adalet.az header logo
  • Bakı -°C
20 Oktyabr 2026 09:00
77
ƏDƏBİYYAT
A- A+

Nəriman Həsənzadənin əbədi təkliyi

Mən niyəsə Nəriman Həsənzadəni həmişə bu şəkildə xatırlayacağam: çiyninə atdığı pencəklə makinada yazan şair. İllər əvvəl şair əməliyyatdan təzəcə çıxanda onun belə bir videosu yayılmışdı. Videoda Nəriman Həsənzadə çiyninə pencək atıb makinada yazırdı. Bu məni xeyli təəccübləndirmişdi. Axı Nəriman müəllim, necə deyərlər, ölümdən qayıtmışdı. Təzəcə bıçaq altdan çıxmışdı. Necə olurdu ki, o vəziyyətdə belə yazmaqdan əlini üzmürdü? Niyə yazmağa tələsirdi? Onsuz da, Nəriman Həsənzadə heç nə yazmasa belə çoxlu şeirləri ilə ədəbiyyat tarixində qalmışdı. Cavabı onun ölümündən sonra tapdım: Nəriman Həsənzadənin yazmaqdan, makinadan başqa heç nəyi qalmamışdı. 

Onsuz da, şairlər tənha olurlar. Bu həqiqət hamıya məlumdur. Ancaq Nəriman Həsənzadə, həqiqətən də, tək-tənha qalmışdı. Ona bir-birindən gözəl şeirlər yazdıran Sara xanım yox idi həyatda. Sara xanım dillər əzbəri olan şeirlərin yaranmağında birbaşa səbəbkar olmuşdu. İllər sonra müsahibələrinin birində şair xanımını xatırlayaraq demişdi: “Şeirlərimin əksəriyyəti Saraya yazılıb. Onu heç vaxt unutmamışam. O, mənim uşaqlıq yoldaşım idi, biz bir yerdə böyümüşdük”.   

İndi isə o qadın yox idi. Bəlkə də, mənim üçün belədir. Nəriman Həsənzadənin yaddaşında o qadın həmişə diri qalmışdı. Onun cavan yaddaşında. Gəlin Nəriman müəllimin dilindən Sara xanımın təsvirinə baxaq: “Həyat yoldaşından əziz nə var? Qadın yoxdursa, həyat yoxdur. Mən özümdən götürürəm. Mənim həyatım yoxdur. Nə yaxşı o, bir qız, bir oğul bağışladı mənə. Yoxsa neynəyərdim? Kişi qadından yetim qalır. Qadın varsa, daxmada da xoşbəxt ola bilərsən. Qadın kişinin yanında gedirsə, taleyi gedir yanında, xəbəri yoxdur. Sara həssas idi, duyurdu məni. Bir dəfə çox işlədiyimi görüb dedi ki, mühəndisə zada ərə getsəydim, yaxşı yaşayardım. Sonra da tez dedi ki, yox, mən sənsiz ölərdim”.

Nəriman Həsənzadə təkcə öz həyat yoldaşı tərəfdən yox, ata tərəfdən də yetim qalmışdı. Yəni sözün həqiqi mənasında bu dünyaya da tənha gəlmişdi. Anası da onu tez zamanda qoyub getmişdi. Qəribə bir məqamı da deyim, agah olun: sən demə, Nəriman Həsənzadənin şair olmağı da əvvəlcə onun anasına yuxuda əyan olubmuş. Balaca Nərimanın kəndində çoban Əfqan var imiş. Çoban Əfqan həm də şeir yazıb-pozurmuş. Bir gün Nərimanın anası gəlib deyir ki, bəs yuxuda Çoban Əfqanı görmüşəm. Əfqan yuxuda deyibmiş: “Sənin oğlun şairdi, denən, mənə bir şeir yazsın”. Anası deyir: “Ay Əfqan, mənim oğlum şair deyil”. O söhbətdən xeyli sonra Nəriman Həsənzadə ilk şeirini anasına oxuyur. Anası hönkür-hönkür ağlayır. Deyir ki, Allah mənə ölüm versin, gədəyə vergi verilib. Şair olmaq anası üçün dünyanın ən dəhşətli peşəsi imiş. Ana üçün şairin yolu həbslərdən, sürgünlərdən, dava-dalaşdan, əzablı taledən keçirmiş. Əlbəttə, oğlunun belə bir taleyə qismət olmağını da istəməyib. O, ətəyinə daş töküb oğluna dua yazdırıbmış ki, şair olmasın. Amma nə yaxşı bu dua tutmayıb. 

Nəriman Həsənzadənin atası fəhlə olsa da, anası ağa qızı olmuşdu. İyirminci illərdə anasının əmilərini güllələyiblər, qardaşları da didərgin düşüb. Hekayənin arxasını şair özü belə danışır: “Anam tək qalmasın deyə bir mamoğlu onu atama götürüb qaçıb. O vaxt anamın iyirmi üç yaşı olub, atamın da altmışdan çox. Atam rəhmətə gedəndən sonra məni tək böyüdüb. Sonra Gəncəyə bacımın yanına getdim. O bacım olmasaydı, ali təhsil ala bilməzdim. Məni yanına gətirdi, oxutdu. Yoldaşının kostyumunu çevirib mənə tikdirirdi”. 

Nəriman Həsənzadə üçün bu bacı ögey deyildi. Ümumiyyətlə, şair hesab edirdi ki, ögey kəlməsi düzgün deyil. Axı ögey deyib niyə kiminsə qəlbinə dəyirlər? Üstəlik, ögey bacısı onun üstündə elə əsirmiş ki, doğrudan da, belə bir bacıya ögey demək onun qəlbinə toxuna bilərdi. “Bacımgilə təzə gəldiyim vaxtlar idi. Bacım mənə iki kotlet qoyurdu, birini yeyirdim, o birini yeməyə utanırdım ki, guya doydum. Gedib parkda xəlvət qutab alırdım. Kənd uşağı çox yeyən olur axı. Bir dəfə bacım xəbər tutub ağlaya-ağlaya gəlmişdi ki, qardaş, qurban olum sənə, burda niyə yeyirsən? O belə bacı idi...”   

Anasını itirdiyi gün Nəriman Həsənzadə əsgərlikdə olub. Dəfnə getmək üçün icazə istəsə də, komandir daş atıb başını tutub. Axı ananın dəfninə getməmək nə deməkdi? Nərimanın başqa kimi var idi ki? Ona bu günə kimi yiyəlik eləyən, başına sığal çəkən kim olmuşdu? İndi necə o ananı soyuq torpaq altına tapşıra bilməsin? Əlbəttə, bu fikirlər Nəriman Həsənzadəni özündən çıxardır, o, avtomatı komandirə tuşlayır və hərbi hissədən qaçır. Özü həmin hadisəni belə danışır: “Anamın ölüm xəbərini alanda silah anbarında xidmətdə idim. Teleqram gəldi ki, anam rəhmətə gedib. Hövlnak formada gedib xidmət rəisinə məruzə etdim. Dedim ki, icazə verin, gedim onu dəfn edim, mənim anamdan başqa kimsəm yoxdur. Mənə cavab verdi ki, teleqrama hərbi komissar imza çəkməlidir. Hərbi komissar da Qazaxda. Yəni mümkün deyildi. Mən duruxub qaldım. Bunu görən kimi qışqırdı ki, əmr edirəm, qayıt xidmət yerinə. Sarsılmış adam idim, bu qışqırtı məni daha da alovlandırdı, avtomatı çıxarıb çəkdim üstünə. Əllərini qaldırdı, dedi, icazə verirəm, çıx, get. Bayıra çıxanda məni mühasirəyə aldılar. Silahı yerə atmağımı istədilər. Atmadım. Elə oradan qaçıb gəldim. Qohumumuz var idi, avtomatı qoydum onların evinə. Hərbi formada getdim anamın dəfninə. Ağlaya-ağlaya getdim, ağlaya-ağlaya da qayıtdım”.

Anasının dəfnindən sonra isə onu fikir götürür. Çünki şairi fərari kimi ağır cəza gözləyirdi. Təxminən 6 il həbs verilə, üstəlik, yerdə qalan 3 illik hərbi xidməti də çəkməli ola bilərdi. 

Bir gün hərbi hissədə şairlərin görüşü təşkil olunur. Nigar Rəfibəyli, Rəsul Rza, Nəbi Xəzri, başqa rus şairləri görüşdə iştirak edirlər. Nigar Rəfibəyli gənc Nərimanı tanıyırdı. Onlar Gəncədə bir tədbirdə tanış olmuşdular. Nigar xanım Nərimandan xahiş edir ki, şeir oxusun. Nəriman başını bulayır. Xanım şair səbəbini soruşanda, Nəriman Həsənzadəni ağlamaq tutur. Məsələdən hali olan Nigar xanım Rəsul Rza ilə birlikdə komandirin otağına yollanırlar: “O zaman Yazıçılar İttifaqına yenicə üzv olmuşdum. Nigar xanımın israrından, xahişindən sonra komandir məni bağışladı”.

Döyüldüm dəmir kimi,
döyüşdə gərək oldum.
Yoğruldum xəmir kimi,
gördülər, çörək oldum.
Əkildim torpaq kimi,
göyərdim, çiçək oldum.
O qədər dandılar ki,
axırda gerçək oldum.

Bir yaşında atasını, iyirmi üç yaşında anasını itirdi və tək qaldı. Bu təklik onu şairə çevirdi. Hər ağrı, hər itki onun bir şeirinə çevrildi. Anasının qorxduğu başına gəldi. Dua da yazdırsa, xeyri olmadı. Doğrudan da, Nəriman Həsənzadə şair oldu. Bəziləri şeirlər yazır, özünü oda-közə vurur, şair olmaq üçün hər yola əl atır, ancaq şair ola bilmirlər. Nəriman Həsənzadə isə əsl şair idi. 

Yenə Nəriman Həsənzadənin həmin portreti gəlib gözümün qabağında dayanır: çiyninə atdığı pencəklə makinada yazan şair. O, əməliyyatdan yenicə qayıtsa da, yazırdı. Əgər yaradıcı insansansa, ürəyində sözə çevirəcək xeyli ağrı daşıyırsan. Nəriman Həsənzadə bilirdi ki, heç bir həkim əməliyyatda ürəyindəki ağrıları, sözə çevrilməli olan ağrıları çıxardıb ata bilməz. Bu ağrıların bircə əməliyyatı var idi – yazmaq. Nəriman Həsənzadə, bəlkə də, həmin gün ömrünün son vərəqini yazıb nöqtə qoyurdu...  

Sübhan Mahmudlu