adalet.az header logo
  • Bakı -°C
26 Sentyabr 2026 08:07
36
ANALİZ
A- A+

İqtisadi inkişafda yeni mərhələ

Qeyri-neft sektorunun inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi yeni siyasi mərhələdə əsas hədəflərdən biridir. Bu mərhələdə sənaye, kənd təsərrüfatı, energetika ilə yanaşı ağır sənayenin, yəni dağ-mədən və metallurgiya sənayesinin inkişafı mühüm istiqamətlərdən biridir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bu istiqamətdə görülən işlər barəsində konseptual çıxış etdi. Dövlət başçısı Azərbaycanın əsas sərvətinin yalnız yeraltı resurslar deyil, həm də təbiət olduğu vurğuladı: “Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur. Eyni zamanda, mövcud yataqları biz tam təhlil edib müasir geoloji üsullarla oradakı ehtiyatları tam dəqiqləşdirməliyik. Çünki sovet dövründə müəyyən rəqəmlər var idi. Amma o dövrdən təxminən 40 il keçib. Həm məlumatlar köhnəlib, həm də bu gün yeni texnologiyalar var ki, heç o vaxt sovet dövründə bu haqda heç kim fikirləşə də bilməzdi”.

Dövlət başçımısı onu da bildirib ki, bu sahə yüksək maliyyə tutumuna malik olsa da, perspektiv baxımından əhəmiyyətlidir: “Bu proqramın maliyyə təminatı bəllidir, bütün müvafiq qurumlarla razılaşdırılıb və biz bu proqramı istənilən halda icra edəcəyik. Amma eyni zamanda, əgər yerli və xarici investorlar maraq göstərsələr, müəyyən faiz səviyyəsində onların iştirakı da mümkündür. Olsa yaxşıdır, olmasa da yaxşıdır. Onsuz da biz bunu edəcəyik. Amma mən hesab edirəm ki, sahə, düzdür, maliyyətutumludur, ancaq gəlirlidir. Xüsusilə bu gün qiymətli metalların dünya bazarlarındakı qiyməti kifayət qədər yüksəkdir və yəqin ki, aşağı-yuxarı bu səviyyədə belə də qalacaq. Ona görə həm maliyyətutumludur, həm də ki, gəlirlidir. Ona görə yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır. Proqram dərc olunacaq, görüləcək bütün işlər orada sadalanır. Hər kəs tanış ola bilər. Əgər maraq doğursa, onda xarici investorları da biz cəlb edə bilərik. Yekun olaraq bu bizə nə verəcək? Qeyd etdiyim kimi, yeni bir güclü sənaye istiqaməti yaradılacaq. Beş mindən çox, bəlkə də daha çox yeni iş yeri yaradılacaq. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha sürətlə gedəcək. Ölkə büdcəsinə vergilər şəklində böyük vəsait daxil ediləcək, güclü ixrac potensialı yaradılacaq. İndi bunu demək bəlkə də bir qədər tezdir. Amma gözlənilən illik müsbət maliyyə təsiri bir milyard manatdan daha çox olmalıdır. Yəni son rəqəm demək istəmirəm. Amma bunlar milyardlarla manat səviyyəsində ölçülə biləcək layihələrdir”.

Onu da bildirək ki, Dövlət Proqramının 2027–2030-cu illərdə həyata keçirilməsi nəticəsində beş mindən çox daimi iş yerinin yaradılması, ixrac potensialının artırılması və dövlət büdcəsinə əhəmiyyətli həcmdə əlavə gəlirlərin daxil olması gözlənilir. Eyni zamanda Dağ-mədən sənayesinin genişləndirilməsi təbii olaraq ekoloji məsələləri də gündəmə gətirir. Mineral ehtiyatların istismarı ilə təbiətin qorunması arasında balansın təmin edilməsi Dövlət Proqramının mühüm şərtlərindən biridir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı