Müharibə yaşı, yaxud 23 aprel sonrası... - Pərvanə Bayramqızı yazır
“Müharibənin yaşı yoxdu” desəniz, razılaşmayacam. Tarixçi olmayan Əli Kərim müharibənin yaşını dəqiq göstərib: “Yarıçılpaq qədim insan düşməninə bir daş atdı...” Müharibənin təvəllüdü bax burdan hesablanır.
Müharibənin növlləri var: siyasi, iqtisadi, ideoloji, psixoloji və s. “Soyuq müharibə”, “qızğn döyüşlər” kimi ifadələr də eşitmişik. Bir dəhşətli müharibə də qardaş, vətəndaş müharibəsidir. Bundan da Qulu Ağsəs yazıb:
"Bütün insanlar qardaşdır və lakin..." Savaş - qardaşın başqa adıdı.
Dünyada ilk qırğını iki qardaş törədib: Habillə Qabil.
Şairlər belədirlər, qanlı müharibələrə də sözün gözü ilə baxırlar. (Nisbətən cavan vaxtlarımda bunu bir az poetik – şairlər hər şeyi söz kimi görür şəklində yazmışdım.)
Pərvanə Bayramqızı da deyir ki, zərərsiz müharibə də var, bu, insanın ömrü boyu özü ilə çək-çevri, maddi dünya ilə mənəvi dünya arasında qalmağıdır. Başladandan başqa kimsənin zərər görmədiyi müharibələr ömür boyu davam edir. Ömür bitəndə o da dayanır. Bu “zəfəri” də qutlayırlar, amma necə? Yazmaq çətin olsa da yazacam – bu zəfər ehsan verməklə qutlanır.
Savaşda keçən ömürlər var... hərənin öz müharibəsi olur. Bəzən müharibə qaçılmazdır. Hər ömrə bir erməni “göndərilir”. Onlar da başqalarına məxsus həyatı işğal edirlər.
Qırx dörd illik ömrümə “müharibə” dedim. “Tədqiqat obyekti” kimi maraqlı olsa da yazıb maraqsızlaşdırmayacam. Qırx dörd artıq rəqəm anlayışı ilə yanaşı, söz yükü də daşımağa başlayıb. İndi o, müxtəlif mənalarda fərqli məqsədlərlə işlədilir. Qırx dörd otuzdan böyük olsa da o qədər sadədir ki, yurdunu, ömürlərini itirənlərin xətrinə kiçilib göz qırpımına döndü. Otuzun itirdiyi xoşbəxtliyi bir anda özünə qaytardı.
İndi müharibə yaşındayam, dəyişmişəm, “qan-qan” deyirəm. İndiyədək itirdiklərimə sahib çıxmaq məqsədindəyəm. Elə məqamlar var ki, sülhə əməl edəndə uduzursan. Zəfər müharibəmizlə sürdüyüm ömür eyni rəqəmi göstərir – qırx dörd. Özümü 44-ün təkcə dörd lində qalib görmüşəm, amma bundan sonra qalibiyyətimin qırx yaşını qeyd edəcəyim gün üçün çalışacam.
Və yenə Qulu Ağsəsdən: “44 qələbə rəmzidi, qayıdış, vüsaldı, həm də qoşa dördün cəmi 8, 8-in uzanılısı sonsuzluqdu. Sonsuz sevgilər, yaradıcılıq uğurları, sağlam ömür, bir də bolluca kitab. Deyəsən, 4 oldu. Ardı gələn yaşda”.


Bakı -°C

