Kabusa dönən Rusiya gecələri: İşğalçılığın gətirdiyi faciələr
Xatırlayırsınızsa, ötən ilin noyabrında ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verdi . O da sizə məlumdur ki, ATACMS (Army Tactical Missile System) 165 kilometr uçuş məsafəsinə malikdir və kaset başlığı ilə təchiz edilib. Maksimum 300 kilometrədək hədəfləri vura bilən “yer-yer” tipli bu raketlər Amerikanın “Lockheed Martin” korporasiyası tərəfindən istehsal olunur.
Elə qərardan bir neçə gün sonra Ukrayna Rusiyanın dərinliklərini hədəf aldı. O gündən sonra Rusiyanın gecələri kabus dolu keçir.
Adalet.az xəbər verir ki, ötən gecənin kabusu da rusların yuxusunu qaçırıb. Beləki, Rusiya hava hücumundan müdafiə sistemləri sutka ərzində Ukraynaya məxsus 32 PUA-nı məhv edib.
Rusiya Müdafiə Nazirliyi məlumatına görə, Saratov vilayətində 11, Kursk və Rostov vilayətlərində 4, Belqorod və Bryansk vilayətlərində 3, Krasnodar diyarında 2, Volqoqrad vilayətində 1 və Azov dənizi üzərində isə 4 PUA zərərsizləşdirilib.
Hətta bu hücumların ən dəhşətlisi Rusiyanın Saratov vilayətinin Engels şəhərində yaşandığı artıq Rusiya mediasında yayımlanır, sosial şəbəkələrdə paylaşılır . Saratovda nə baş verib? Deməli, yanvarın 8-i gecə saatlarında kütləvi PUA hücumuna məruz qalan şəhərin neft bazası rayonunda güclü partlayışlar və yanğınlar baş verib.
Rusiyaya məxsus Teleqram kanalları yerli sakinlərdən açıqlamalara əsaslanaraq bildirib ki, ərazidə 40-dan çox partlayış səsi eşidilib.
Ötən gün isə - müharibənin 1049-cu günü Ukrayna Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Məlumatda deyilir ki, Rusiya indiyə qədər 800 010 hərbçi, 9 710 ədəd tank, 20 189 ədəd zirehli döyüş maşını, 21 710 ədəd artilleriya sistemi, 1 260 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1038 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 33 226 ədəd avtomobil texnikası, 21 708 ədəd PUA, 3006 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 681 xüsusi avadanlıq itirib.
P.S. Bəlkə də "yenilməz" Rusiya 2022-ci ili fevralında işğala başlayarkən Ukraynanı 72 saata məhv edəcəyini təşəxxüslə elan edəndə ağlına da gətirməyib ki, nəticə özləri üçün bu qədər acınacaqlı olacaq.
Əntiqə Rəşid