“Müharibə namus, torpaq müharibəsiydi hər birimiz şəhid ola bilərdik...”-Babək Aslanov

Bu ad və soy ad özlüyündə çox şeyi özündə əks elətdirir. Babək Aslanovu hələ universitetdə oxuduğum illərdən tanıyırdım. Onun qardaşı Vuqar Aslanovla universitetdə ayrı-ayrı fakültələrdə oxuyurduq. Bizim münasibətlər yaxın idi. Çox aktiv, təmiz, mərd, təəssübkeş, vətənpərvər olması bizi biraz da yaxınlaşdırmışdı. Babək heç vaxt dilindən düşmürdü. Qardaşıdır deyə yox, onun qəhrəmanlığından, döyüş yolundan danışırdı. Bir dəfə təsadüfən Babək Aslanovu universitetdə gördüm. Biz görüşdük. O, hərbi geyimdə idi. Bunu ona görə yzıram ki, elə ilk tanışlığımızda gördüm ki, adam özündə Azərbaycan boyda vətəni gəzdirir. Üzündən millilik, vətənpərvərlik, qayğıkeşlik yağır. İstərdim ki, qəhrəmanımızı tanıyaq.
Babək Aslanov 8 mart 1974-cü ildə Laçın şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981–1991-ci illərdə Laçın şəhər 1 nömrəli orta məktəbində oxumuş, Bakı Sosial idarəetmə və Politologiya İnstitutunu və Azərbaycan Müəllimlər İnstitutunu politoloq və praktik psixoloq ixtisasları üzrə bitirmişdir.
2001-ci ildən Laçın Rayon 6 saylı tam orta məktəbində psixoloq vəzifəsinə təyin olunmuşdur.
23 may 2013-cü ildən 26 iyul 2013-cü ilədək Laçın rayonu İcra Hakimiyyəti aparatının İctimai-Siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyib. 26 iyul 2013-cü ildən 20 dekabr 2013-cü ilədək Laçın rayonu İcra Hakimiyyəti başçısının müavini, İctimai-Siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 20 dekabr 2013-cü ildən 1 mart 2015-ci ilədək Laçın rayon İcra Hakimiyyəti başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyib. 1 mart 2015-ci ildən Laçın rayonu İcra Hakimiyyəti Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 25 yanvar 2018-ci ildə öz ərizəsi ilə həmin işdən azad olunub.
2001-ci ildə yeni yaradılmış Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri (QMƏVŞA) ictimai birliyinin Laçın rayon şöbəsinin idarə heyətinə üzv seçilib və sədr müavini təyin olunub. 2013-cü ilin fevral ayında QMƏVŞA ictimai biliyinin Laçın rayon şöbəsinin konfransında idarə heyətinə üzv və şöbə sədri seçilib. Hal-hazırda Azərbaycan QMƏVŞA ictimai birliyinin Laçın filialının sədridir.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyətinin üzvüdür, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində İctimai Şuranın üzvüdür.
Birinci və ikinci Qarabağ müharibəsində keçdiyi döyüş yolu
Xatırladaq ki, Babək Aslanov vətənin dar günündə silah sarılıb vətənin müdafiəsinə yollanır. Bir neçə dəfə könüllü olaraq orduya yazılıb döyüşlərdə iştirak eləməyə cəhd edir. Ancaq bu baş tutmur. Nəhayət 1991-ci ilin noyabr ayında Laçın rayonunda yerləşən 811-nömrəli hərbi hissəyə xidmətə gedir. Həmin dövrdə Laçın, Kəlbəcər və Cəbrayıl rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Düşmənin canlı qüvvəsinin məhv olunmasında iştirak edir. 1993-cü ildə hərbi hissə ləğv olunduqdan sonra Laçın rayon Polis şöbəsində işə qəbul olunmuş və Qarabağ uğrunda gedən döyşlərdə polis nəfəri kimi iştirak etmişdir. 1994-cü il 21 aprel tarixdə Füzuli rayonunun Horadiz kəndi uğrunda gedən döyüşlərdə yaralanmışdır.
Babək Aslanov heç vaxt vətənin işğalı ilə barışa bilmirdi.
Bu baxımdan Laçın rayonundan olan Birinci Qarabağ müharibəsinin veteranları 2016-cı ilin Aprel döyüşlərində vətənin müdafiəsi üçün MN-müraciət edərək vətənin müdafiəsinə qalxmlşdılar. Hətta 67 nəfər qazi 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşlərindən dərhal sonra Səfərbərlik Xidmətinə müraciət edərək düşmənin təxribat cəhdlərinə layiqli cavab vermək üçün ön cənbhəyə yollanmnaq arzularını ifadə etmişdilər.
Döyüşmək, vətəni işğalçılardan azad etmək arzusu ilə yaşayan bu qazilər nəhayət 27 sentyabrda Vətən Müharibəsi başlayan kimi yenidən müraciət edirlər. MN-yi də Qazilərin müraciətinə müsbət yanaşaraq onların da bu döyüşə qatılmasına qərar verdi. 30 nəfər Qazi-döyüşçü şiddətlə gedən döyüş əraizisini yaxşı tanıdıqları və xüsusi əməliyyatlarda iştirak etdiklərinə görə döyüşə cəlb olundu. 2020-ci ilin sentyabr ayının 27-də düşmənin cəbhədə törətdiyi təxribata cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi və torpaqlarımızın işığaldan azad olunması və şanlı qələbəmizlə nəticələnən Vətən müharibəsində iştirak etmək şərəfi onların istəklərini gerçəkləşdirdi. Onlar Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə şücaət göstərdilər, düşmənin canlı qüvvəsinin və ağır texnikasının məhv edilməsində iştirak etdilər. Verdikləri kəşfiyyat məlumatları əsasında Ordumuz düşmənin ən qaynar və vacib strateji məntəqələrini darmadağın edərək böyük qələbəyə nail olundu. Vətənə şərəfli xidmətlərinə görə, 30 nəfər qəhrəman döyüşçü Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olundular.
Təəssübkeş, alovlu vətənpərvər kimi tanınan Babək Aslanovla bağlı bir xatirəni döyüşçü dostlar yaxşı xatırlayırlar: General ondan soruşur ki, “siz əvvəlki müharibələrdə döyüşmüsünüz, qazi olmusunuz, yaxşı işiniz var, bəs indi nədən ötrü döyüşə gedirsiniz?”
O, başını dik tutaraq cavab verir: “Mən indi müqəddəs torpaqlarımız uğrunda şəhid olmaq arzusu ilə gedirəm”.
Babək Aslanovun həyatını və fəaliyyətini yəni 33 ili bir səhifəyə yığmaq çətindir. Onun hər addımı, hər kəlməsi vətən eşqi ilə doludur.
Bu gün onun döğum günüdür, Allahdan sağlam can və bərəkətli ömür arzulayıram.
Subut Mehdiyev