Milli Mətbuatımız 151 İllik İşıqlı Yolda
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də əsasını qoyduğu "Əkinçi" qəzeti sadəcə bir informasiya daşıyıcısı deyil, həm də xalqın özünüdərk, maarifçilik və milli azadlıq məfkurəsinin manifesti idi. Bu gün 151 illik şərəfli və zəngin bir tarixi geridə qoyan Azərbaycan mətbuatı, ölkəmizin ictimai-siyasi və mədəni intibahının ən etibarlı güzgüsü olmaq missiyasını uğurla davam etdirir. Müasir dövrdə informasiya məkanının dinamik inkişafı, jurnalistikadan təkcə operativlik yox, həm də dərin analitik təfəkkür, yüksək bədii zövq və milli dəyərlərə sarsılmaz sadiqlik tələb edir.
Mətbuat sadəcə informasiya ötürücüsü deyil. O, sözün qüdrəti, musiqinin harmoniyası və ədəbiyyatın fəlsəfəsidir. Bir yazıçı kimi sözün cümlədəki çəkisinə, bir musiqişünas kimi cümlələrin daxili nəbzinə və nəhayət, bir jurnalist kimi faktın obyektivliyinə eyni anda bələd olmaq, bu sahəyə daha geniş prizmadan baxmağa imkan verir. Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin və Bəstəkarlar İttifaqının üzvü olan bir qələm adamı kimi tam məsuliyyətlə deyə bilərəm ki, müasir Azərbaycan mətbuatı ən dinamik inkişaf dövrlərindən birini yaşayır. Çünki mətbuat elə bir orkestrdir ki, burada hər bir xəbər düzgün notlar üzərində qurulmalı və ədəbi dilin ən saf forması ilə cəmiyyətə təqdim olunmalıdır.
Keçən bu dövr ərzində Azərbaycan mətbuatı zəngin və şərəfli inkişaf yolu keçmiş, ictimai fikrin formalaşmasında, milli şüurun oyanmasında əvəzsiz rol oynamışdır. Mətbuat, öz mahiyyəti etibarilə, cəmiyyətin intellektual potensialını birləşdirən bir platformadır. Təsadüfi deyil ki, tariximizin ən parlaq dövrlərində mətbuat fəaliyyəti hər zaman ədəbiyyatla və incəsənətlə paralel inkişaf etmiş, bir-birini qidalandırmışdır. Bu kontekstdə, milli mədəniyyətimizin və ictimai fikrimizin üç əsas sütunu - Yazıçılar Birliyi, Jurnalistlər Birliyi və Bəstəkarlar İttifaqı mahiyyət etibarilə eyni ali məqsədə: xalqın mənəvi ucalığına və milli dəyərlərin qorunmasına xidmət edir.
Jurnalistika həm də bədii təfəkkürün, publisist qələmin gücündən bəhrələnir. Sözün obrazlılığı və intellektual çəkisi publisistikanı sadəcə xəbər olmaqdan çıxarıb tarixin yaddaş salnaməsinə çevirir. Lakin bu vəhdət yalnız sözlə bitmir. İctimai fikrin formalaşmasında və mənəviyyatın zənginləşməsində musiqinin rolu əvəzsizdir. Bəstəkarlar İttifaqının yaradıcı mühiti insana zamanın və məkanın fövqündə duran bir harmoniya duyğusu aşılayır. Musiqi -sözün bitdiyi yerdə başlayan ən ali dildir. Üzeyir bəy Hacıbəyli fenomeni bu sintezin ən parlaq tarixi nümunəsidir. O, həm dahi bəstəkar, musiqi mədəniyyətimizin banisi, həm qüdrətli dramaturq-yazıçı, həm də dövrünün ən kəsərli publisisti, mətbuat xadimi idi. Üzeyir bəy məktəbinin ənənələri bu gün də yaşayır və sübut edir ki, mədəniyyət və mətbuat bir-birindən ayrıla bilməyən vahid bir orqanizmdir.
Bu gün müstəqil Azərbaycan mətbuatı həm də ölkəmizin beynəlxalq müstəvidə mədəni diplomatiyasının, multikultural dəyərlərinin və haqq səsini dünyaya çatdıran ən kəsərli silahdır. Professional mətbuat fəaliyyəti təkcə gündəlik xəbər istehsalı deyil, həm də xalqımızın zəngin mədəni irsini, musiqi və ədəbiyyat tarixini beynəlxalq arenada layiqincə təbliğ etmək missiyasıdır.
Bu inkişafın və intibahın arxasında isə heç şübhəsiz ki, güclü dövlət iradəsi və davamlı dəstək dayanır. Bu dəstək mətbuatımızın müstəqil, qərəzsiz və beynəlxalq standartlara cavab verən bir təsisat kimi formalaşmasını sürətləndirir.
Mətbuat Günü, sadəcə bir peşə bayramı deyil, eyni zamanda milli təfəkkürün, və yaradıcı ruhun zəfəridir. Fərqli yaradıcılıq ittifaqlarının prinsiplərini bir amala xidmət etdirmək -dövlətçiliyimizin, milli mədəniyyətimizin və mənəvi intibahımızın sabahına atılan mühüm addımıdır.
151 illik ulu bir çinarın kölgəsində böyümək və onun işıqlı yolunun son 18 ilinə qələmlə şahidlik etmək... Hələ 15 yaşımda heyranlıqla başladığım bu dövri mətbuat səyahəti, bu gün 33 yaşımda mənim üçün artıq bir həyat tərzinə, ömrün yarıdan çoxunu əhatə edən kəsintisiz bir xidmət missiyasına çevrilmişdir. Bu işıqlı yolda eyni inam və sadiqliklə addımlamaq peşəkar qürurumdur. Bu keçən illər ərzində qələmimin toxunduğu hər sətir, milli mətbuatımızın işıqlı ənənələrinə sadiqliyin və bu böyük irsə kiçik də olsa bir töhfə vermək amalının ifadəsidir.
Bu işıqlı yol sadəcə keçmişin ayaq izləri deyil; o, zamanın özünü belə addım-addım dirildən elə bir canlı ruhdur ki, tarixin ən dərin sükutu belə bu gün toxunduğumuz hər sətirdə yenidən nəfəs almağa başlayır. Unutmaq olmaz ki, zamanın heç bir tufanı bu yoldan keçən sözün gücünü silə bilmədi; çünki bu sətirlər sadəcə anı qeyd etmir, gələcəyin yaddaşına elə köçürülür ki, qoyulan hər son nöqtə bir sonluq deyil, əbədiyyətin ilk sədasına çevrilir.
Media nümayəndələrinə göstərilən dövlət qayğısına görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz təşəkkürümü ifadə edirəm. Ölkəmizin tərəqqisinə xidmət edən YAP-ın gənc üzvlərindən biri kimi milli dəyərlərimizin qorunması yolunda bundan sonra da əzmlə çalışacağam. Milli Mətbuat Günümüz mübarək olsun!
Aysel KƏRİM
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi
Digər Xəbərlər
21 Iyul 2026 13:23
Aytəkin Səfərəliyevanın şeiri
21 Iyul 2026 10:50
HACAĞA ƏMİOĞLU - Qəşəm İsabəyli yazır
21 Iyul 2026 09:39
Əbülfət Mədətoğlu: TƏBRİK MƏKTUBU
20 Iyul 2026 20:19
CƏNNƏTDƏKİ MÖVLUDUN MÜBARƏK LAÇINLI FƏRİD
20 Iyul 2026 15:27
Aqil Abbasın bədii simfoniyası: "Rəmiş" - Murad KÖHNƏQALA yazır
20 Iyul 2026 14:30
“Azərsun Holdinq”in dəstəyi ilə “Mediada Azərbaycan dili” kitabı nəşr olundu
20 Iyul 2026 13:05
Xalq şairinin son durumu…
20 Iyul 2026 11:22


Bakı -°C

