adalet.az header logo
  • Bakı -°C
04 Avqust 2026 10:31
53
ELM VƏ TƏHSİL
A- A+

Lürən məktəbinin məzunu rekord qırıb

Lürən kəndi Masallının  əhalisi   elə  də  çox olmayan orta yaşayış məskənlərdən biridir. Doğrudur, bu məkan elə balaca olmasa da hər halda Ərkivanla, Boradigahda, Alvadıyla, Əurmandalıyla, Qəriblərlə müqayisədə kiçik guşədir. Həm əhalisi, həm də ərazisi. Lakin 2025- 2026 -cı tədris ilində F. Şükürov adına kənd məktəbinin məzunu Rəvan Cəbiyev əməlli - başlı təkcə öz adına deyil, eləcə də bu təhsil ocağının adına əməlli - başlı şan - şöhrət gətirib. Tələbə İmtahan Komissiyasının IV qrupunda imtahan verən Rəvan 670 bal toplayaraq məktəbin şərəfli tarixində rekordçu məzun olmuşdur.Çox təvazökar və utancaq təsir bağışlayan gənc artıq Tibb universitetinin tələbəsidir. Onun öz uğurları barədə fikirləri maraqlıdır:

-Yüksək nəticəmə görə ilk növbədə doğma müəllimlərimə və valideynlərimə minnətdaram. Çünki həmişə yaxşı oxumuşam. Buraxılış imtahanında 273 bal, qəbul sınaqlarında ilk cəhddə 383 bal, ikinci cəhddə isə 397 bal topladım. Beləliklə, ümumilikdə 670 balla qiymətim dəyərləndirildi. Xoşbəxtəm. Axı, mən həmişə fənn olimpiadaların qalibi kimi Masallıda finalçı olmuş, fəxri fərman, diplom almış, birincilik qazanmışam. Bakı şəhərində keçirilən yarışlarda mükafatçı olmuç, kənd məktəbinə ölkə birinciliklərin, qalibi qismində qayıtmışam. Bax, indiki uğurumun kökündə bu amillər durur.

Onu da deyək ki, Rəvan Rəcəbov ziyalı ailəsində yetişmişdir. Atası həkim, anası isə tərbiyəçi pedaqoqdur. Necə deyərlər, bütün ailələri müəllimliklə çörək tapıb. Hər iki balası, nənəsi, əmisi və başqa qohum - əqrəbaları. Əlbəttə, bu ənənəvi kömək təsirsiz ötüşməyib. Rəvan əmisi Tural müəllimi ayrıca qiymətləndirir. Çünki bu peşəkar fizik öz fənninin dərin bilicisidir və qardaşı övladını da vacib dərsindən yaxşı hazırlayıb. Rəvan çətin fizika fənnindən heç vaxt büdrəməyib, həmişə ən yüksək hədəflərə çatmağı bacarıb. Belə bir diqqətin və qayğının sayəsində Rəvan mütəmadi surətdə Lənkəran - Astara Regional Təhsil İdarəsində keçirtdiyi, Zəfər - olimpiadalarının hər il ardıcıl qalibidir.

İndi Masallıda hər kəs vaxtilə görkəmli pedaqoq Əlabbas Talıblının direktorluq etdiyi Lürən kənd məktəbinin rekordçu məzunundan ürəklə danışır, o kişinin ruhuna rəhmət oxuyur. Təhsil müəssisənin inkişafında sonrakı nəslin qabaqcıl nümayəndəsi İltimas Nəzərovun da xidmətləri danılmazdır. İndi meydan Rəvan kimi yeniyetmə gəncindir. Yəqin ki, on illər boyunca yuxusuz gecələr keçirən Rəvan gələcəkdə ən yaxşı həkim kimi el- obasının da sevimlisinə çevriləcək, tanınmış mütəxəssis olacaq. Buna şübhə ola bilməz. Nəticə respublikada yüksək sayılır.
Bizə isə bu sözləri demək qalır: Uğurların bol olsun, rekordçu məzun, Rəvan bala!

Ağacəfər Həsənli