19 Iyul 2025 12:01
504
ƏDƏBİYYAT

İSMAYIL MƏRCANLI İMANZADƏ  - HACI QARAMAN BABAM

(Müqəddəs ruh sahibi olan Hacı Qaraman babamıza övlad sevgisi ilə)

 

Qəribəm, qəlbimi sızladanda qəm,

Mübarək isminə üz tuturam mən.

Bilənlər bilir ki, türk oğlu, türkəm -

Könül dastanımdır Hacı Qaraman.

Sanmayın dil açan naləm-ahımdır,

Həm şanlı keçmişim, həm sabahımdır.

Məkkəm, Mədinəmdir-qibləgahımdır -

Dinim-imanımdır Hacı Qaraman!

Mərd igidlər məskəni-obam Hacı Qaraman,

Odum, suyum, torpağım-havam Hacı Qaraman.

Görən səsim-avazım gedib sənə çatırmı -

Ocağı yalqız qalan, babam Hacı Qaraman?

Şanlı kitabədir məscidi-damı, ,

Cəddi-kəraməti dirilik şamı.

Ulu ocağında saflaşır hamı -

Səbrim-gümanımdır Hacı Qaraman!

Ruhu Qarabağda sütunum-tağım,

Hüsnünə heyrandır aranım-dağım.

Çələbi yurdunda ulu torpağım -

Elim-ünvanımdır Hacı Qaraman!

Bir də Cəbrayıla düşəndə yönüm,

Torpaqda sünbülə dönəcək dənim.

İsmayıl deyir ki, əzəldın mənim -

Andım-amanımdır Hacı Qaraman,

Sahib-zamanımdır Hacı Qaraman!

30.07.2019

P.S. Bizm Cəbraiyıllıların, o cümlədən Zəngilan, Qubadlı, Füzuli, Laçın, Xankəndi, Beyləqn, İmişli... camaatının da and-aman yeri, cəcdəgahı kimi adı dillər əzbəri olan Hacı Qaraman Babamıza ürəyimin dərin qatlarında dil açan bu şeiri ilk dəfə ünlü müğənni eloğlum İlkin Əhmədova 7 il qabaq bu şeiri şatdırıb xahiş etdim ki şeiri bəyənsə, bizim el şənlıklərində səsləndirsin. Şeir görünür müğənni el oğlumun ürəyinə yatmadı, ya da mənim istəyimi unutdu. Hacı Qaraman baba bu gün ömrünün ən gözəl çağlarına qovuşub. Onu bu görkəmə gətirənlərə Babamızın ruhu yar olsun. İşallah, ömür vəfa versə ziyarətgahı dönə-dönə bağrıma basacaq, bu şeirimim onun müqəddəs məzarı üstə özüm oxuyazağam!

18.072025