adalet.az header logo
  • Bakı -°C
28 Oktyabr 2026 17:15
67
ƏDƏBİYYAT
A- A+

İnsan Ruhunun İtirilmiş Sənəti

Müasir dünya bizi dayanmadan istehlaka və hər şeyi izah etmək tələskənliyinə sürükləyir. Ruhun ən çox susuz qaldığı, qəlbin mexaniki bir ritmin əsirinə çevrildiyi bir dövrdə yaşayırıq. Məhz belə bir zamanda dəyərli söz qarşımızda bir vahə kimi canlanır: heyrət və heyranlıq.

Biz hər şeyə alışırıq. Hətta möcüzələrə belə... Halbuki həyat hər səhər yeni bir heyrətlə oyanmağa dəyəcək qədər sehrli və əsrarəngizdir. Qəlbi sağlam tutmağın yolu, dünyaya bir qərib kimi, sanki hər şeyi ilk dəfə görürmüşük kimi baxmaqdan keçir. Çünki vərdişlər həm qəlbi, həm də zehni korlaşdırır, heyrət isə gözlərimiz önündəki pərdələri aralayaraq bizə unudulmuş həqiqətləri yenidən göstərir.

Hər məqamın içindəki yeni bir mənanı kəşf etmək qapalı bir düşüncə tərzi ilə mümkün deyil. Çünki daim tələsən insan görür, amma fərqinə varmır; baxır, amma duymur; yaşayır, amma yaşadıqlarının mənasını dərk etməyə macal tapmır. Yavaşlamaq tənbəllik deyil, zamanın gerisində qalmaq da deyil. Əksinə, bu, diqqəti yenidən özünə qaytarmaq, həyatın səs-küyü içərisində itirdiyimiz mənanı bərpa etmək və dünyanın bizə göstərdiklərini deyil, əslində bizə nə söylədiyini duymaq imkanıdır. 

Hər şeyi bildiyimizi düşünürük. Ağlımıza bir sual düşən kimi əlimizdəki telefona üz tutur, saniyələr içində cavabını tapırıq. Bəli, bu rahatlıq cəlbedicidir. Ancaq onun görünməyən bir bədəli də var: artıq heç nəyə təəccüblənmirik. Bilməyin yaratdığı özünəinam, hətta bəzən təkəbbür insanın ən qədim və ən dəyərli duyğularından olan — heyrət etmək qabiliyyətindən məhrum edir.

Üstəlik, əldə etdiyimiz məlumatların çoxu həqiqi biliyə, dərin anlayışa çevrilmir. Oxuduqlarımızı mənimsəmək, onlar üzərində düşünmək və yeni nəticələr çıxarmaq əvəzinə, məlumatı yalnız bir anlıq nümayiş etdirmək üçün yadda saxlayırıq. Sanki əlimizdə tutduğumuz şey bilik deyil, üz qabığına nəzər saldığımız bir kitabın yaddaşımızda qalan başlıqlarıdır. Həmin an keçib getdikdə oxuduqlarımız da unudulur.

Gözümüzün sataşdığı məlumatlar düşüncəmizdə heç bir iz buraxmadan, daxilimizdə yeni bir duyğu oyatmadan, zehnimizdə başqa fikirlərlə əlaqə qurmadan gəlib keçir. Nə dünyagörüşümüzü zənginləşdirir, nə də düşüncəmizə dərinlik qatır. Beləcə, məlumat çoxalır, amma anlayış dərinləşmir; oxuduqlarımız artır, amma bildiklərimiz həyatımıza nüfuz etmir. 

Müasir insan biliyin yükünü daşıyır, amma hikmət baxımından yoxsullaşır. Hər şeyi axtarış sistemlərində tapa biləcəyini düşünən zehin, qarşısına çıxan hər yeni cavabla bir az daha heyrət duyğusunu itirir. Halbuki axtarmaq tapmaqdan daha önəmlidir. Çünki insanı həqiqətə yaxınlaşdıran təkcə tapdığı cavab deyil, həmin cavaba doğru uzanan axtarış yoludur. Məhz bu yolun dərinliklərində insanın öz məhdudluğunu dərk etməsindən doğan mənəvi ehtiram və təvazökarlıq gizlənir.

Fəlsəfə də elə heyrətlə başlamışdı. Qədim mütəfəkkirlər insanın düşünməyə təəccübləndiyi, qarşılaşdığı hadisələrin mahiyyətini anlamağa çalışdığı üçün başladığını deyirdilər. Onların qənaətinə görə, heyrət hikmətin qapısıdır. Çünki heyrət insanı sual verməyə, sual isə həqiqətin dərinliklərinə doğru irəliləməyə sövq edir. Buna görə də heyrət cahilliyin əlaməti deyil, əksinə, elmin və irfanın başlanğıcı hesab olunurdu.

Bu qapı özünü hər şeyi bildiyini sanana bağlı qalır, bilmədiklərinin fərqinə varana isə taybatay açılır. Əsl cəhalət bilməməkdə deyil, bilmədiyini düşünməməkdədir. 

İnsan heyrət etmək qabiliyyətini itirdikdə sual verməkdən, sual verməkdən uzaqlaşdıqda isə öyrənməkdən də uzaq düşür. Beləcə, bilik hikmətə aparan yol olmaq əvəzinə, insanın özünü aldatdığı bir əminlik vasitəsinə çevrilir. Halbuki həqiqi müdriklik hər şeyə cavab tapmaqda deyil, cavabını bilmədiyimiz suallar qarşısında heyrətimizi qorumaqdadır.

Heyrət tanış olanı yadlaşdıran, hər gün gördüyümüzü gözlərimiz önündə yenidən kəşf etməyimizə imkan verən duyğudur. Min dəfə gördüyümüz bir mənzərəyə sanki ilk dəfə baxırmışıq kimi baxmağımızı, adiləşmiş bir hadisənin mahiyyətini yeni bir işıq altında dərk etməyimizi təmin edir. Çünki heyrət dünyanın dəyişməsində deyil, ona baxışımızın dəyişməsində başlayır.

Qədim fəlsəfi düşüncəyə görə, heyrət ruhun ilk duyğusudur. Bu, insanın hələ hökm vermədiyi, sevmədiyi və ya nifrət etmədiyi bir anda yaşadığı ilk mənəvi sarsıntıdır. İnsan qarşılaşdığı hadisəni dərhal mühakimə etmədən, onu əvvəlcədən müəyyənləşdirdiyi qəliblərə salmadan duyduğu zaman heyrət başlayır. Məhz həmin ilk sarsıntı düşüncənin qapısını açır, insanı sual verməyə və görünənlərin arxasındakı görünməz həqiqətləri axtarmağa sövq edir.

Heyranlıq insanı öz dar mənliyinin həbsindən xilas edərək onu daha səxavətli, daha mərhəmətli və başqalarına daha dərin sədaqətlə bağlanan bir varlığa çevirir. Çünki insan heyranlıq duyduğu zaman yalnız özünü düşünməkdən uzaqlaşır, başqalarının varlığını, duyğularını və həyatdakı yerini daha dərindən anlamağa başlayır. Beləliklə, qəlbində mərhəmətə, paylaşmağa və mənəvi yaxınlığa daha geniş yer açılır.

Heyrət və heyranlıq duymağı bacaran ruh mənasızlığın qaranlıq sularında asanlıqla qərq olmaz. Çünki belə bir ruh dünyanı yalnız öz mənliyinin sərhədləri daxilində qavramır; özündən kənara çıxaraq yaradılışın möcüzələri, gözəlliyin incəlikləri və başqa insanların varlığı ilə dərin bağlar qurur. İnsan məhz bu bağlar sayəsində həyatın yalnız özündən ibarət olmadığını anlayır, varlığının mənasını daha geniş bir bütövlükdə axtarmağa başlayır. Bəzən insanı həyatın boşluğundan xilas edən də sahib olduğu cavablar deyil, dünyaya, gözəlliyə və başqalarının varlığına duyduğu səmimi heyranlıqdır.

Hikmət çox şey bilməkdən deyil, doğru məqamda heyrət etməyi bacarmaqdan başlayır. İnsan vərdişlərin yuxuya verdiyi gözlərini açıb, varlığın özünün bir möcüzə olduğunu dərk etdikdə, məhz o zaman həqiqi mənada oyanır. Bu, qəflət yuxusundan ayılmaq, gündəlik həyatın adiləşdirdiyi həqiqətləri yenidən kəşf etməkdir.

Əslində, məsələ dünyadakı hər şeyi izah etmək, hər suala cavab tapmaq deyil. Əsas məsələ dünyaya heyrət hissi ilə baxmağı bacarmaqdır. Çünki insan hər şeyi izah etməyə çalışarkən bəzən onun möcüzəsini görməkdən uzaq düşür. Halbuki həqiqi müdriklik hər şeyə bir ad qoymaqda deyil, adiləşmiş olanın içində belə heyrət doğuran mənanı görə bilməkdədir.

Həyat yalnız heyrətlə baxan gözlər, titrəyən qəlblər və heyranlıqla dünyanı seyr edən ruhlar üçün əsl bir nemətə çevrilir. Belə insanlar üçün hər gün yeni bir kəşf, hər an yeni bir məna, hər möcüzə isə varlığın səssiz bir müjdəsidir. Qalanları üçünsə həyat gəlib-keçən zamanın içində itib-batan, başlanğıcı ilə sonu arasında mənasını itirən adi bir səs-küydən başqa bir şey deyildir.

 

Fikrət Əkbərli,

Türkiyə üzrə araşdırmaçı-yazar