izah edəcəyik.

Onu da əlavə edim, biz ilk dəfə olaraq yazıçı - publisist İradə Əliyeva tərəfindən yazılmış “Xocalı şahidləri danışır” kitabını holland dilinə tərcümə edib çap etdirmişik və “Xocalıya Ədalət!” şüarı altında holland dilində veb-sayt https://justiceforkhojaly.nl yaratmışıq. Bunlar bizim davamlı və uzunmüddətli layihələrimizdir. Digər kitabların da tərcüməsi ilə məşğuluq.

Biz son 3 ildə çoxsaylı layihələr həyata keçirmişik və hamısını da öz şəxsi hesabımızdan maliyyələşdirmişik. Lakin bildiyiniz kimi, bizim gördüyümüz bütün bu işlərə heç bir yerdən dəstək olmadığı üçün işlərimiz bir az ləng gedir. Bu işlərin hamısını biz bu günə qədər öz ailə budcəmizdən kəsib etmişik. Ümid edirəm, xeyriyyəçilər arasında da bizə bu yolda dəstək edənlər tapılacaq.

Hal-hazırda “Xocalı Şahidləri danışır” kitabını bizdən istəyən çoxdur, lakin maliyyə problemi üzündən əlavə nəşri bir az gözləmək məcburiyyətindəyik. Ümid edirəm, bu yazını dövlət orqanları tərəfindən oxuyub bizim səsimizə səs verənlər olacaq. Çünki gənclərimiz arasında kitabı əldə etmək istəyən çox insanlar var.
Əlbəttə, planlarımız da çoxdur. Əsas məqsəd isə Azərbaycan haqqında daha çox və düzgün məlumatların Niderland cəmiyyətinə və Niderlandda doğulub - boyuyən Azərbaycan əsilli gənclərə çatdırılmasıdır.
***

İlkanə xanıma işlərində müvəffəqiyyət arzulayıb növbəti dəfə Ağdamda görüşmək ümidi ilə sağollaşıb onlayn-müsahibədən ayrıldıq. İnanırıq ki, bu fədakar diaspora xadiminin, qeyrətli Azərbaycan qadınının nümunəvi, örnək fəaliyyətinə dəstək verənlərin sayı artacaq.

Söhbətləşdi: Ceyhun Rüstəmli